"Qarabağ"ın oyunun çox bəyəndim. "Marsel"ə qarşı layiqli futbol oynadılar. Rəqib Fransa klubudu, favorit idi. Amma "Qarabağ"ın gücü və oyunu göz qabağındadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Borçe Xristov deyib.
"Qarabağ"ın sabiq məşqçisi Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə ilk oyunu haqda danışıb.
"Rabotniçki"nin baş məşqçisi olan şimali makedoniyalı mütəxəssis Marseldəki oyunu dəyərləndirdikdən sonra növbəti mərhələyə çıxmaq şanslarını da dəyərləndirib: "Səfərdəki oyunda qapıçı səhvlər etdi. Amma bir neçə epizodda yaxşı reaksiyalar da göstərdi. Belə oyunlarda minimum səhvlər qol gətirir. Hər halda təkcə Luka Quqeşaşvili səhv etmədi, Kevin Medinanın da səhvləri var idi. Müdafiəçilər də bəzi epizodlarda səliqəli oynamadı. Ümid edirəm ki, daha yaxşı olacaq.
Cavab qarşılaşması da yaxşı alınacaq. "Qarabağ" evdə də Fransadakı oyunu təkrarlayacaq. Təbii ki, növbəti mərhələ şansları qalıb, fərq 2 topdu. "Qarabağ" "Marsel"i keçə biləcək gücdədi. Onlar buna layiq olduqlarını da göstərdi".