“Mioveni”nin futbolçusu Adrian Skarlatake Sportal.az saytına müsahibə verib. "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Cənub təmsilçisinin yenidən Premyer Liqada oynamaq ehtimallarını dəyərləndirib.
- “Xan Lənkəran” “Xəzər Lənkəran” adı ilə fəaliyyət göstərəcək. Bundan xəbərdarsan?
- Bu, çox yaxşı xəbərdi. Azərbaycan futbolu və lənkəranlı futbol azarkeşləri adına çox sevindim. Azərbaycanda yenidən böyük derbilər olacaq.
- Karyeranı “Xəzər Lənkəran”da başa vurmağı planlaşdırırsan?
- Rumınıya Superliqasında oynayıram. Burada hər şey xoşuma gəlir. Amma mən özümü Lənkəranda da yaxşı hiss edirdim. Orada da özümü xoşbəxt hiss etmişəm və bir neçə titul qazanmışam. Əgər, klubdakılar orada oynamağımı istəyərsə, buna görə xoşbəxt olaram.
- “Xəzər Lənkəran”ın UEFA-ya borclu olmadığı xəbərləri çıxıb. Amma hər halda klub UEFA-ya yox, futbolçulara borclu qalır. Klubun borclu olduğu futbolçulardan biridə sizsiniz. Borcunuzu ödəyiblər?
- Bəli, “Xəzər Lənkəran” mənə hələ də borcludu. Amma mən onlarla danışmağa hazıram. Bu, mənim üçün problem deyil. Klubun yenidən fəaliyyət göstərməsi üçün onlara kömək olmağa hazıram. “Xəzər Lənkəran”ın prezidenti ilə danışmağa hazıram.
- Belə çıxır ki, “Xəzər Lənkəran”dan FİFA-ya etdiyin şikayəti geri çevirəcəksən?
- Dediyim kimi, onlar mənimlə əlaqə yaradarsa, danışmağa hazıram. Bunda heç bir problem görmürəm. “Xəzər Lənkəran”ın yaşamasını istəyirəm. Çox istəyərdim ki, Premyer Liqada iştirakını bərpa etsinlər.
- “Xəzər Lənkəran”ın ikinci cəhdi uğurlu alına bilər?
- Bəli, böyük şansları var. Bütün azarkeş komandanın yanında olacaq. Fantastik atmosfer olacaq. Çünki insanlar çoxdandı ki, futboldan uzaqdı.
- Azərbaycan çempionatını, sabiq komandalarından “Zirə”ni necə, izləyirsən?
- Əlbəttə ki, izləyirəm. Orada dostlarım oynayır. Çempionat əvvəlkindən daha yaxşı görünür. “Zirə” də Rəşad Sadıqovla bərabər çox yaxşı görünür. Rəşad Sadıqov çox yaxşı məşqçidi. Yəqin ki, onlar avrokuboklara vəsiqə qazanacaq.
- Azərbaycan və Rumıniya çempionatlarını necə müqayisə edərdin? Azərbaycandan “Qarabağ” avrokuboklardakı çıxışını hələ də davam edir, amma Rumıniyadan heç bir klub avrokuboklarda mübarizə aparmır...
- Azərbaycan və Rumıniya çempionatı eyni səviyyədədi. Bəlkə bir az Rumıniya çempionatı güclü olar. Çünki komandaların böyük ənənəsi, çox azarkeşi, böyük stadionları var. Azərbaycan çempionatı da çox yaxşı durumdadı. “Qarabağ”a gəlincə, onlar hər zaman yaxşı səviyyədədi. “Qarabağ” Rumıniya çempionatında oynayarsa, ilk üç yer uğrunda mübarizə apara bilər.