Karyerasını Yunanıstanın “Olimpiakos” (Volos) klubunda davam etdirən Turan Manafov Sportal.az saytına müsahibə verib.
- Son turda “Trikala”ya qalib gəlməyi bacardınız. Qələbəni necə şərh edərdin?
- Yaxşı oyun keçdi. Düzdü, bir az çətin oldu. Təbii örtüklü meydança olsa da, yaxşı vəziyyətdə deyildi. Həm də rəqib meydançasında oynayırdıq. Azarkeş amili də var idi. Çətin olsa da, qalib gəlməyi bacardıq.
- Yunanıstandakı ilk qələbən məhz bu oyuna təsadüf etdi. Oynadığın ilk 2 oyunda qələbə qazana bilməməyiniz nə ilə bağlı idi, rəqiblər güclü idi?
- Yox, sadəcə uğursuzluq oldu. İki oyunda da üstün tərəf biz idik. Sadəcə, əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Öz səhvlərimizdən mənasız qollar buraxmışdıq.
- Artıq 3 turda meydana çıxmısan. Superliqa 2-nin səviyyəsi haqda hansı fikirdəsən?
- Maraqlı çempionatdı. Hər bir komanda bir-birinə qalib gələ bilər. Bir az qol vurmaq baxımından ağır liqadı. Az qol vurulur. Bir də hakim amilləri var. Sərt oyuna qəti imkan verilmir. Çox mənasız epizodlarda belə, oyunu saxlayır hakimlər.
- Azərbaycan Premyer Liqası və Yunanıstan 2-ci liqası arasında hansı fərqlər var?
- Bizim liqa ilə eyni səviyyədədi. Sadəcə oyun tempi bizim liqadan bir az aşağıdı və daha çox cavanlar oynayır. Bu liqada 18-25 yaş qrupu çoxluq təşkil edir. Yəni, bu yaşdan yuxarı çox az oyunçu var. Bir də burada daha çox azarkeş var. Skautlar da oyunları izləyir.
- Yunanıstanda qarşılaşdığın ən maraqlı və ən qəribə gələn nədi sənin üçün?
- Ən qəribə gələn hər komandanın fərqli oyun üslubu var. Komandalar çox qarışıq taktikalarla oynayır. Hakimlərin qərarları daha çox qəribə gəlir mənə. Mənasız yerdə oyunu saxlayırlar. Sərt oyuna qəti imkan vermirlər. Yunanıstanda oynadığım 3 oyunun hamısında daha çox hakimlərin qərarları məni təəccübləndirir.
- Volos şəhərindəki yaşayışın necə gedir? İcarəyə ev tutmusan, yoxsa oteldə qalırsan?
- Hər şey qaydasındadı. Hələ ki, oteldə qalıram. Burada ev tapmaq çətin məsələdi. Ona görə ola bilsin ki, ev tapa bilməsəm, oteldə qalacam. Balaca şəhərdi, amma maraqlıdı burada yaşamaq, turistlərin çox olduğu şəhərdi.
- Komanda yoldaşlarınla yəqin ki, ingilis dilində danışırsan. Yunan dilini öyrənməyə cəhd edirsən?
- Bəli, ingilis dilində danışıram. Düzdü, tam bilməsəm də öyrənməyə çalışıram ingilis dilini. Ancaq yunan dilini inanmıram ki, öyrənəm. Mənə çox çətin və qəliz gəlir.
- Şəhərin digər klubu "Volos" Superliqada oynayır. Bəlkə bu klubun marağını cəlb edə biləsən?
- Bu haqda nəsə demək çox tezdi. Çünki hələ 3 oyun oynamışam. Mövsüm sonunda nəyin necə olacağını biləcəyik. Burada skautlar oyunları izləyir. Amma sırf “Volos” komandası haqda nəsə deyə bilmərəm.
saytlarin hazirlanmasi