Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Denis Silva Kruz Sportal.az saytına müsahibə verib. "Xəzər Lənkəran"da oynadıqdan sonra "Neftçi"də çıxış etmiş futbolçu son olaraq Azərbaycanda "Keşlə" forması geyinib. Hazırda Braziliyada "İmperatriz" klubunda oynayan Denis Azərbaycan Premyer Liqasındakı mübarizədən danışıb.
- Azərbaycan Premyer Liqasını izləyirsən? “Neftçi” hazırda “Qarabağ”dan 14 xal geri qalır. “Neftçi”nin çempionluq şanslarını necə qiymətləndirirsən?
- Məncə, "Neftçi"nin artıq çempionluq şansı yoxdu. "Neftçi"nin bu xal fərqini aradan götürmək çətin olacaq. Çünki "Qarabağ"ın güclü kollektivi var və yəqin ki, çox oyunda məğlub olmayacaq.
- Ötən mövsüm çempion olan "Neftçi" nəyə görə hazırda "Qarabağ"dan 14 xal geri qalır?
- “Neftçi”də dəyişiklik çox oldu. Çox oyunçu getdi və bu da komandanın oyun tərzini dəyişdirməklə nəticələndi. Mən səhv edə bilərdim. Sadəcə gördüklərimdən müqayisə aparıram.
- “Neftçi”nin yeni transferlərindən biri də Gilerme Patodu. Onu tanıyırsan? "İnternasional"un futbolçusu idi, ancaq "Kuyaba" icarə əsasında çıxış edirdi...
- Gilyerme Patonu tanımıram. Onun bir neçə videosunu görmüşəm. "Neftçi"yə çox kömək edə biləcəyinə inanıram. “Neftçi”də oynamış braziliyalılar həmişə çox yaxşı anlaşıb. Allah qoysa, Pato da çox uğurlu olacaq.
- Bəlkə mövsümü titulsuz başa vurmamaq üçün "Neftçi" daha çox kuboka motivasiya olsa, yaxşıdı?
- Futbolda inanmaq çox vacibdi. Çempionatda şans varsa, “Neftçi” sona qədər mübarizə aparmalıdı. Ancaq təbii ki, “Neftçi”nin B planı da olmalıdı. Ölkə kuboku haqda düşünmək də vacibdi.
- “Neftçi”nin əsas oyunçularından Mamadu Kane “Olimpiakos”a, Sabir Buqrin isə “Esperans”a keçib. Onları əvəz etmək mümkün olacaq?
- Həmişə deyirəm ki, əvəzolunmaz futbolçu yoxdu. Hər futbolçunun öz anı var və şübhəsiz ki, “Neftçi”də yeni qələbə hekayələri yaratmaq üçün böyük oyunçular meydana çıxacaq.
- “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”də çıxış etmisən. Maraqlıdır, nə vaxtsa Azərbaycanın başqa klublarından təklif almısan?
-“Keşlə” ilə müqaviləm bitdikdən sonra heç bir təklifim yox idi. Ancaq Azərbaycanda bəzi komandalara öz xidmətimi təklif etdim, amma rədd etdilər. Mənə qocaldığımı deyənlər var idi ki, məni komandaya götürə bilməyəcəklərini dedilər. 34 yaşım var idi deyə, belə dedilər. Sizcə, mən qocayam?
- Azərbaycan Premyer Liqasının əvvəlki illərlə müqayisədə zəiflədiyi fikirləri tez-tez səslənir. Bununla razısan?
- Əvvəlki illərdə çempionat daha gərgin idi. İndi daha rasional iş görülür. Bir misal deyim, son 7 ildə Azərbaycandan ən azı bir komanda Çempionlar Liqasının qrup mərhələsinə düşüb, bu mövsüm isə yox.
saytlarin hazirlanmasi