"Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev Sportal.az saytına müsahibə verib. O, hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan komandasının çempionatdakı çıxışını dəyərləndirib.
- “Qəbələ” ölkə çempionatının yola saldığımzı turunda “Səbail”ə 2:0 hesabı ilə qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı?
- Ağır oyun olacağı bəlli idi. “Səbail”ə 5:0 hesabı ilə qalib gəldiyimiz oyun da ağır keçmişdi. Həmin vaxtı da qolları 70-ci dəqiqədən sonra vurmuşduq. Bu oyunda da belə oldu. Çətin oyun gedirdi. “Səbail” qol vursaydı bəlkə də bizi məğlub edərdi. Ancaq qismət belə imiş, qolu biz vurduq, qalib gəldik. Turnir cədvəlindəki yerimizi möhkəmləndirmək istəyirik. Hər xalın gələcəkdə bizə çox köməyi olacaq
- Komandanın növbəti turdakı rəqibi “Sumqayıt”dı. Kubokdan uzaqlaşdırdığınız rəqib yəqin ki, sizinlə oyuna revanş hissi ilə çıxacaq. Bu mənada, onları məğlub etmək çətin olmayacaqki?
- Qəbələdə “Sumqayıt” səddini keçdik. Yenə də onlarla oynayacağıq. “Sumqayıt”a qarşı hər oyun çətindi. “Neftçi” və “Qarabağ”a qarşı oyunlar daha yaxşı keçir, nəinki “Sumqayıt” və “Səbail”ə qarşı. Yəni, belə oyunlarda ancaq döyüşürsən, mübarizə aparırsan. Ən ağır oyunlarımız bu oyunlardı. Çox əziyyət çəkməlisən ki, qələbə qazanasan. Qələbə qazanmaq istəyirik. Allah qoysa, bunu bacararıq.
- “Qəbələ” hazırda turnir cədvəlinin 2-ci pilləsindədi. “Zirə” isə sizdən cəmi 1 xal geridədi. Son turda da “Sabah”a qalib gəldilər...
- “Zirə” qış fasiləsində heyətini gücləndirib. Yaxşı legionerlər gətiriblər. Əsasən hücum xəttində güclənmələr gedib. Bu da öz sözünü deyir. “Sabah”la oyunda da ön xətdəki keyfiyyətlilik özünü göstərdi. Biz komanda olaraq heç kimdən çəkinmirik. Öz oyun üslubumuz var və bununla da davam edirik. Futbolda qələbələr də olur, məğlubiyyətlər də. “Zirə” ilə də oynayacağıq, hansı tərəf haqq edirsə, qələbə qazanar.
- “Zirə”nin sizi turnir cədvəlində ötüb keçmək təhlükəsini hiss edirsiniz?
- Xal fərqimiz böyük deyil, cəmi 1 xaldı. Olur, niyə də olmasın? 8-12 xallıq fərqlər aradan qalxır. 1 xallıq fərq böyük deyil.
- Ölkə kubokunda da çıxışınızı davam etdirirsiniz. “Qarabağ” səddini keçə bilərsiniz?
- Şans həmişə var. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail” bu mövsüm “Qarabağ”ı məğlub edən yeganə komandadı. Şans həmişə var. “Qarabağ”ın gücünə bələdik. Elmar Baxşıyev deyib ki, bizim üçün uzunmüddətli tsikl yoxdu, biz oyundan-oyunanı fikirləşirik. Hər oyuna qələbə üçün çıxacağıq. Bilmək olmur heç nəyi. Finalda oynaya da bilərik, oynamaya da bilərik. Zaman göstərəcək.