"Neftçi" - "Qarabağ" matçı çox gərgin alınacaq. "Neftçi"nin bir üstünlüyü var ki, rəqibini evdə qəbul edir. Amma ölkə kubokunda "Sabah"la heç-heçə oynaması, "Neftçi" futbolçularını psixoloji tərəfdən çətin duruma saldı. Bu məqamda məşqçilərdən çox şey asılıdır. Ki, psixoloji tərəfdən futbolçuları oyuna necə hazırlayacaqlar. "Qarabağ" isə ölkə kubokunda qələbə qazanıb deyə, psixoloji cəhətdən üstün durumdadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Elmir Xankişiyev deyib.
Uzun illər Ağdam klubunda oynamış Xankişiyev "Neftçi"də də məşqçi kimi çalışıb. O, Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" oyunundan gözləntilərindən söz açıb: "Hər 2 komanda üçün vacib və çempionluq yarışında bir addım önə çıxacağı oyundu. "Neftçi" qalib gələrsə, psixoloji cəhətdən yaxşı duruma gəlib, çempionluq şansını bir az da yüksəldəcək. "Qarabağ" qalib gəlsə, "Neftçi"dən bir az da uzaqlaşacaq".
O, "Qarabağ"ın hazırki durumu və yeni transferləri haqda isə belə danışıb: "Qarabağ"ın ölkə kubokundakı "Keşlə" ilə oyununa baxdım. Doğrudu, "Qarabağ" qalib gəldi, ancaq görünür ki, komanda hələ pik formasına çatmayıb, xətlər arası əlaqə ideal səviyyədə deyil. Bu da başadüşüləndi, təlim-məşq toplanışından sonra ilk oyunlar həmişə belə olur. Lakin oyundan-oyuna komanda formaya düşəcək. Yaxşı olardı ki, “Marsel”ə qədər "Qarabağ" daha çox oynasın. Ki, komanda tam formaya düşə bilsin.
Yeni transferlər haqda bir oyunla nəticə çıxarmaq doğru olmaz. Yeni gələnlər həm komandaya, həm də Azərbaycana adaptasiya olmalıdı. Oyunlar keçdikcə onlara qiymət vermək olar. İndi onlara qiymət vermək çox tezdi".
"Qarabağ"ın "Marsel"lə oyuna qədər vaxtı azdı, heyf ki, həmin matça qədər oyun sayı da çox deyil. Məncə, həmin oyuna kimi "Qarabağ" pik formasına çatmayacaq. Amma bu, avrokuboklar oyunudu. Bu mənada, "Qarabağ"lı futbolçuların əllərindən gələni edəcəyinə, Azərbaycanı yaxşı təmsil edib, uğurlu nəticə qazanmaq istəyəcəyinə şübhəm yoxdu" - deyə, Elmir Xankişiyev fikirlərini yekunlaşdırıb.