"Renova"da yaxşı oynasam, niyə də Azərbaycan millisinə dəvət edilməyim?" - MÜSAHİBƏ

17:53 - 9 Fevral 2022

Qış “transfer pəncərəsi” zamanı Azərbaycandan ölkə xaricinə yollanan futbolçulardan biri Nazim Məmmədzadə oldu. “Neftçi”nin əvəzedici heyətində çıxış etmiş yarımmüdafiəçi Şimali Makedoniyanın “Renova” klubuna keçdi. Sportal.az saytına müsahibə verən futbolçu “Renova”ya keçidindən və yeni klubundakı məqsədlərindən söz açıb.

- “Renova”ya keçidin necə baş tutdu? 
- Öncə Şimali Makedoniyanın digər komandası “Boreç”ə baxışa yollanmışdım. Daha sonra “Renova”dan təklif gəldi. Mən də bu klubda oynamağa razılıq verdim və müqavilə imzaladım.

- Qarşıdakı mövsümə də "Renova"da başlayacaqsan?
- Müqaviləm 2 illikdi. Bu müddət ərzində komanda üçün oynayacam.

- “Renova” sənin üçün necə tramplin rolunu oynaya bilər?
- Əlbəttə ki, “Neftçi”də əsas komandaya yüksəlmək çətin idi. Amma buradan başqa komandaya transfer olmaq şansı daha yüksəkdi. Həm də özüm də “Renova”ya gəlmək istədim.

- Azərbaycan klublarından təklif almamışdın, yoxsa özün xaricə yollanmaq istəyirdin deyə, Şimali Makedoniyaya yollandın?
- “Qəbələ”nin ikinci komandasından təklifim var idi. Ancaq son anda Şimali Makedoniyaya yollanmaq qərarı verdim.

- “Neftçi”-2 ilə birinci divizionda çempion olmuşdun. “Neftçi”nin əsas komandasında oynamaq ehtimalın ümumiyyətlə, yox idi?
- Bəli, “Neftçi”-2 ilə çempion olmuşduq. Çox gözəl hiss idi. Həm də komandaya gələndə ilk 5 tur əsas heyətdəydim. Sonradan isə oynamadım.

- Şimali Makedoniya futbolu haqda hansısa bilgin var idi? Oradakı şərait necədi?
- Burada bir neçə yoldaşlıq oyunu oynadım. Şimali Makedoniya futbolu daha çox fiziki hazırlığa və və intensivliyə üstünlük verilir. Şərait isə doğrudu, super deyil. Amma normal hesab etmək olar. Futbolçu üçün hər cür şərait var, vitaminlər, proteinlər, hər şey normaldı.

- 3 gün sonra artıq 2-ci dövrə başlayır. “Breqalniça” ilə matçda səni meydanda görə biləcəyik? 
- Təəssüf ki, fevralın 12-də keçiriləcək matçda oynaya bilməyəcəm. Çünki sifariş etməyə vaxt çatmadı. Allah qoysa, digər oyunlarda oynamaq şansım olacaq.

- Şimali Makedoniyada özünü göstərəcəyin təqdirdə Azərbaycan millisinə də cəlb oluna bilərsən? 
- Əlbəttə ki, “Renova”da yaxşı oynasam, niyə də Azərbaycan millisinə dəvət edilməyim? Azərbaycanlı futbolçularının hamısının xəyalı millidə oynamaqdı. Mənim də həmçinin.

Xəbər xətti