"Ölkə kubokunda "Zirə"yə məğlubiyyət gözlənilməz oldu. Nə etmək olar, futboldu. Komandaları müqayisə edəndə həm futbolçular, həm də maddi cəhətdən fərq görünür. Qarşıda cavab oyunu var. Real danışsaq, şansımız çox azdı. Amma çıxıb futbolumuzu oynayacağıq. Ancaq ondan əvvəl bizim çempionat oyunumuz var. "Sumqayıt"la görüşdə də meydana uğurlu nəticə üçün çıxacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Əfran İsmayılov deyib.
"Səbail"in futbolçusu Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçiriləcək matç haqda danışıb. Bununla yanaşı Azərbaycan milli komandasının şərəfini qorumuş İsmayılov Mahir Emrelinin “Dinamo”ya keçidini şərh edib. Onun fikirlərinə görə, yığmamızın hücumçusu ən yaxşı kluba keçib:
"Mahirin "Dinamo"ya transferi sevindiricidi. O, çox yaxşı kluba keçib. Xorvatiyanın lideri və ən tanınmış kluba keçib. "Dinamo" liderdi, qələbələrini sıralayır. Bu da Mahir üçün üstünlükdü. Mənim özümə də vaxtilə ölkə xaricindən yaxşı təkliflər olmuşdu. Sadəcə keçmişdə qalıb, bu haqda danışmaq istəmirəm. Mahirə uğurlar arzulayıram. Onun "Legiya"da başına gələnlərə gəldikdə, səhv klubundu. Necə ola bilər ki, fanat gəlib avtobusa girsin və futbolçunu vursun? Gözlənilməz hadisə idi. Mahirin haqqı var idi və bundan da yararlandı. Mahirin uğuru Azərbaycanın uğurudu".