Yayda Yunanıstan 1-ci liqasında yarışan "Pierikos"a keçən, amma orada debüt etmədən geri qayıdan Tural Bayramov "Səbail"ə keçə bilər. Sportal.az saytına müsahibə verən futbolçu paytaxt komandasına keçidinin baş tutmamasının səbəblərini də açıqlayıb.
- Bir neçə gündür ki, “Səbail”ə keçə biləcəyin deyilir. Keçidin sənəd problemlərinə görə alınmır? Klubun özü ilə razılıq əldə etmisiz?
- Bəli, sənəd problemlərimin olduğu məlumatı doğrudu. Mən də sənədlərimin tez bir zamanda düzəlməyini istəyirəm. Ümidvaram ki, tez bir zamanda razılıq əldə olunacaq.
- "Pierikos"la danışırsan? Onlar sənədlərini vermək istəmir? Son danışıqlar nə yerdədi?
- "Pierikos"la mən yox, menecerim danışır. Tez bir zamanda mənə məsələ haqda xəbər verəcəklər. İnanıram ki, hər şey yaxşı olacaq.
- Sənəd məsələləri qaydasına düşərsə, yəqin ki, mövsüm sonuna qədər "Səbail"də oynayacaqsan, yoxsa başqa təkliflərin var?
- "Səbail" yaxşı komandadı. Aftandil Hacıyevi də tanıyıram. Mənə elə "Səbail"də oynamaq məsləhət görüldü. Sənəd məsələləri qaydasına qoyulduqdan sonra, bəli, "Səbail"də oynayacam.
- Bəs, yayda yenidən ölkə xaricinə yollanmağın mümkündü, yoxsa "Pierikos" məsələsindən sonra daha legioner həyatı yaşamaq niyyətində deyilsən?
- Əlbəttə ki, mümkündü. Yunanıstanın Superliqa təmsilçisi mənimlə maraqlanır. Azərbaycanda mövsüm sonuna qədər oynadıqdan sonra yenidən ölkə xaricinə yollanmağım mümkündü.
- Hansı komandadı səninlə maraqlanan?
- Adını çəkməyim doğru olmazdı. Sadəcə Yunanıstanın əsas liqasında mübarizə apardığını deyə bilərəm. Əgər işlər qaydasında getsə, ora yollanmağım məsləhət görülsə, yenidən Yunanıstana uçacam. Amma indi sənəd məsələlərini yoluna qoyaraq, çempionatımızda oynamağa köklənmişəm.