"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. Bölgə klubunun hücumçusu komandasının Azərbaycan kubokunda yarımfinala yüksəlməsindən danışıb.
- "Sumqayıt"la cavab görüşündə 1:1 oynayaraq yarımfinala adladınız. Matç sizin üçün necə alındı? Sanki o qədər də çətin alınmadı, yoxsa necə?
- Bizim üçün önəmli oyun idi. Şükürlər olsun ki, yarımfinala adlaya bildik. Oyunların hamısı çətindi. Onsuzda, nə çempionatımızda, nə kubokda asan oyun var.
- "Sumqayıt" hesabı bərabərləşdirdikdən sonra təzyiqi artırmışdı. Hardasa təhlükə hiss edirdiniz ki, 2-ci qolu buraxa bilərsiniz?
- Futbolda hər şey olur. Bizim kimi "Sumqayıt" da yarımfinala adlaya bilərdi. Şükürlər olsun ki, mərhələni keçən komanda biz olduq.
- Son vaxtlar sanki qol vurmaqla bağlı problemin yaranıb. Səncə, əvvəlki oyunlarda fərqlənib indi fərqlənə bilməməyin nə ilə əlaqədardı?
- Hər oyuna komandaya xeyir vermək üçün çıxıram. Bu o demək deyil ki, hər oyunda meydana daxil olub qol vuracam. Hər oyunda da əlimdən gələni edirəm.
- "Qəbələ" yarımfinalda "Qarabağ"la qarşılaşacaq. Finala adlamaq şansınız 50/50di, yoxsa "Qarabağ"ı daha şanslı hesab edirsən?
- "Qarabağ"a qarşı oyunlar da maraqlı olacaq. Rəqibimiz güclüdü. Buna baxmayaraq biz ən yaxşısını etməyə çalışacağıq.
- Ölkə çempionatında komandanızın növbəti oyunu "Səbail"ə qarşı olacaq. Rəqibiniz ölkə kubokuna da əlvida dedi, hazırda da turnir cədvəlinin son pilləsindədi. Yəqin ki, onları udmaq çətin olmayacaq?
- Bayaq dediyim kimi, ölkə çempionatında da asan oyun yoxdu. Bütün oyunlar çətin keçir. "Səbail"lə oyuna da yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, qalib gələk.
- "Zirə"nin hazırda 25 xalı var və "Qəbələ"dən 1 xal geridədi. Özünüz üçün təhlükə hiss edirsiniz?
- Düzünü deyim, biz yalnız öz oyunumuza, nəticələrimizə fikir veririk. Digər rəqiblərə fikir vermirik. Hər oyuna da qələbə üçün çıxırıq.