"İnanmaq istəyirəm ki, sonda finala vəsiqə qazanacağıq" - MÜSAHİBƏ

12:05 - 15 Fevral 2022

"Zirə" yunanıstanlı müdafiəçisi Dimitrios Çantakias Sportal.az saytına müsahibə verib.

- "Zirə" ölkə kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab görüşündə 3:1 hesabı ilə qalib gəldi. Matç sizin üçün necə alındı?
- Hər iki komanda üçün çətin oyun oldu. Çünki hava da yaxşı deyildi, güclü külək əsirdi. Bu mənada, yaxşı futbol oynamağımız çətin idi. Amma biz qalib gəldik və buna görə də şadıq.

- Buraxdığınız birinci qoldan sonra "Səbail" təzyiqi artırmışdı. Təhlükəni hiss edirdiniz, yoxsa qalib gələcəyinizdən əmin idiniz?
Doğrudu, ilk qoldan sonra rəqibimizin psixoloji durumu daha da yaxşı oldu. Amma biz xarakter nümayiş etdirdik. Qalib gəlmək istədiyimizi göstərdik və bunu etdik.

- "Zirə"nin yarımfinaldakı rəqibi "Neftçi" oldu. Oyunlar iki aydan sonra olacaq. "Zirə"nin final şanslarını necə dəyərləndirirsən? 
Bilirik ki, yarımfinalda çətin rəqiblə qarşılaşacağıq. Amma biz çox yaxşı komandayıq, Rəşad Sadıqov kimi yaxşı baş məşqçimiz və yaxşı futbolçularımız var. Çalışmağa davam edirik. İnanmaq istəyirəm ki, sonda biz finala vəsiqə qazanacağıq.

- Növbəti matçınız ölkə çempionatının 16-cı turu çərçivəsində "Sabah"a qarşı olacaq. "Sabah" son vaxtlar uğurlu çıxışı ilə yadda qalır. Onları məğlub edə biləcəksiniz?
-  Bəli, “Sabah”ın yaxşı kollektivi var. Ancaq biz həmişə olduğu kimi bütün gücümüzü meydanda qoyacağıq ki, 3 xalı qazanaq.

- Hazırda ikinci pillədə qərarlaşan "Qəbələ"dən cəmi bir xal geridəsiniz. "Qəbələ"ni turnir cədvəlində keçmək mümkündü? 
- Hər gün bütün qüvvəmizlə işləyirik. Təvazökarıq və meydana çıxdığımız andan etibarən istənilən rəqibi məğlub etməyə çalışırıq. İstənilən oyunda bunu etməyə çalışacağıq.

- Sənin də əvvəllər formasını geyindiyin "Çerno More"dən Azərbaycana daha bir futbolçu, Leandro Andrade gəldi. Onunla danışmısan? Əvvəlcədən tanıyırdın onu?
Bəli, Leandronu tanıyıram. Bolqarıstanda bir müddət birlikdə oynamışıq. Leandro çox yaxşı futbolçu və yaxşı da oğlandı.

Xəbər xətti