Medianın İnkişafı Agentliyinin layihəsi
XIV YAZI
Azərbaycan futbolunun reallıqlarına yaxından bələd olan mütəxəssislərdən biri də Azər Bağırovdur. PRO kateqoriyalı məşqçi həm Premyer Liqada, həm divizionda, həm də aşağı yaş qrupları üzrə komandalarda çalışıb. Bağırovun yeni dayanacağı Naxçıvandır. Bilirik ki, muxtar respublikada futbolun inkişaf etdirilməsi istiqamətində əməli fəaliyyətə başlanılıb. Azər Bağırovdan da əvvəlcə oraya gedişi ilə bağlı maraqlandıq:
"Araz Naxçıvan" rəhbərliyi ilə görüşümüz oldu. Uzunmüddətli layihə, işlərin yavaş-yavaş görülməsi, ilkin olaraq nəticələrə yox, bünövrənin düzgün qurulmağına önəm verilməsi mənim üçün çox maraqlı oldu. Bəzi perspektivli məsələlər də ortaya çıxdı. Gələcəkdə uşaq futbolunun inkişafı düşünülür. Federasiya rəhbərliyi ilə tanışlıqdan sonra mən də Naxçıvan futboluna öz töhfəmi verməklə bağlı razılaşdım. İşlərin çox olacağını, ilk vaxtlarda ailəmin yanında olmayacağını bilirəm. Çox şey sıfırdan qurulacaq. Demək olar ki, 2013-2014-cü illərdən sonra Naxçıvanda böyük futbol yox səviyyəsində idi. Komandaya gəldikdən sonra doğrudan da bunlar qabarıq şəkildə üzə çıxdı. Məni düşündürən bəzi məsələlər var. Böyük işlər görmək üçün yolumuza davam edəcəyik. Düşünürəm ki, yaxın zamanlarda hər şeyi pillə-pillə edəcəyik və bunların hamısının səsi mediaya da yayılacaq”.
Futbolun inkişafı barədə danışılarkən ən çox vurğu olunan məsələ uşaq futboludur. Azər Bağırov uşaq futbolunun inkişafını ilk növbədə savadlı məşqçilərin yetişdirilməsində görür:
“Aşağı yaş qrupları üzrə milli komandalarda da çalışmışam. Mənim üçün uşaq futbolunda ən vacib məsələlər akademiyalarda məşqçilərin keçmiş futbolçular olması, onların savadlanmasıdır. Məşqçilərin xarici klublarda praktika keçməsi də çox vacibdir. Məncə, bir yaş qrupunda çalışan məşqçi hər il öz yerini dəyişməməlidir. Məşqçi illərlə eyni yaş qrupunda qalıb oranı təkmilləşdirməli, səviyyəsini qaldırmalıdır. Məşqçinin əməyi klub tərəfindən də qiymətləndirilməlidir. Bu, daha da yaxşı futbolçuların yetişməsinə səbəb ola bilər. Digər vacib məsələ odur ki, bütün işlər proqram və uzunmüddətli layihə şəklində olmalıdır. Daha bir məsələ var. Futbolçular nə qədər ölkədən kənara çıxır, xarici klublarla qarşılaşırsa, onların inkişafı da o qədər çox olur Biz bunu "Qəbələ" akademiyasında gördük. Belə turnirlərin təşkil olunması çox vacibdir. Əvvəllər tez-tez Almaniya klublarına səfərlərə gedirdik. Diqqətimi çəkən məqamlardan biri "Bayer” Leverkuzendə idi. Akademiyada klubun icraçı direktorundan soruşduq ki, bu illər ərzində kimləri qazanmısız, kimlər sizin üçün daha sevimlidir? Onun cavabı belə oldu ki, bizim qazancımız bu akademiyadakı məşqçilərdir, onlar bizim bütün ağır işlərimizi görür və biz onların qiymətini bilirik. Dedi çalışırıq ki, məşqçilərimizi daim motivasiyalı edək, onların bütün problemlərini həll edək, heç bir halda onları əldən buraxmaq istəmərik. Fikirlərinə onu da əlavə etdik ki, uzun illər ərzində futbolçuları yetişdirən və klubu ayaqda saxlayan bu məşqçilərdir”.
Son illər ölkə futbolunda ən çox müzakirə olunan məsələlərdən biri də Premyer Liqada gənc futbolçu limitidir. Bunun tərəfdarı olanlar da var, olmayanlar da. Bağırov birincilərdəndir. O, hesab edir ki, gənc futbolçuların Premyer Liqada limit kimi oynaması daha çox uşağın üzə çıxamasına şərait yaradır:
“Mövsümün əvvəlində "Keşlə"də çalışırdım. Orada da limitlə bağlı oyunçuların meydanda olması gündəmdə idi. 2000-2001-ci il təvəllüdlü futbolçuların nə qədər inkişaf etdiyi sezilirdi. Mənim üçün daha çox belə gənc futbolçuların meydanda olmağı və onların bir neçə ildən sonra milli komandada öz sözlərini deməsi daha yaxşı olardı. Əgər növbəti mövsümdə Premyer Liqada 10 komanda olarsa və hərəsində 2002-ci il təvəllüdlü iki futbolçu meydana çıxarsa, bu, artıq 20 futbolçu deməkdir. Onların 2-3 il ərzində meydanda daim iştirak etmələri, oynamaqları rəqabətə və onların inkişafına gətirib çıxaracaq. Düşünürəm ki, bunun futbolumuza və futbolçularımıza xeyri olar”.
Azər Bağırov həm də ölkəmizdə divizion futbolunu yaxından bilən biridir. O, aşağı liqadan Premyer Liqaya nadir hallarda futbolçuların qalxmasını belə izah edir:
“I Divizionda bir çox klubda baş məşqçi, Premyer Liqada isə köməkçi məşqçi kimi çalışmışam. 2010-cu ildən Azərbaycan futbolunu tam yaxından izləyirəm. Birinci səbəb divizionda hər hansı klub qurulanda onun strategiyasının və texniki bazasının zəif olmasıdır. İkinci ən böyük səbəb isə Premyer Liqada komanda sayının azlığıdır. I Divizionda olan komandaların maddi və texniki bazasının aşağı səviyyədə olması ona gətirib çıxarır ki, bu futbolçular daha da yuxarı qalxa bilmirlər. I Divizion klublarının heç birinin fitnes zalı, hətta özlərinə aid olan stadionu belə yoxdur. Buna görə də futbolçular öz üzərilərində işləmirlər. Bilirik ki, aşağı liqada oynayan futbolçular Premyer Liqadakı oyunçulardan səviyyəcə nisbətən aşağıdır. Ona görə də bu futbolçular daha çox çalışmalı, öz üzərində daha çox işləməlidir. Amma buna imkanları varmı? Əsas məsələ budur”.
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi