"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun formasını geyinmiş şimali makedoniyalı "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə görüşü haqda gözləntilərindən söz açıb.
Zəngin karyeraya malik olan Şakiri "Qarabağ"ın Fransa səfərindən uğurlu nəticə ilə qayıda biləcəyini söyləyib:
"Qarabağ" uzun illərdi ki, avrokuboklarda çıxış edir. Yəni, bu komandanın da Avropa təcrübəsi var. Doğrudu, “Marsel” güclü və tanınmış klubdu. Ancaq indi futbolda bu cür detallar qalmayıb. Hər bir komanda digərinə qalib gələ bilir. Ona görə də mümkünsüz heç nə yoxdu. Bu mənada "Marsel" - "Qarabağ" matçında şansların bərabər olduğunu düşünürəm.
"Qarabağ” illərdi ki, avrokuboklarda ən yaxşısını edir. “Marsel”lə matçda da buna davam etməyə çalışacaq. Ümidvaram ki, "Qarabağ" Fransada uğurlu nəticə qazanacaq".
“Vardar”, “Malatyaspor”, “ÇSKA”(Sofiya), “Olborq”, “Şkendiya”, “Vest Bromviç” klublarında çıxış etmiş Şakirinin son klubu “Qarabağ” olub. O, son olaraq İsveçrənin “Şafhauzen” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.