"Rəvan Həmzəzadənin qərəzli olduğuna inanmağım gəlmir, sadəcə səhv qərarları var idi" - MÜSAHİBƏ

12:17 - 13 Fevral 2022

Azərbaycanlı futbol veteran Aslan Kərimov Sportal.az saytına müsahibə verib. O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sabah" - "Neftçi" görüşündə baş verənlərə şərh verib və bununla yanaşı "ağ-qaralar"ın hazırki durumu haqda da fikirlərini bildirib.

- "Sabah" - "Neftçi" matçı daha çox hakim səhvlərilə yadda qaldı. Sizcə, hakim "Neftçi"yə qələbə qazanması üçün kömək etdi?
- Hakimin "Neftçi"yə qələbə qazanmasına kömək etdiyini demək düzgün olmazdı. Aleksey İsayevin qırmızı vərəqə almasına da Rəvan Həmzəzadə kömək etmədiki. Həmin epizodda sadəcə əsəbləri cilovlamaq lazım gəlirdi. Amma Rəvanın kobud səhvi açıq-aşkar görünür. Doğrudu, hakim səhvləri var idi. Sadəcə bunlar "Neftçi"nin qələbəsinə kölgə salmamalıdı.

- Rəvan Həmzazadənin bu oyunda nə qədər ədalətli davrandığını hesab edirsiniz?
- Rəvanın qərəzli olduğuna inanmağım gəlmir. Sadəcə bəzi epizodlar var, səhv qərarlar verdi. Aleksey İsayevə qırmızı vərəqə göstərdiyi epizodda, Səlahət Ağayev gəlir Voyislav Stankoviçi itələyir. Amma onu vurmur. Gərək bu anda qərarları ikitərəfli verərdi. Yəni, Eddinin Alekseye qarşı etdiyi sürüşmə fəndi də qırmızı vərəqəlik idi. Orada Aleksey və Səlahətə qırmızı vərəqə verirdisə, Eddini də qırmızı vərəqə ilə cəzalandırmağa borclu idi. Çünki sürüşmə fəndi kobud alınmışdı, açıq ayaqla getmişdi İsrafilov. Ancaq "Neftçi"nin vurduğu qollar zamanı səhvləri "Sabah"ın futbolçuları etmişdi.

- "Sabah" tərəfi oyunun yenidən keçirilməsini də iddia edir. Oyunun yenidən keçirilməsi mümkündü? 
- Heç yerdə görməmişəm bunu. Oyunun yenidən keçirilməsi üçün 1-2 qaydalar var. Oyun sona qədər keçirilmirsə, yarımçıq dayanırsa. Bu cür vəziyyətlərdə oyunun yenidən keçirilməsi mümkünsüzdü. Belə iddiaları gərək düşünülmüş şəkildə etsinlər. Oyunun yenidən keçirilməsi mövzu da ola bilməz. Mümkün deyil. Əgər, bu oyun yenidən oynanılarsa, futbolun bütün qaydalarına zidd getmiş olacaqlar. Dünyada belə təcrübə olmayıb. Belə çıxır ki, bu oyun yenidən oynanılarsa, gərək digər oyunlar yenidən oynanılsın. O qədər haqsızlıq olmuş oyunlar var. Bunun dərəcəsini necə müəyyən edəcəklər ki? Özü də bu cür məsələnin təcrübədə olmadığı açıq-aşkar görünür. Heç bir halda, hətta hakim qərəzli şəkildə səhvlər etsə də, oyun yenidən oynanılmır. Ona qalsa, "Qarabağ"ın "İnter", "Bazel"lə oyunlarını xatırlayaq. Belə şeylər hər komandanın başına gəlir. Amma oyunun yenidən keçiriliməsi mümkün deyil, bunu ədalətli saymıram. Hakimlərin səhvləri az olub?Bunun çıxış yolu hakimlərin daha peşəkar səviyyədi oyunları idarə etməsidi.

- Hakimlərimizin bu mövsümdə də skandal qərarları davam edir. Sizcə, bu, nə ilə bağlıdı? VAR tətbiq olunandan sonra da bu qərarlar yenə də davam edəcək?
-  Bunun adını skandal qoymaq düz olmur. Skandal bilərəkdən, qərəzli qərarlardı. Bu, kobud səhvlərdi.  Çempionatda hakimlərin kobud səhvlərini dəfələrlə gördük. Birdən-birə yeni və gənc hakimlər cəlb olundu oyunlara, bu da istər-istəməz kobud səhvlərə gətirib çıxardı. Gərək təcrübəli hakimlərlə gənc hakimlər yavaş-yavaş oyunlara təyinat alardı. Bu işin mütəxəssisi deyiləm. Ancaq bir fakt var ki, öyrənmək prosesindəsən və yeni hakimsənsə səhv edəcəksən. Gənclərin oyunlara inteqrasiyası axıcı şəkildə keçməlidi. Birdən-birə bu qədər cavanları oyunlara təyin etmək, sonda bu qədər kobud səhvlərə gətirib çıxarır.  VAR sistemi ən azından gənc hakimlər üçün dəstək olacaq. Meydanda gənc hakim olduğu halda ekran qarşısında təcrübəlilər yer alarsa, epizodlara baxaraq, daha doğru qərarlar verə biləcək. Bu cür kobud səhvlər, gəncliyin qətiyyətsizliyi, qərarsızlığının sayəsində olur. İnana bilmirəm ki, hansısa hakim bilərəkdən hansısa komandaya kömək etsin. VAR sistemi olarsa, bu səhvlər əməll-başlı azalacaq. Tam yox olacaq? İnanmıram. VAR sistemi olanda da bəzi qərarlar yalnış ola bilir.

- "Neftçi" "Sabah"a qalib gəlməklə Samir Abasovun baş məşqçi postundakı işinin müddəti də uzanmış oldu, yoxsa "Neftçi" rəhbərliyi mövsüm sonuna qədər ona şans verəcəkdi?
Samirə inanırlar, ya inanmırlar, rəhbərliyin nə düşündüyü barədə fikrim yoxdu. Bu qələbədən sonra ona şans verəcəklər, ya yox onu da bilmirəm. Bu barədə heç bir fikrim yoxdu. Şəxsi fikrimi deyim, Samir Abasov "Neftçi" üçün ən əlverişli məşqçidi. Onu uzaqlaşdırmaq haqda ümumiyyətlə, düşünməli deyillər. “Neftçi”nin “Qarabağ”dan 14 xal geri qalması, məşqçinin gedişatı, ya taktiki üslubu ilə bağlı deyil. Səhvlər oyunçu strategiyası, onları seçərkən verilmiş səhvlərin üzərindən gedir. Deyə bilmərəm ki, niyə daha keyfiyyətli oyunçular ala bilmədilər, niyə Mamadu Kane, Sabir Buqrin getdi. Onların komandada olub-olmamasının səhvi tək Samirin üzərindədi, ya seleksiya siyasəstinin üzərində dayanır, onu da bilmirəm. Düşünmürəm ki, bunların hamısına Samir tək qərar verir, məncə ümumiləşdirilmiş qərarlardı. Oyunçu almaq baxımından buraxılan səhvlərdi ki, "Qarabağ" qalib gələ bilmirlər. Yoxsa, oyun üslubu və strategiya olaraq heç də “Qarabağ”dan geri qalmırlar. Sadəcə icrada geri qalırlar. Bu da oyunçuların keyfiyyətilə bağlıdı. Ona görə də Samirin gedişi məntiqli olmaz. “Neftçi” son 10 ilin çempionluğunu Samir Abasovla qazandı. "Qarabağ"la "Neftçi"ni müqayisə edəndə, maddi cəhətdən, oyunçuların keyfiyyəti cəhətdən, millidə oyunçuları sarıdan da rəqibindən daha aşağı idi. Amma sonda çempion oldular. Bunun öhdəsindən gəlmək asan deyildi. Növbəti çempionatda "Qarabağ"la yenidən mübarizə üçün transferi siyasəti baxımından daha ciddi, daha keyfiyyətli olmalıydılar. Amma göründüyü qədərilə səhvlərə yol veriblər ki, "Qarabağ"dan geri qalırlar. 

- "Neftçi"nin "Qarabağ"la xal fərqi 14-dü. Çempionluğun əldən çıxıdığını düşünsək, "Neftçi" üçün mövsümü titulsuz başa vurmamaq üçün ən yaxşısı kuboka iddialı olmaq deyil?
"Qarabağ"a uduzduqdan sonra mənə elə gəlir ki, çempionluq yarışı bitmiş sayılır. Ən azından “Neftçi” üçün belədi. Çempionluğa oynamamaq kimi niyyət də ola bilməz. “Neftçi” kimi komanda çıxdığı bütün oyunlarda irəli getməyə çalışacaq. Titutl qazanmaq baxımından isə ən real şans kuboka köklənməkdi. Çempionatı kənara qoyası deyillər. 14 xal geridə olduqları rəqiblə də, digər rəqiblərlə də oyunları udmaq məcburiyyətindəsən. Hər iki cəbhədə vuruşacaqlar. Cəbhənin birində uğur qazanmaq şansı çox aşağıdı. Ən realı isə, 2-3 oyun oynayaraq bir titul qazana bilərsən. Bütün qüvvələrini buna səfərbər edəcəklər. 

Xəbər xətti