"Xəzər Lənkəran" yetirməsi olan, uzun illər Cənub klubunun qapısını qorumuş Orxan Sadıqlı Sportal.az saytına müsahibə verib və komandanın yenidən böyük futbola qayıtmaq variantını şərh edib. Hazırda Regional Liqada mübarizə aparan "Xan Lənkəran"ın qapısını qoruyan Sadıqlı Cənub klubunun Premyer Liqada oynamaq ehtimalı haqda danışıb.
- "Xəzər Lənkəran"ın yenidən fəaliyyətə başlamaq məsələsi gündəm oldu. Bu haqda sənin daha əvvəldən xəbərin var idi?
- Arzumuz böyük futbolun Lənkərana qayıtmasıdı. Şükürlər olsun ki, bugünkü gündə belədi. Açığı, xəbərimiz yox idi. Çünki "Xəzər Lənkəran" və "Xan Lənkəran" rəhbərliyi tamam başqa insanlardı.
- Sizə məsələ haqda nə deyiblər? Nə vaxtdan "Xəzər Lənkəran" adı ilə oynayacaqsınız?
- Biz hazırda "Xan Lənkəran" futbolçularıyıq. Çempionata da bu adla davam edirik. Şəxsən mənim üçün "Xan Lənkəran" və ya "Xəzər Lənkəran" adı ilə oynamağın fərqi yoxdu. Biz Lənkəranın adı üçün mübarizə aparırıq. Dediyiniz mıəsələlər isə rəhbərliyə aiddi.
- Necə düşünürsən, Azərbaycan futbolunun "Xəzər Lənləran"a ehtiyacı var?
- Əlbəttə ki, Azərbaycan futbolunun hər zaman Cənub futboluna ehtiaycı olub. "Xəzər Lənkəran" da buna sübutdu. Ancaq nəinki "Xəzər Lənkəran"a ölkənin digər regionlarında da futbol olmalıdı. İmişli, Tovuz, Zaqatala, Gəncə, Mingəçevir, Yevlax rayonlarında həmişə futbol olub, futbolçular da olub. Əgər inkişaf istəyiriksə, birinci divizionda və Premyer Liqada komandaların sayı artırılmalıdı.
- Əgər "Xəzər Lənkəran" adı ilə oynayası olsanız minimum nə vaxta komandanı yüksək liqada görmək mümkündü?
- "Xan Lənkəran" olaraq hədəflərimiz olan, hər şeyə yenidən başlayan komandayıq. İndiki hədəfimiz oynadığımız liqada çempion olmaqdı. Ondan sonra isə nizamnaməyə əsasən 1-ci divizionda oynamalıyıq, daha sonra isə Premyer Liqada. Ancaq hər şey ola bilər. Çünki klubumuzun prezidenti komandanın birbaşa Premyer Liqada iştirak etməsini istəyir. Biz özümüz də həmçinin. Ancaq bu, bizdən asılı olan məsələ deyil. AFFA və qayda-qanun var.
- Növbəti dəfə "Xəzər Lənkəran"ı mecə təsəvvür edirsən? Uzun illər bu komandada oynamısan. Keçmişdəki komandadan kimləri yenidən "Xəzər Lənkəran"da görmək istəyərdin?
- Sizi inandırım, mən "Xan Lənkəran"a gələndən və "fırtınalar meydançası"na çıxandan sonra elə bilirəm, sanki Premyer Liqa oyunudu. Bizim üçün "Xan Lənkəran" və "Xəzər Lənkəran" fərq etmir. Əsas odu Lənkəranda futbol olsun, arena yenə də dolsun. İnanın, burada futbol olanda, insanlar elə davranır ki, sanki bayramdı. Arzum budu ki, komanda olaraq hədəflərimizə çataq. Məqsədimiz də Premyer Liqadı. Qaldı ki, məşqçi və futbolçulara...Bunlar rəhbərliyin verəcəyi qərardı. Məşqçi kim olursa-olsun, futbolçunun işi məşqçiyə hörmətlə yanaşıb, tapşırıqlarını layiqli şəkildə yerinə yetirməkdi. Hər kəs öz vəzifəsini yerinə yetirməlidi. Ancaq fikrimi soruşursunuzsa, "Xəzər Lənkəran"da Samir Abasovla çalışmaq istəyərdim.