Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının üzvü Yusuf Oral yetirməsi olduğu “Beşiktaş”dan ayrılaraq “Kuşadasıspor”a keçib. Sportal.az saytına müsahibə verən gənc futbolçu məqsədlərindən danışıb.
- "Beşiktaş"dan "Kuşadasıspor"a transfer oldun. Transferin necə həyata keçdi?
- Seçimimə belə açıqlama gətirə bilərəm ki, “Beşiktaş”da qalaraq U-19 liqasında oynamaqdansa, peşəkar liqada oynamaq istəyirdim. Ona görə də bu cür qərar verdim.
- "Beşiktaş"da qala bilməzdin? A komandasında oynamaq şansın yox idi?
- Əlbəttə ki, "Beşiktaş"da qala bilərdim. A komandasında oynamaq isə indi çox çətin idi.
- Azərbaycan klublarından necə, heç təklif almamışdın?
- Xeyr, Azərbaycanın heç bir klubundan təklif almamışdım.
- Azərbaycanda “Neftçi” və “Qarabağ” klublarından birində oynamağı necə, heç fikirləşmisən?
- “Neftçi” də, “Qarabağ” da böyük klublardı. İnşallah, ümidvaram ki, bu klublardan birində oynamaq mənə qismət olar. Bu klublardan birində oynamaq istəyərm. İndi bütün fikrimi “Kuşadasıspor”a yönəltmişəm.
- Türkiyə üçüncü liqasında oynayaraq Azərbaycanın U-19 və U-21 yığma komandalarına dəvət almağın çətin olmayacaq?
- “Kuaşadasıspor”da oynamaq “Beşiktaş” U-19 komandasında oynamaqdan daha çətindi. Yəni, artıq peşəkar liqada oynayacağam. Sağolsunlar, Azərbaycandan da təbrik edənlər də oldu.
- Azərbaycan A millisində oynamaq haqda xəyal edirsən?
- Əlbəttə, gələcək illərdə Azərbaycanın əsas millisində oynamaq istəyərəm. Görək də necə olacaq. Zaman hər şeyi göstərəcək.
- Emre Kaplan Azərbaycan U-21 yığmasında oynadığı dövrdə Türkiyə U-21 yığmasından təklif aldığına görə ölkəsinə yollandı. Mert Çelik də Azərbaycanın əsas millisində çıxış edir. Sən özün necə, gələcəkdə karyeranda yüksəliş gedərsə, seçimini hansı yığmadan yana edəcəksən?
- Azərbaycan və Türkiyə arasında heç bir fərq görmürəm. Hər ikisi mənim üçün əzizdi. Mert Çelike gəlincə, haqqında xeyirlisi olsun. Onunla da qürur duyuruq.