“Qəbələ”nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib. Bölgə klubunun aparıcı futbolçusu komandasının Premyer Liqanın 15-ci turu çərçivəsində “Sabah”a uduzduqları oyundan və ölkə kubokundakı şanslarından danışıb:
- “Qəbələ” qış fasiləsindən sonra ölkə çempionatının ilk oyununda “Sabah"a uduzdu. Necə düşünürsən, komanda nəyə görə uduzdu?
- Düzdü, kubok oyunu oynamışdıq. Amma çempionatda ilk oyun olduğuna görə ağır keçəcəyini bilirdik. “Sabah”a qarşı oyunlar həmişə çətin keçir. Yaxş hazırlaşıb, yaxşı da köklənmişdik. Meydana uğurlu nəticə üçün çıxmışdıq. Futbolda belə hallar olur. İlk oyun idi, məğlubiyyəti normal qarşıladıq. Əslində, qələbəyə bərabər məğlubiyyət oldu. Bəzən elə məğlubiyyətlər olur ki, komandanın yüksəlişinə yardım edir. “Sabah”a uduzmaq bizi daha da möhkəmləndirəcək və irəliləməyimizə kömək olacaq.
- İlk qolu buraxdıqdan sonra nəyə görə geridönüş edə bilmədiniz? Yorğunluq var idi, yoxsa “Sabah” çox güclü idi?
- Düşünmədiyimiz vaxtda, öz səhvimizdən qol buraxdıq. Hardasa komanda oyundan düşdü. Belə hallar olur. Daha sonra uzaqdan vurulan zərbə qolla nəticələndi. Böyük faciə deyil. Çempionat yeni başlayıb, oyunlar hələ qarşıdadı. Bu cür oyunlara həmişə hazır olmalıyıq.
- “Sabah”a məğlubiyyətdən nəyinsə mesajıdır? Yəni çempionatın ilk yarısındakı kimi uğurlu çıxış edə bilməyəcəksiz?
- Çempionatın ilk yarısında çox yaxşı mübarizə aparmışdıq. İstəyirdik ki, yaxşı start götürək. Çünki bu, önəmlidi. Dediyim kimi, “Sabah”a uduzmaq bizi möhkəmləndirəcək. Sağlam kollektivimiz var. Zədəlilərimiz və cəzalılarımız geri qayıtdıqdan sonra tam şəkildə oyunlara hazırlaşacağıq. Optimal formanı yığdıqdan sonra daha yaxşı, daha maraqlı "Qəbələ"ni hamı görəcək. Biz bunu bacaracağıq.
- “Qəbələ” ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “Sumqayıt”a qalib gəldi. 4 gün sonra isə onlarla yenidən üz-üzə gələcəksiniz. “Sumqayıt”ı evdə məğlub etmək mümkündü?
- İlk oyunda qələbə qazansaq da, ağır alındı. "Sumqayıt" bütün gücünü kuboka qoyacaq. Təcrübəli məşqçiləri var. Ağır və çətin oyun olacaq. Hər oyuna qələbə üçün çıxırıq. Biz 2-3 tur sonrasını yox, meydana çıxdığımız oyunu düşünürük. Qələbələr qazanaraq nəyəsə nail olmaq istəyirik. Mərhələni keçməyə çalışacağıq.
- “Sabah” məğlubiyyəti “Sumqayıt” görüşünə hər hansı təsiri göstərə bilər? Həmin oyunda uduzmağınız kollektivdə inamsızlıq yaratmayıb?
- İnanmıram ki, inamızlıq yaransın. Komandaya elə futbolçular yığılıb ki, hər birinin bəlli xarakteri var. Uduzanda da ruhdan düşmür, işindən daha yaxşı tutur ki, daha yaxşı olsun. Futbolda gözlənilməz məğlubiyyətlər olur. Düzdü, biz elə komanda deyilik ki, çıxıb hər oyunu mütləq qalib gələk. Əlbəttə, bizim də məğlub olacağımız, xal itirəcəyimiz oyunlar olacaq. Bu, futbolda normal haldı. Mübarizə aparmağa çalışırıq, çünki bunu sevirik. "Qəbələ" həmişə mübarizə apararaq nəyəsə nail olub.
- “Qəbələ”nin ölkə kubokunu qazanması nə dərəcədə realdı? Avrokuboklara vəsiqə qazana bilməsəniz, mövsümü boşa vermiş olacaqsız?
- Kuboku qazansaq, böyük uğur olardı. Hər bir futbolçunun arzusu budur ki, mövsüm sonunda titul qazansın. Çox əziyyət çəkirik. Necə əziyyət çəkdiyimizi özümüz bilirik. Allah qoysa, əziyyətimizin bəhrəsini görərik. Komanda olaraq buna layiqik. Hər kəs uğur istəyir. Hər oyun bizim üçün vacibdi. Əslində, uğur qazanmasaq belə, bizim üçün faciə olmayacaq. Futbolda hər zaman hər şeyə hazır olmaq lazımdı. Amma biz pozitiv düşünürük. İnanıram ki, mövsüm sonunda arzuladığımız yerdə olacağıq. Hamı bilsin ki, "Qəbələ" təslim olmayacaq. Hər zaman hər oyun daha yaxşı "Qəbələ" olmağa çalışacağıq. Azarkeşlər inanırlar, inanmağa da davam etsinlər.