"10 min federasiya verdi, 10 min də..." - MÜSAHİBƏ

19:12 - 21 Fevral 2022

Azərbaycan millisinin sabiq forvardı, “Bakı”nın heyətində 2014/2015 sezonunda Premyer Liqanın bombardiri adını qazanmış Nurlan Novruzov Sportal.az saytına müsahibə verib. “Maçhindra”nın heyətində Nepal çempionu adını qazanan 28 yaşlı forvard Asiyadakı karyerasından danışıb.

- Nepalda çempionluq qazandın. Necə alındı çempionluq? Mövsümü özün üçün necə dəyərləndirirsən?
- Bura gələndə hədəfim çempionluq idi. Amma bu heç də asan olmadı. Ağır oyunlar keçdi. Bəzi oyunlarda tam heyətlə də oynaya bilmədik. Çünki zədəlilərimiz olurdu. Bütün bunlara baxmayaraq, çempionluq hər şeyi unutdurdu. Mənim üçün gözəl mövsüm oldu. Qarşıda bizi kubok oyunları gözləyir. Hədəf yenə də çempionluqdu.

- Ölkə xaricində çempionluq qazandın. Nepal çempionatındakı çempionluq sənin üçün böyük uğur sayıla bilər?
-
Peşəkar səviyyədə ilk çempionluğumu "Bakı" ilə qazanmışam. Xaricdə çempion olmağın sevinci böyükdü. Başqa hislərdi. "Narva Trans" klubu ilə Estoniya kubokunda 2 dəfə final oynasam da, çempion ola bilmədik. Burada çempion olduğuma görə xoşbəxtəm.

- Nepal çempionatı Azərbaycan Premyer Liqasından çox zəifdi? Hansı fərqlər var, hansıları qeyd edə bilərsən?
-
Bu gün elə dövrdə yaşayırıq ki, oyunları internet vasitəsilə izləmək mümkündü. Oyunlarımız hər həftə həm TV, həm də "yutub"dan canlı yayımlanır. Deməzdim ki, Nepal çempionatı Azərbaycan Premyer Liqasından çox zəifdi. Nepal deyəndə çoxları tanımır, düşünür ki, yəqin orada futbol yoxdu. Buradakı atmosferdə oynamaq məncə, hər bir futbolçusun arzusudu. Hər oyunumuz 7-10 min azarkeş qarşısında keçir. İndi pandemiya ilə əlaqədar belə az olur. Nepalda futbolu çox sevirlər. Çempionatın səviyyəsi də çox yaxşıdı.

- Katmandudakı həyat necə gedir? Koronavirusla vəziyyət nə yerdədi? Şəhərdə səni tanıyırlar artıq, yoxsa necə?
-
Koronavirusla bağlı bu dəqiqə vəziyyət normaldı. Getdiyim restorantlarda məni tanımaqları xoşuma gəlir, nə yalan deyim? Ancaq yenə də diqqətim oyunlardadı. Çünki futbolda nə qədər yaxşı formada olsan, o qədər hörmətli olacaqsan.

- Çempion olduğunuz son turda həm də oyunun və mövsümün ən yaxşı seçildin. Maraqlıdı, fərdi olaraq ən yaxşı seçilmisən deyə, çempionatı keçirən qurum nə qədər mükafat verəcək sənə?
-
Həmin mükafat oyunun ən yaxşısı seçildiyim üçün verilmişdi. Çempionatın ən dəyərli oyunçusu mükafatı deyil. Hər matçın dəyərli oyunçusu seçiləndə federasiya yerli pulla 10 min verir. Üstəlik klub prezidenti də əlavə olaraq, mənə 10 min mükafat verdi. Toplasaq, bizimlə pulla 300 manat edir. Həftəlik xərcim çox az olur. Çünki burada hər şey ucuzdu.
 

- Maraqlıdı, uzun illər Nepalda oynayası olsan, səncə, Nepal millisinə cəlb olunmaq ehtimalı yarana bilər?
-
Xeyr. Azərbaycanlı olaraq başqa ölkənin millisində oynaya bilmərəm. Nepal millisindən dəvət gələrsə, söhbəti elə orada da bağlayaram.

- Asiyanın daha güclü liqalarına, klublarına kjeçmək kimi variantın varmı?Yoxsa, təklif almamısan?
-
Bura gəlməmişdən əvvəl İndoneziya klublarından təkliflərim var idi. Koreyalı menecerimə dedim ki, bu təklif haqda düşünməliyəm. Çünki artıq Nepaldakı klub prezidentinə gələcəyimlə bağlı söz vermişdim. Menecerim də məni anlayışla qarşıladı. İndi isə artıq menecerimin edəcəyi təkliflə razılaşacam. Çünki həqiqətən mənim bura gəlməyimə normalda əngəl yarana bilərdi. Müqaviləm olduğuna görə bəlkə də bu il Nepaldakı son ilimdi. Bilmirəm, yaşayaq görərik.


Xəbər xətti