"Qarabağ"ın sabiq kapitanı, bu komandada məşqçi kimi də çalışmış Nazim Mehrəliyev Sportal.az saytına müsahibə verib. Ağdam klubunun veteran futbolçu və məşqçisi Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın avrokuboklardakı çıxışı barədə danışıb.
- “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”ə uduzdu. “Qarabağ”ın Fransadakı oyununu necə dəyərləndirirsiniz?
- “Qarabağ” “Marsel”lə matçda çox yaxşı təsir bağışladı. Baxmayaraq ki, 1:3 hesabı ilə uduzdular. Futboldur da, istənilən nəticə ola bilər. İlk 30 dəqiqə “Qarabağ” “Marsel”i “məhv” etməliydi. Çünki çox yaxşı oynamışdı. Hesab oyuna görə olmadı.
- Səfərdə “Qarabağ” daha sərfəli və yaxşı nəticəsinin olması üçün nə etməliydi?
- Bunun üçün müdafiə və qapıçı etibarlı oynamalı idi. Nə qədər ki, Bədavi Hüseynov yoxdu, səhvlər olacaq. Futbolda səhvlər də həmişə olur. Bədavi müdafiə olanda tam arxayın olmaq olar. İlk qolda Luka Quqeşaşvilini günahlandırmaq olar. Çünki çıxışda düzgün oynamadı. Arkadiuş Milik də onu qabaqlayaraq qolunu vurdu. Hesab 1:2 olsaydı, çox söz demək olardı. Yəni, şansımız daha çox olardı. 1:3 hesabından sonra şanslar 50/50-di. Ümidvaram ki, yaxşı olacaq.
- Bakıdakı matçda “Qarabağ”ın necə oynayacağını ehtimal edirsiniz?
- Mənə elə gəlir ki, “Qarabağ” Fransadakı oyunu oynasa, yaxşı olacaq. Hansı ki, ilk 30 dəqiqədə “Qarabağ” “Marsel”i qapısına sıxışdırmışdı. Meydanda “Marsel” adında klub yox idi. Həmin oyunu oynayıb, bir də şanslardan istifadə etmək lazımdı. Bu cür oyunlarda şansları boşa vermək olmaz. Hesab “Marsel”i qane edir deyə, müdafiədə oturacaq və əks-hücumlara üstünıük verəcəklər.
- Hücum xəttində İbrahima Vadji, qapıda isə Luka Quqeşaşvili sanki komandasının ən zəifləri idi. Onlar haqda hansı fikirdəsiniz?
- Qurban Qurbanovun bu heyəti dəyişməyəcəyini düşünürəm. Eyni heyətlə “Marsel” matçına çıxacaqlar. İbrahima Vadjinin hücumda olması vacibdi. İnanıram ki, Bakıda qolunu vuracaq.
- “Marsel” top komandalardan olsa da, “Qarabağ”ın onlara qarşı rahat oynamasının səbəbi nədə idi, çempionatımızın səviyyəsi, yoxsa “Qarabağ”ın öz səviyyəsidi?
- “Qarabağ” “Marsel”dən qabaq da bir nçeə iddialı və səviyyəli rəqiblərlə əoynayıb. Və heç kimdən çəkinməyib. “Marsel”ə qarşı da "Qarabağ" çəkinməyərək, onlara qarşı yaxşı futbol oynayacaq. Uğurlu nəticə qazanacaqlarına inanıram.