Azərbaycan millisinin sabiq kapitanı Rafael Əmirbəyov Sportal.az saytına müsahibə verib. Veteran futbolçu "Qarabağ"ın avrokuboklardakı şanslarını və Mahir Emrelinin "Dinamo"dakı çıxışını dəyərləndirib.
- "Qarabağ" Konfrans Liqasında "Marsel"lə cavab oyununa çıxacaq. Fransada 1:3 məğlub olan "Qarabağ" daha yaxşı nəticə qazana bilərdi?
- "Qarabağ" Fransada doğurdan da çox yaxşı oynadı. Rəqib güclü heyətə malikdi. Ancaq "Qarabağ" səfərdə çox yaxşı oyun göstərdi. Hesab 3:1-lik deyildik. Həmin oyunla "Qarabağ" Fransada ən azından bərabərə qalmalı idi. Ancaq kobud səhvlər bu cür nəticəyə gətirib çıxardı. Təbii ki, səhvə məcbur edən "Marsel"in sürəti və təzyiqidi. Səhvlərin olmaması üçün daha konsentrasiyalı oynamalıydı oyunçular.
- "Qarabağ"ın növbəti mərhələ şanslarını necə dəyərləndirirsən? Səncə, "Qarabağ" nəyin hesabına "Marsel"i keçə bilər və inanırsan ki, belə olacaq?
- "Qarabağ" evdə oynayır və bu artıq üstünlükdü. Doğma azarkeş, dəstək, bunlar hamısı futbolda böyük amildi. Futbolçular da daha diqqətli və konsentrasiyalı oynamalıdı. Məhz bu halda "Qarabağ" "Marsel"ə qalib gələ bilər. İnanın, səhv etməməklə nəticə qazanmaq olar. "Qarabağ" rəqibini indi daha yaxşı tanıyır.
- Avropa Liqasında isə millimizin forvardı Mahir Emrelinin komandası "Dinamo" çıxış edir. "Sevilya"ya ilk oyunda uduzdular onlar da. Emreli "Sevilya" ilə görüşdə debüt etdi. Onun haqda hansı fikirdəsən?
- Mahir Emrelini yaxşı tanıyıram. Çox istedadlı futbolçudu. Onun keyfiyyətləri, bacarığı imkan verir ki, böyük klublarda oynasın. Ancaq çox şey onun özündən asılı olacaq. İndiki halda Mahir tam formada deyil. Zamanla daha yaxşı forma yığacaq. Bunun üçün yorulmadan işləmək lazımdı.
- Hələ ki, Mahir Xorvatiya çempionatında debüt etməyib. Baş məşqçi Jelko Kopiç onu qoruyur deyə, birdən-birə şans vermir, yoxsa məşqlərdə özünü göstərə bilmir?
- Düşünürəm ki, baş məşqçi Mahiri qoruyur və daha optimal formasını gözləyir. Çünki hazır olmadığı halda Mahir zədələnə də bilər.
- Vaxtilə ölkəmizdə çempionat dayananda əksər oyunçular ölkə xaricinə, İrana, Ukraynaya yollandı. İndi isə azərbaycanlı futbolçular Polşa aşağı liqasına, Latviya, Litva kimi ölkələrə yollanır. Səncə, bu onların karyera qurması baxımından tramplindi, yoxsa Polşa 4-5ci liqasını tramplin hesab etmək olmaz?
- Düzgün buyurursunuz, o vaxtı futbol dayananda, bütün futbolçular xaricə üz tutdu. Eləcə də mən. Əgər cavan futbolçular siz sadaladığınız klublara keçirlərsə və məqsəd daha da yüksəklərə getməkdisə, bunun üçün davamlı irəliləyirlərsə, bu, heç də pis deyil. Əgər gedib oralarda dayanırlarsa, o zaman vaxt itkisidi.