"Mahirin "Dinamo"ya keçidi nə irəliyə, nə də geriyə addımdı, bu, yerində saymaqdı" - MÜSAHİBƏ

15:08 - 17 Fevral 2022

Azərbaycan milli komandasının sabiq futbolçusu Vyaçeslav Lıçkin Sportal.az saytına müsahibə verib. “Anji”, “Neftçi”, “Xəzər Lənkəran”, “Trabzonspor” kimi klublarda oynamış Lıçkin hazırda “Zenit”in futbol akademiyasında fəaliyyət göstərir. O, saytımıza müsahibəsində bir neçə məsələ haqda danışıb. 

- Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo”ya keçidini necə qarşıladınız? Sizcə, o, Zaqreb klubunda özünü göstərə biləcək?
- Bu barədə nəsə demək çətindi. Çünki hələ meydana çıxmayıb. Mən Mahirə “Dinamo”da yalnız uğurlar arzulaya bilərəm.
 

- Son illərdə Azərbaycan futbolunda ən uğurlu transfer olduğunu demək olar? Yoxsa, başqa transferi xatırlayırsız?
- Baxır, biz nəyi uğurlu hesab edirik. Məncə, “Dinamo” top səviyyədə olan klub deyil. Bu cür klublardan yalnız tramplin kimi istifadə etmək lazımdı. Ki, daha ciddi liqalara, daha ciddi klublara düşəsən.

- “Legiya”dan ayrılıb “Dinamo”ya yollanmaq necə, irəliyə atılmış addımdı, yoxsa geriyə?
- Bu haqda da dəqiq bir söz demək olmur. Ona görə fikrimcə, bu, nə geriyə, nə də irəliyə addımdı. Bu, elə yerində addımdı. Daha yuxarılar üçün çalışmalıyıq.

- Rusiyada futbolun içində olduğunuza görə, bu sualı da vermək istəyirdim. “Ufa”da oynamış Azər Əliyev “Neftçi”yə keçdi. Böyük ehtimalla Azərbaycan millisində də oynayacaq. O, həm “Neftçi”yə, həm də Azərbaycan millisinə kömək edə bilər?
- Rusiya futbolunda çalışsam da, təəssüf ki, Azəri futbolçu kimi tanımıram. Oyununu da görməmişəm. Amma ona dəvət olubsa, demək ki, güvənirlər. Kömək olacaq ya, yox bu, artıq zamanla görünəcək.

- Yeri gəlmişkən, Ayaz Quliyev də Rusiya mətbuatına açıqlamasında Azərbaycan millisindəki mümkün çıxışından söz açıb. Digər azərbaycanlı Kamran Əliyev də “SKA Xabarovsk” forması geyinir. Sizcə, Ayaz, Azər, Kamran kimi futbolçular Azərbaycan millisinə nə dərəcədə kömək ola bilər?
- Necə olursa-olsun, hər bir halda mane olmayacaqlar. İstənilən məşqçi onun komandasında bu cür səviyyədə 20 yox, 25 futbolçunun olmasına şad olar. 

- Bu gün Azərbaycan futbolu üçün önəmli hadisələrdən biri baş tutacaq. Belə ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə üz-üzə gələcək. Bu görüşdə hansı nəticə olacağını ehtimal edirsiniz?
- Bəli, bugünkü oyuna mütləq baxacam. Baş məşqçini tanıdığıma görə deyirəm ki, “Qarabağ” üçün bütün oyunlar önəmlidi. Yəni, onlarda hansısa oyuna görə bölgü yoxdu, hər bir matç önəmlidi və komanda maksimumu etməyə çalışacaq. Bundan hansı nəticə çıxacaq, oyunda görəcəyik. Ümidvaram ki, hər şey “Qarabağ” üçün uğurlu olar. 

- “Marsel” Fransada çempionluq və Çempionlar Liqasına vəsiqə qazanmaq üçün oynayır. Bu mənada, onların Konfrans Liqasına və “Qarabağ”la oyununa qeyri-ciddi yanaşacağını ehtimal etmək olar?
- “Marsel”də peşəkarlar oynayır, onlar da qələbə üçün oynayacaq. Fransa klubları indi yüksəlişdədi. “Qarabağ”ın hansı durumda olduğunu bu matçda görmək istəyirəm. Uğur “Qarabağ”la olsun.

Xəbər xətti