Çexiyanın "Viktoriya Jijkov" klubunda oynayan Fərid Nəbiyev Sportal.az saytına müsahibə verib.
- Yoxlama oyunlarında qollarını vurursan. Toplanış necə gedir?
- Toplanışımız yaxşı gedir. İkinci dövrənin başlamasına hələ 1 ay vaxt var. Düşünürəm ki, bundan da hazır vəziyyətdə olacağıq. İlk oyunumuza kimi daha da yaxşı duruma gələ bilərik.
- Vurduğun qollar özünəinamın yüksək səviyyədə olmasının və çempionatın 2-ci yarısına tam hazır olduğunun göstəricisidi?
- Qol vurmaq həmişə futbolçunun özünəinamını artırır. Mən də çalışıram ki, hər oyun yaxşı oyun oynayım və qollarımı vurum. Allah qoysa, davamlı olar.
- Çempionatın ikinci yarısının ilk oyunu səfərdə “Pribram”a qarşıdı. Amma həmin oyuna bir aydan az vaxt qalıb. Qollarının davamını liqa oyunlarında da gətirə biləcəksən?
- Əlbəttə ki, belə davam etsəm hər şey yaxşı olacaq. Məşqlərimi edib, komandama kömək etməyə çalışıram.
- 1-ci divizionda komanda hazırda sonuncu pillədədi. Bu pillədən qurtula biləcəksiz?
- Əlbəttə ki, futbolda hər şey mümkündü. Bu durumdan da çıxacağıq. Bunun üçün yaxşı hazırlaşırıq.
- Qış “transfer pəncərəsi” zamanı nəyə görə komandanı dəyişmədin? Son pillədə qərarlaşan komandadan daha yaxşı yerə getmək mümkün deyildi?
-Menecerimlə oturduq, ətraflı danışdıq. Məsləhət oldu ki, “Viktoriya Jijkov”da qalım. Zamanla istədiyim yerdə olacam.
- Azərbaycan millisindən necə, dəvət gözləyirsən? Səncə, Çexiya 1-ci liqasından millinin qarşıdakı toplanışlarına dəvət olunmaq realdı?
- Mümkünsüz heç nə yoxdu. Sadəcə, mənim hazırlığımın yüksək səviyyədə olması vacibdi. Mən özüm də Azərbaycan millisinə layiq olmalıyam. Allah qoysa, bir gün mən də əsas millinin formasını geyinəcəm.