"Zirə"nin ilk yarıda vurduğu 2 qoldan sonra hər şeyin bitdiyi anlaşılan idi" - MÜSAHİBƏ

14:47 - 16 Fevral 2022

“Səbail”in albaniyalı legioneri Yurgen Qoxa Sportal.az saytına müsahibə verib. O, ölkə kubokundakı uğursuzluqlarından və Premyer Liqanın 16-cı turu çərçivəsində sabiq komandası olan “Qəbələ”yə qarşı keçiriləcək görüş haqda danışıb.

- “Səbail” ölkə kubokunun 1/4 final mərhələsində “Zirə” səddini keçə bilmədi. Rəqibinizə 0:4 və 1:3 hesabları ilə uduzdunuz. Onlara qarşı oynamaq çox çətin idi?
- “Zirə” çox güclü komandadı. Biz rəqibə qarşı layiqli mübarizə apardıq. Ancaq biz daha yaxşı çıxış edə bilərdik. Onları qələbə münasibətilə təbrik etdik. 

- Evdəki oyunda hesabı açan tərəf idiniz. Hesab açıldıqdan sonra da qol şanslarınız var idi. Səncə, niyə sonda məğlub oldunuz?
- Doğrudu, oyuna çox yaxşı başladıq və hesabı açdıq. Hətta 2-ci qolu da vura bilərdik. Amma “Zirə”nin ilk yarıda vurduğu 2 qoldan sonra hər şeyin bitdiyi anlaşılan idi.

- Ölkə kubokundakı çıxışınızı dayandırdınız, qarşıda komandanı Premyer Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə qarşı oyun gözləyir. Bu matç haqda fikrin necədi?
- Rəqibdən asılı olmayaraq, biz hər matça qələbə üçün çıxırıq. Bəzən alınır, bəzən yox. Bu oyunda da necə olacağını zaman göstərəcək. Amma biz “Qəbələ” oyununa da qələbə üçün çıxacağıq. Ümidvaram ki, yaxşı nəticə qazana biləcəyik. 

- “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Həm də ölkə kubokunda yarımfinala vəsiqə qazandılar.  Səfərdə onları məğlub etmək sizin üçün realdı?
- “Qəbələ”yə gələcək oyunlarda və hazırki reytinqində uğurlar arzulayıram. Amma biz səfərə qələbə qazanmaq üçün yollanırıq. Düşünürəm ki, bizdə hər şey alınacaq. 

- “Qəbələ”yə qarşı oyun sənin üçün xüsusi olacaq? Maraqlıdı, yayda ayrıldığın klub bu mövsüm uğurlu çıxış edir deyə, oradan orada qalmadığına görə peşmansan?
- Bəli, “Qəbələ”yə qarşı matç mənim üçün xüsusidi. Çünki mən orada çox yaxşı vaxt keçirmişəm. Amma “Qəbələ”nin bir parçası olmağa davam etməmək mənim qərarım deyildi. Artıq bu keçmişdə qalıb. Hazırda “Səbail” üçün mübarizə aparıram və komanda üçün əlimdən gələni edirəm. 

Xəbər xətti