Namiq Həsənov: "Ən doğru yolda olan klubumuz “Qarabağ”dı" - MÜSAHİBƏ

11:35 - 10 Fevral 2022

Vaxtilə “Qarabağ”da oynamış futbolçulardan olan Namiq Həsənov Sportal.az saytına müsahibə verib. Futbolçu vaxtında "Qara" ləqəbilə tanınan Həsənov Ağdam klubunun hazırki durumundan danışıb.

- Hazırda nə işlə məşğulsunuz?
- 11 ildir ki, futboldan uzağam. Bilsəydim heç 23 il futbol oynamazdım. İndi inşaat sektorundayam. Şükür Allaha, hər şey gözəldi. Özüm oynamasam da, davamçım var. Oğlum da hazırda “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandasında oynayır.



- Azərbaycan çempionatını izləyirsiz? Premyer Liqada gedən mübarizə, liqanın səviyyəsi necə görünür?
- Əlbəttə ki, davamlı olaraq oyunları izləyirəm. Sadəcə komandaların sayı çox azdı. Vaxt var idi Azərbaycanda 2 qrupa bölünmüş 23 komanda mübarizə aparırdı. Regionlardan da komandalarımız iştirak etməlidi çempionatda.



- Sizin oynadığınız əvvəlki çempionatın səviyyəsilə indikini müqayisə edəndə ortaya hansı mənzərə çıxır? Bəzi veteran futbolçular deyir ki, “bir az məşq etsəm indi də oynayaram”. Siz də belə fikirləşirsiz?
- Yox, mən elə deməzdim. İndiki liqa daha güclüdü, legionerlərin səviyyəsi çox yüksəkdi. Bizim vaxtımızda nə forma var idi, nə də pul. Ona görə elə deyir veteranlar(gülür).

- Karyeranız ərzində formasını geyindiyiniz klublardan biri də “Qarabağ”dı. Ötən mövsüm “Neftçi”nin çempion olmasına baxmayaraq, “Qarabağ” uzun illərdi ki, Azərbaycanda hegemonluq edir. Bu komanda haqda fikriniz necədi?
- “Qarabağ” haqda fikrim yüksək səviyyədədi. Dəqiq iş gedir orada. Klub rəhbərliyində də yüksək səviyyədədə və dəqiqliklə iş gedir. İllər sonra “Qarabağ” davamlı olaraq çempion olur. Hamısı da hesablanmış, dəqiq strategiyaya görədi. Ona görə bu komanda uzun illər də çempion olacaq. “Neftçi” də ölkənin flaqmanıdı. Ancaq “Qarabağ”ın qurduğu strategiya düzgün gedir və hər il də çempion olurlar. “Qarabağ”ın strategiyası proqramlıdı. Qurban Qurbanovu baş məşqçi postuna gətirdilər. İllərlə gözlədilər. Suraxanadakı stadion pis durumda idi. Amma görürsünüz, “Qarabağ”da işlər necə saat kimi gedir. Təki bütün komandalarımız “Qarabağ” kimi işləsin. Stadionu olsun, avrokuboklarda oynasın, hamımız sevinərik. “Kəpəz”də də oynamışam. Region klubları arasında ən titullu komandamız olub. Amma stadionları yoxdu. Düzdü, düzəldirlər, futbol adına sevinirəm. Hər yerdə böyük və istedadlı futbolçularımız var. “Qarabağ”ın strategiyası, proqramı var. Ən doğru yolda olan klubumuz “Qarabağ”dı.




- “Qarabağ”da oynadığınız vaxtlarda heç fikirləşərdiniz ki, illər sonra bu komanda belə səviyyəyə gəlib çıxacaq?
- Yox, fikirləşməzdim. Qurban Qurbanovla yığmada da birlikdə olmuşam. O, çox gözəl insandı. “Qarabağ”ın bu yerlərə gəlib çıxacağını fikirləşməzdim. Heç baza yox idi. Azərsun komandanı götürdü, kömək etdi, inkişaf etdilər. Klub rəhbərliyi proqram qurdu və doğru yolda işlədi. Qurban Qurbanov da sistemini qurdu. O, futbolun xəstəsidi. Daim öyrənir. Cənab prezident İlham Əliyev də Qurban Qurbanovu komanda ilə birlikdə qəbul edir. Doğrudu, burada “Qarabağ”ın da adı var. Amma insan işləyir də, nə deyə bilərsən? Niyə də Qurban Qurbanou tərifləməyək və arxasında dayanmayaq? İnsan daim işləyir. Hər zaman da “Qarabağ”ın arxasındayıq, heç vaxt köməyimizi əskik etmərik. “Qarabağ”ın hegemonluğu elə-belə olmadı. Düzgün proqram oldu. İllərdi ki, avrokuboklarda oynayırlar, qruplara düşürlər. Hegemonluq etməlidilər də. “Qarabağ” qalib gələndə hər zaman sevinirəm. “Neftçi” də udanda sevinirəm.  Ölkəmizin adı var burada.

- Hazırda “Qarabağ” ölkə çempionatında əsas rəqibi olan “Neftçi”ni 14 xal qabaqlayır. Son turda da əsas rəqibini məğlub etdi. Ağdam klubunun çempionluq şansını necə dəyərləndirirsiniz?
- 14 də olsa, 4 də olsa, “Qarabağ” çox güclüdü. Heyətində çox yüksək səviyyəli futbolçuları var. Onsuzda “Qarabağ” çempion olacaq. “Neftçi”də də yüksək şərait var. Samir Abasovu kimsə sevməyə bilər. Amma o da işləyən insandı. Çox işgüzar məşqçidi, tələbkar insandı. Köməkçiləri də işləməyi sevən insanlardı. Allah onların da işini avand etsin.

- “Qarabağ” Konfrans Liqasındakı çıxışını davam etdirmək üçün “Marsel” səddini keçməlidi. Sizcə, bu realdı?
- “Qarabağ” “Marsel” səddini keçəcək. Erməni lobbisi orada güclü olsa belə, “Qarabağ”da oynayan futbolçularımız çox səbrlidilər. Legionerlər də həmçinin. Böyük ehtimalla “Marsel” səddi keçiləcək. Fransadan sərfəli nəticə ilə qayıdacağıq. Qurban Qurbanovun analizləri və komandanı psixoloji oyuna hazırlamağı çox yüksək səviyyədədi. Yüksək iş təcrübəsi var. Köməkçilərinin də həmçinin. Sərfəli nəticə ilə qayıdacağıq və Bakıda da “Marsel”i keçəcəyik.

- Komandanın heyətində daha çox hansı futbolçunun çıxışı xüsusi qiymətləndirirsiniz?
- “Qarabağ”ın yeni transferə ehtiyacı yoxdu. Komandada uzun illərdi ki, oynayan eyni futbolçuları var. Bu ilki transferlər də pis deyil, yaxşı saymaq olar. “Qarabağ” həmişə bizim ürəyimizdi. Hər zaman bu komandanın arxasındayıq. 100 faiz deyirəm ki, “Qarabağ” Fransadan sərfəli nəticə ilə qayıdacaq. 

Xəbər xətti