“Qarabağ”ın veteran futbolçusu Kənan Kərimov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə oyununu dəyərləndirib.
- “Qarabağ”ın “Marsel”ə qarşı nümayiş etdirdiyi oyunu necə dəyərləndirərdiniz?
- Matç 2:1 hesabı ilə başa çatsaydı, “Qarabağ” üçün daha yaxşı olardı. Hesaba baxmayaraq demək olar ki, “Qarabağ” cəsarətli futbol nümayiş etdirdi, yaxşı oynadı. Səfərdə 1:2 hesabı ilə uduzsaydılar, Bakıdakı görüşdə geridönüş edə biləcəkləri daha da inandırıcı olardı.
- Daha yaxşı nəticə üçün “Qarabağ”da çatışmayan nə idi?
- Qol epizodlarımız çox oldu. “Qarabağ”ın avrokuboklarda yetərincə təcrübəsi var. Sadəcə şanssızlıq oldu. Qol epizodlarının boşa verilməsini şanssızlıqla əlaqələndirərdim. “Qarabağ” birinci dəfə deyildi ki, avrokuboklarda oynayır. Deyək ki, həyəcan var idi. Sadəcə bəxtsizlik oldu.
- Luka Quqeşaşvilinin çıxışını necə dəyərləndirirsiniz? Buraxılan qollarda nə qədər səhvi var idi?
- Onun çempionat oyunlarında çıxışını izləmişəm. Pis dayanmırdı, komandaya köməyi dəyirdi. Qapıçıdı da səhv edə bilər. Fikrimcə, ev oyununda Quqeşaşvili dünənki səhvləri təkrarlamaz və qapıda daha yaxşı dayanar.
- “Qarabağ”ın 1:3 hesablı məğlubiyyəti növbəti mərhələ şansını nə dərəcədə azaldır?
- Biri var 1:2 uduzasan, biri də var 1:3 hesabı ilə uduzasan və iş daha da çətinləşsin. Əlbəttə ki, sonuncu qolu buraxmasaydılar daha yaxşı idi. Bilirsiz, 1:3 daha çətin hesabdı. İstənilən halda, “Qarabağ”ın Bakıda azarkeş dəstəyindən də istifadə edərək, daha yaxşı oynayacağına və məğlub olmayacaqlarına inanıram.
- Bakıdakı oyunda “Marsel”ə qarşı necə oynamaq lazımdı?
- Dünənki matçda “Marsel” ilk yarıda aparıcı oyunçularından çox da istifadə etmirdi. Baş məşqçi oyunun gedişatına görə hərəkət edirdi. Sonradan əsas heyət oyunçuları meydana daxil oldu və hücumameyilli oynayıb, qol vurmağa çalışdılar. Buna da nail oldular. “Marsel” kimi komanda ilə açıq futbol oynamaq da düzgün deyil. Ən azından bu, təhlükəli olar. Ehtiyatlı başlamaq lazımdı. “Qarabağ”ın Bakıdakı oyunda qol epizodları çox olacaq. İnanıram ki, futbolçularımız lazımınca bundan istifadə edəcək. İlk dəqiqədən açıq futbol oynayıb, hücuma qaçmaq səhv gediş olardı.
- Faiz etibarilə “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək şansı nə qədərdi?
- Evdə oynayır “Qarabağ” və məncə, şanslar 50/50-di. Çalışacaq, hamımız dəstək olaq “Qarabağ”a. Mərhələni keçsək, daha yaxşı olardı.