“Qarabağ” erməni komandası deyil...

17:20 - 11 Fevral 2022

Rövnəq Abdullayevin SOCAR prezidenti vəzifəsindən azad olunması ilə onun rəhbərlik etdiyi futbol sahəsinə dövlət qurumlarının nəzarətinin gücləndiriləcəyi ilə bağlı gözləntilər artmağa başlayıb.

 

R.Abdullayev 2008-ci ildən bugünədək AFFA prezidenti olsa da, işlərinin çoxluğunu əsas gətirərək, futbola vaxt ayıra bilmədiyini deyib. Bu anormal durum isə ona gətirib ki, illərlə futbolda anarxik bir dövr yaşanıb. Xüsusən milli komandaların xaotik nəticələrinin aradan qaldırılması istiqamətində təsirli addımlar atılmayıb, günahkar şəxslərə “qaşın üstə gözün var” deyən olmayıb. Amma əvəzində yüksək uğurlarımız varmış kimi, SOCAR-dan AFFA-nın büdcəsinə fantastik pullar ayrılıb. Bu gün məlum olub ki, təkcə son 11 ildə Dövlət Neft Şirkətin federasiyaya maliyyə dəstəyinin həcmi 133 milyon manat təşkil edib! 


133 milyon manatın futboldakı nəticələr baxımından cavabı isə bu olub ki, milli irəli gətmək əvəzinə daha da geriləyib. Hətta o dərəcədə ki, Malta, Farer adaları kimi futboluna cüzi vasait ayrılan cırtdan ölkələrin komandaları belə bizdən qabağa gedib, Azərbaycan isə FİFA reytinqində Mozambik kimi millilərlə eyni sırada olub. Acınacaqlı faktdır ki, son dünya və Avropa çempionatlarının seçmə mərhələsində milli komandamız cəmi 1 xal toplayıb.

 

133 milyonu cavabı cəmi 1 xal olub. Bircə xal!

 

Son dəfə belə zəif nəticə Azərbaycan iqtisadiyatının və futbolunun ağır durumda olduğu 1990-cı illərin ortalarında qeydə alınıb. Futbola dövlətdən bir qəpik pul ayrılmayan dönəmdə. Hansı ki, onda AFFA-ya Fuad Musayev rəhbərılik edirdi, millimiz qrupda 1 xal toplaya bilmişdi...

 

Amma dərd orasıdır ki, bugünkü AFFA rəhbərliyinin uğursuz nəticələrini onların səriştəsiz kadrlarının rəhbərlik etdiyi klublar da davam etdirib. “Keşlə”də Zaur Axundov, “Sumqayıt”da Riad Rəfiyev, “Neftçi”də Kamran Quliyev... Bu klublar arasında SOCAR-dan ən çox maliyyə alan klub “Neftçi”dir. Dövlət Neft Şirkəti baş sponsoru olduğu kluba son 10 ildə 100 milyon manatdan çox pul ayırıb. Amma 2012-ci ildə Azərbaycandan ilk dəfə Avropa Liqasının qrupuna düşdükdən sonrakı illərdə komandada durğunluq başlayıb, klubun sahibləri prezidentləri əlcək kimi dəyişiblər. Bu da ona gətirib çıxarıb ki, “Neftçi” bir vaxtlar daşıdığı futbolumuzun “flaqmanı” titilunu da itirib. Bu gün artıq başda Azərbaycan Prezidenti olmaqla hər kəs, o cümlədən mütəxəssislər, futbolçular nümunəvi nəticələri ilə “Qarabağ”ı flaqman sayır. 

 

Bir tək AFFA-dan başqa. 

 

O dərəcədə ki, özlərinin nəzarətindəki telekanalın hələ yetəri jurnalist və şərhçi təcrübəsi olmayan gənc əməkdaşlarını qorxaqca və hiyləgərcəsinə qabağa verir, onların dili ilə cılızlıqlarını nümayiş etdirirlər. Bunları ona görə qeyd etməyi vacib sayıram ki, “Qarabağ” erməni komandası deyil, Azərbaycanın ləyaqətli, qeyrətli övladlarının toplaşdığı, fəxr olunası bir klubdur. İntriqaya qarışmırlar, onlara ayrılan pulu görməmişcəsinə basıb yemirlər, təmkinlə, sakit bir şəkildə, uşaq kimi başlarını aşağı salıb işlərini görürlər. Pis-yaxşı, gücünün yetdiyi qədər Avropada uğur qazanırlar. Uzun sözün qısası, olanımız, loru dildə desək, Biləcəridən o tərəfə getməyi bacaranımız budur. Və AFFA, eləcə də ipi AFFA-nın əlində olan marionet – kukla yığını minnətdar olmalıdır ki, batan futbolumuzu illərdir ayaqda saxlaya bilən bir klubumuz, bir məşqçimiz var - “Qarabağ” və Qurban Qurbanov adında.

 

Yəni bu gün futbolumuzun dərdi-azarı “Qarabağ” deyil. 

 

“Neftçi”dən danışırdım, axı... Görün, böyük tarixi olan bu klubu kamranlar, onun arxasında dayananlar hansı vəziyyətə gətiriblər ki, Azərbaycanın son çempionu ötən yay çıxış etdiyi UEFA-nın 3 klub turnirinin heç birində qrupa düşə bilmədi. Rəhmətlik Elnur Əşrəfoğlu demiş, “Neftçi” bir tək jurnalistlərin yarışdığı “Media kuboku” turniri qaldı ki, keçən il orda oynamasın.

 

Hə, SOCAR-da rəhbər dəyişikliyi olub. Və indi tək AFFA deyil,“Neftçi” klubunda, onun prezidentinin və bütün rəhbərliyinin fəaliyyətində də ciddi təftişə ehtiyac var. Ona görə ehtiyac var ki, bu illər ərzində lazımsız əcnəbi transferlərə milyonlarla vəsait boş yerə xərclənməsəydi bu gün “Neftçi” millətin ürəyində həmişə taxt qurmuş həmişəki o “Neftçi” olacaqdı...

 

Əsl “flaqman” olan “Neftçi”...

 

Aydın BAĞIROV

Xəbər xətti