Felipe Santos "Qarabağ"la matç haqda: "Neftçi" ilə oyunda da qalib gələcəyimizə heç kim inanmırdı" - MÜSAHİBƏ

12:41 - 10 Fevral 2022

"Keşlə"nin yarımmüdafiəçisi Felipe Santos Sportal.az saytına müsahibə verib. 

- Evdə “Zirə”yə məğlub oldunuz. Səncə, nəyə görə uduzdunuz?
- Yaxşı futbol oynadıq. Çox çətin oyun alındı. Sona qədər mübarizə apardıq. Meydanda 10 nəfərlə qalandan sonra işimiz çətinləşdi. 50 dəqiqədən çox meydanda 10 nəfərlə mübarizə aparmaq çətin idi.

- “Keşlə” “Zirə” məğlubiyyətindən əvvəl isə ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a uduzmuşdu. Məğlubiyyətlərinizə səbəb nədi?
- Əslində, həm “Qarabağ”, həm də “Zirə”yə qarşı yaxşı oynamışdıq. Sona qədər də mübarizə apardıq, öz gücümüzü göstərdik. Sadəcə bəxtsizlik sayəsində qol buraxdıq və hər iki matçda 0:1 hesabı ilə uduzduq. Qarşıdakı oyunlarda fiziki cəhətdən də daha yaxşı durumda olacam. Əminəm ki, performansım ötən illə müqayisədə daha yaxşı olacaq. 

- Komandanızın növbəti mərhələyə adlamaq şanslarını necə dəyərləndirirsən? “Qarabağ”ı evdə məğlub edə bilərsiniz?
- Çətin oyun olacağı dəqiqdi. Ölkənin əsas komandası çempionatında uğurlu çıxış edir və Avropada da əbəs yerə olmadığını göstərir. Bəli, evdə oynayacağıq və burada oynamaq rəqiblər üçün asan deyil. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Neftçi” ilə matçda da qalib gələcəyimizə heç kim inanmırdı, amma biz qalib gəldik. Əla oyun olacaq, öz gücümüzü göstərməliyik.

- “Qarabağ”ı sünii örtüklü meydanda qəbul edəcəksiniz və rəqibinizi 6 gün sonra “Marsel”lə oyun gözləyir. Bütün bunlar sizin üçün üstünlükdü?
- “Qarabağ” özünəinamlıdı və rəqabətə davamlı heyəti var. Bu mənada, bizə qarşı meydana kim çıxsa, öz işini ən yaxşı şəkildə görməyə çalışacaq. Əlimizdə olan imkanlardan istifadə edib növbəti mərhələyə çıxmağın vaxtıdı. “Qarabağ”a qarşı ilk oyunda komanda çox yaxşı mübarizə apardı. Rəqib meydanında da qol vura bilərdik. Hətta təmiz penaltimizi baş hakim təyin etmədi. Cavab oyununda “Qarabağ”a qarşı sona qədər mübarizə aparacağıq. 

- Qışda Azərbaycana gələn braziliyalılar oldu. Patrik Robson, Higor Qabriel, Kristian, Gilyerme Pato ilə tanışsan?
- Mən Azərbaycana gəldikdən sonra bura gələn braziliyalıların sayı çoxaldı. Bu da Braziliya futbolunun keyfiyyətindən xəbər verir. Hələ ki, siz deyən oyunçuların heç biri ilə münasibətim yoxdu. Amma yəqin ki, üzbəüz görüşəcəyik bu futbolçularla.

Xəbər xətti