"Zirə"nin yeni transferi Ahmed Ayzaya Azərbaycan çempionatının 16-cı turu çərçivəsində "Sabah"la oyunda meydana çıxaraq ölkə çempionatında debüt etmiş olub. "Sportinq"dən (Kovilya) gələn yarımmüdafiəçi Premyer Liqamızda oynamış 40-cı nigeriyalı kimi tarixə keçib.
Ahmedə qədər ölkəmizdə 39 nigeriyalı oynamışdı. "Zirə"nin yeni transferinə qədər isə hazırda ölkəmizdə yalnız 1 nigeriyalı çıxış edirdi. O da "Neftçi"nin aparıcı üzvü Yusuf Laval idi. "Keşlə"nin yeni transferi Natan Oduva da əslən nigeriyalı olsa da, o, Böyük Britaniya vətəndaşıdı və PFL-ə bu vətəndaşlığı ilə sifariş verilib. Azərbaycan klubları arasında ən çox nigeriyalı futbolçuya ehtiyac duyan komandalar isə “Bakılı” (9) və “Turan” (5) olub. “Zirə” tarixində də nigeriyalı oyunçular az olmayıb. Belə ki, Ayzaya bu komandanın 4-cü nigeriyalısıdı. Ona qədər isə Viktor İqbekoye, Akem Latifu və Çimezi Mbah "Zirə"ə üçün çıxış etmişdi. Ahmedə qədər Azərbaycanda oynamış ən yaddaqalan nigeriyalı futbolçuları təqdim edir.
Pius İkediya
İkediya Azərbaycana gələnə qədər Niderlandda tanınmış klublarda oynayıb. 1999-2005-ci illərdə “Ayaks” forması geyinmiş veteran futbolçu AZAL-da oynamışdı. Paytaxt klubunun heyətində 2011/2012 mövsümündə avrokuboklarda çıxış etmiş nigeriyalı DÇ-2002-nin iştirakçısıdı. O, Cənubi Koreya və Yaponiyada keçirilən mundialda Nigeriya millisinin heyətində Argentina, İsveç və İngiltərəyə qarşı forma geyinib. Son olaraq isə İkediya Niderlandda “Oostzaan” klubunun şərəfini qorumuşdu.
Emeka Opara
Aktiv futbolçu karyerasını başa vuran Opara Azərbaycana gələnə qədər "Etoil du Sahel" və "Kayzerslauten" kimi tanınmış klublarda çıxış etmişdi. “Xəzər Lənkəran”da 3 mövsüm oynadıqdan sonra Küveytə yollanmış nigeriyalını ölkəmizə "Qarabağ" qaytarmışdı. Amma onun Ağdam klubunda uğurlu olduğunu söyləmək olmaz. Karyerasının son günlərini isə ölkəsində “Kano Pillars”da keçirmiş Opara daha çox "Xəzər Lənkəran" azarkeşlərinin etimadını qazana bilmişdi.
Toni Aleqbe
Azərbaycanda oynamış nigeriyalılar arasında öz millisinin şərəfini qorumuş azsaylı futbolçulardan biri də Toni Aleqbedi. Ukraynada çıxış etdiyi etdikdən sonra, 2006-cı ildə “İnter”ə (indiki “Keşlə”) keçən müdafiəçi mövsüm sonuna kimi 18 oyuna çıxmışdı. Amma Nigeriya millisində 4 oyun keçirmiş afrikalı ölkəmizdə çox qalmayaraq, Ukraynaya dönmüşdü. O, bu dəfə “Karpatı” ilə anlaşmışdı. Son dəfə isə 2012-ci ildə Almaniya Regional Liqada çıxış edən Aleqbe karyerasını başa vurmuşdu.
Laki İdahor
Laki, Azərbaycanda oynamış ən məşhur futbolçulardandı. “Dianmo”(Kiyev), “Vorskla” karyerasının ardından onun yolu Azərbaycandan keçmişdi. 2004-cü ildə “İnter”lə müqavilə imzalamış nigeriyalı Premyer Liqamızda da səviyyəsini göstərə bilmişdi. 2006-cı ildə ölkəmizi tərk edən nigeriyalı “Karpatı”ya keçmişdi. Karyerasının böyük hissəsi Ukrayna ilə bağlı olan veteran futbolçu Nigeriya millisinin də üzvü idi.
İfeanyi Emeqara
Əslində, bu ad soyaddan fərqli olaraq, bəlkə də əksər futbolsevər üçün yaddaqalan deyil. Amma İfeanyi Azərbaycanda oynayan Nigeriya millisinin üzvlərindən olub. 2013-cü ildə “Qəbələ”yə transfer olmuş bölgə klubunda möhkəmlənə bilməmişdi. Halbuki buna qədər o, “Partizan” və “Styaua” kimi klublarda çıxış etmişdi.