"Neftçi"nin veteran futbolçusu Samir Abasov haqda: "Çempionat oyununda xal itkisi istefa məsələsini yenidən gündəmə gətirəcək"

15:16 - 13 Fevral 2022

“Çətin olsa da, “Neftçi” qələbə qazana bildi. İlk yarıda komanda heç nə edə bilmirdi. Ancaq ikinci hissədə istədikləri oyunla qalib gəldilər”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin veteran futbolçusu Nadir Nəbiyev deyib.

Uzun illər “ağ-qaralar”ın formasını geyinmiş Nəbiyev Azərbaycan kubokunun ¼ final mərhələsinin “Sabah” – “Neftçi” oyunu haqda danışıb. O, baş hakim Rəvan Həmzəzadənin gündəmə çevrilən qərarlarına bu cür münasibət bildirib: “Hakimlə bağlı əsas narazılıq qırmızı vərəqələrlə bağlı ola bilər. O haqda isə bir söz deyə bilmərəm”.

Nəbiyev, "Sabah" üzərindəki qələbə ilə Samir Abasov baş məşqçi postundakı yerini bərkitdi?" sualına bu cür cavab verib: “Neftçi” üçün çempionluq artıq çox uzaq görünür. Düzdü, mümkünsüz deyil, amma uzaqdı. İndi əsas diqqət kuboku qazanmaq və maksimum nəticə qazanıb 2-ci yer üçün mübarizə aparmaq olacaq. Yeni gələnlər gedənlər qədər hələ ki, xeyir verə bilmir. İstər Sabir Buqrin, istərsə də Mamadu Kanenin yeri görünür. Yəqin ki, yeni gələnlərə də vaxt lazımdı ki, uyğunlaşdıqdan sonra xeyir versinlər. “Neftçi” elə komandadı ki, orada azarkeşləri ancaq çempionluq qane edir. Çempionat oyununda xal itkisi yenə istefa məsələsini gündəmə gətirəcək. Ancaq unutmaq olmaz ki, uzun aradan sonra “Neftçi” məhz Samir Abasovla çempion oldu” – deyə, Nadir Nəbiyev fikirlərini yekunlaşdırıb.

 

Xəbər xətti