“Keşlə”nin qapıçısı Kamal Bayramov Sportal.az saytına müsahibə verib. Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirilən matçda komandasının qapısını qoruyan təcrübəli kiper məğlubiyyəti şərh edib.
- Oyuna pis başlamasanız da sonda 1:3 hesabı ilə uduzdunuz. Komandanın məğlubiyyətinə səbəb nə idi?
- Bu oyuna qələbə üçün köklənmişdik. Həftə ərzində də bu yöndə çalışmalarımız getdi. Əslində, “Neftçi” matçına yaxşı başladıq, qol fürsətlərimiz oldu. Sadəcə dəyərləndirə bilmədik. Bu da gedişata təsir etdi, gərginlik oldu. Halbuki yetərincə qol imkanlarımız var idi. Dəyərləndirə bilsəydik, hazırda başqa suallara cavab vermiş olacaqdım.
- “Neftçi”ni evdəki matçda geridönüşlə məğlub edə bilmişdiniz. Həmin oyunla bu dəfəki arasında hansı fərq oldu?
- İki komanda arasında fərq böyükdü. Büdcə və material baxımından deyirəm. Ancaq hesabı nəzərə almasaq, meydanda bizim daha keyfiyyətli qol imkanlarımız olduğunu deyə bilərəm. Bunun da müəyyən səbəbləri var. Hazırlıq baxımından “Neftçi” bizdən üstün oldu.
- Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”a 0:6 hesabı ilə uduzdunuz, bu dəfə “Neftçi”yə 1:3 hesabı ilə məğlub oldunuz. Komandada nə baş verir, uğursuzluqların səbəbi nədi?
- 0:6 hesablı məğlubiyyətdən sonra toparlanmaq çətin idi. Amma “Neftçi” qarşısında 1 həftə əvvəl “Qarabağ”a 0:6 hesabı ilə uduzan yox, keyfiyyətli qol imkanları yaradan komanda var idi. Sadəcə sonluq çatmadı. Futbolda dünən yoxdu, bu gün və sabah var. Qarşıdakı çətin oyunlara hazır olmalıyıq, işləyirik. Bunun bəhrəsini görəcəyik.
- Tez-tez mətbuatda baş məşqçi ilə futbolçular arasında münasibətin yaxşı olmadığı deyilir. Sənan Qurbanovu istəməyən futbolçular var komandada?
- Nəticələr yaxşı deyil. Belə olan halda müəyyən qüvvələr, kənar müdaxilələr hiss olunur. Olmayan söhbətlər, olan söhbətlərdən artıq olur. Bu da normal haldı. Biz bu cür maneələrdən çox keçmişik, işimizə davam edirik. Bir-birimizə hörmətlə yanaşan insanlarıq.
- Qarşıdakı mövsümdən liqada komanda sayı 10 olacaq və “Keşlə” martdan “Şamaxı” adı ilə çıxış edəcək. Ola bilər ki, liqadan düşməyəcəyiniz dəqiqdi deyə, komanda rahat oynayır, sizi narahat edən bir şey yoxdu?
- Yox, elə bir şey yoxdu. Biz ili boşa vermək istəmirik. Futbol həyatı qısadı. Həqiqətən bilsəz ki, biz necə əziyyətlərə qatlanırıq, fiziki, psixoloji cəhətdən... Hər şeyi öz xeyrimizə desək, düşünürəm ki, sizdə də bu fikirlər formalaşmazdı.
- Premyer Liqadanın 17-ci turu çərçivəsində “Qarabağ”la üz-üzə gələcəksiniz. Hansı ki, “Qarabağ” sizdən əvvəl “Marsel”lə oynamış olacaq. Həmin oyunun nəticəsinin sizin oyuna təsiri olacaq?
- "Qarabağ" hörmət olunası camiədi. Son illərdə görməmişəm ki, hansısa oyunun nəticəsi "Qarabağ"ın növbəti matçına təsir etsin. Bəli, çətin təqvimdəyik. Hər işdə bir xeyir var. "Qarabağ"a qarşı da qələbə üçün oynayacağıq.