"Qarabağ"ın formasını geyinmiş Vasif Haqverdiyev Sportal.az saytına müsahibə verib. Ağdam klubununun veteran futbolçusu komandanın Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə cavab oyunundakı şanslarını dəyərləndirib:
- "Qarabağ" "Marsel"i bu dəfə Bakıda qəbul edəcək. Səncə, ağdamlılar evdə necə oynayacaq və necə oynamalıdı?
- Sözsüz ki, “Qarabağ” müdafiə xəttində diqqətli oynamalıdı. Onlar öz oyun stilinə sadiq qalaraq, hücum futbolu oynayacaqlar. Topa daha çox nəzarət edərək, öz imkarnlarından istifadə etməyə çalışacaqlar. Mənim fikrimə qalası olsa, “Qarabağ” qol vurmağa tələsməməlidi. Çünki rəqib əks-hücumda “Qarabağ”ı tuta bilər. Ona görə də "Qarabağ" tam gücünü ikinci hissəyə saxlamalıdı, birinci hissə diqqətli olmaq lazımdı. İlk yarıda hesab 1:0 olarsa, ikinci yarıda ikinci qol üçün irəli atılmaq mümkündü. Sadəcə hesab durumu çətinləşdirir. Bu oyun daha çox diqqət tələb edir. Necə oynamaqlarına Qurban Qurbanov “Marsel”dəki oyunu analiz edib, qərar verəcək. Rəqibi daha yaxından tanıyırlar. Ona uyğun da oyunu quracaqlar.
- 1:3 hesablı məğlubiyyət "Qarabağ"ın növbəti mərhələ şanslarını nə dərəcədə azaldır?
- Əlbəttə ki, 1:3 hesablı məğlubiyyət şansları azaldır. Çünki rəqibin əks-hücuma çıxma şansı çox olacaq. Cinahda sürətli oyunçuları var, təcrübəlidilər. İkinci zonada “Qarabağ”ı qarşılayıb, əks-hücumlara çıxmaq istəyəcəklər. Çünki 3:1 hesabı onların xeyrinədi və burada sırf nəticə qazanmaq istəyəcəklər. Şans “Qarabağ” üçün azalır. Amma “Qarabağ”a inam böyükdü. "Qarabağ"ın göstərdiyi oyun sürpriz edə biləcəklərinə inam yaradır. Azarkeşlərin də dəstəyi və gözəl futbolla nəticə verməyə çalışacaqlar. Ən azından mübariz və baxımlı futbol oynayacaqlar.
- Səncə, Qurban Qurbanov Fransadakı oyunla müqayisədə heyətdə dəyişikliyə gedəcək?
- 1 oyunçu olar. Çox da ciddi dəyişiklik etməyəcəklər. Çünki formalaşmış, oturuşmuş heyətləri var. Həmin heyəti cavab oyunu öncəsi qlobal dəyişikliyə getmək düz olmaz. Qurban Qurbanov çempionat oyunlarından fərqli olaraq avrokuboklarda çox da rotasiyalar etmir. Olsa belə, 1 oyunçunu dəyişər. Təbii ki, onun qərarı olacaq.
- Səfərdəki matçda komandanın ən zəifi və ən güclüsü səncə kim idi? Luka Quqeşaşvilinin çıxışını zəif olduğunu deyənlər az deyil. Razısan bununla?
- Komanda şəklində “Qarabağ” “Marsel”dən geri qalmadı, hətta oyun planında üstün idi. Sözsüz ki, komanda uduzursa, müdafiə xəttində boşluqlar olub. Kevin Medina və qapıçıda kobud səhvlər oldu. Bunlar fərdi əshvlər idi. Amma kritik qurtarışları da oldu. Sadəcə, yaddaqalan Medina və Lukanın kobud səhvləri idi deyə, insanlar onların zəif olduqlarını deyirlər. Ümidvaram ki, bu dəfə onlarda daha uğurlu alınar. Lukanı daxili liqada görmüşük. Konfrans Liqası isə tam fərqlidi. Ustalığını göstərməlidi. İnanıram ki, uyğunlaşar daha uğurlu çıxış edər.
- Fərdi səhvləri nəzərə almasaq, "Qarabağ" "Marsel" kimi komandaya qarşı rahat futbol nümayiş etdirə bildi. Səncə, bu nədən irəli gəlir, "Qarabağ"ın səviyyəsi geridə qoyduğumuz illərdə çox yüksəlib, yoxsa fərdi olaraq oyunçular güclüdü deyə, belədi və ya çempionatın səviyyəsidi?
- Azərbaycan və Fransa çempionatını eyniləşdirmək olmaz. “Qarabağ” inamlı oynayır. Onların qrupdan çıxmaq, daha yaxşı nəticələr əldə etməsi onlara inam verir. Məşqçilər korpusunun rolu böyükdü. 8 ildir ki, bunu daim edirlər. Komanda şəklində daha yaxşıdılar. Çempionatımızın səviyyəsi Konfrans Liqasının səviyyəsindən zəif olsa belə, “Qarabağ” Avropada təcrübə toplayıb. Ən gözəli odur ki, hesaba baxmayaraq oyun intizamı qoruyub-saxlaya bilirlər.
- "Qarabağ"ın 1:3 hesablı məğlubiyyətinini əvəzini çıxaraq, "Marsel" kimi güclü rəqibi keçərsə, artıq bu turnirdə hətta qalib olmağa da iddialılardan sayıla bilər?
- Hamımız “Marsel”i keçəcəyinə inanırıq. Futbolda proqnoz verək çox çətindi. Hər bir klub istəyər ki, daha da yüksəklərə qalxsın. "Qarabağ" "Marsel"i keçərsə, iki qat motivasiya olacaq. Amma bu o demək deyil ki, "Qarabağ" iddialılardan sayılacaq. Sadəcə imkanları daxilində çalışacaqları ki, iddialılar sırasına qoşulsunlar. Niyə də yox? Zaman göstərəcək ki, “Marsel”i keçə biləcəyik, ya yox. Bunlar gələcəyin işidi, zaman göstərər.