"Şamaxı" ilə bərabərə bitən matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenə oyun sürətindən gileylənib. Əslində, yeni mövzu deyil. Qurban müəllim dəfələrlə bu barədə danışıb, avrokubok oyunlarıyla Premyer Liqa görüşləri arasında həm topun oyunda qalma dəqiqəsi, həm də temp baxımından kəskin fərqlərin olmasını qabardıb.
Qurban Qurbanov bu məsələdə hakimləri də qınayır. Oyunlarda dayanmaların çox olmasının, həkimlərin tez-tez meydançaya girməsinin sürətin xeyli aşağı düşməsinə gətirib çıxardığını deyir. Vaxtı ikən Premyer Liqamızda çalışan rusiyalı mütəxəssis Murad Musayev də bu məsələyə həssas yanaşırdı. O da deyirdi ki, temp aşağı olduqca Premyer Liqanın səviyyəsi qalxmayacaq.
Murad Musayevin "Sabah"ı dinamik oynayırdı. Onların "Qarabağ"a qarşı matçları yüksək sürətlərlə müşahidə olunurdu. Amma burada ortaya bir sual çıxır, Premyer Liqada heyəti "Sabah" kimi səviyyəli futbolçulardan təşkil olunan neçə komanda var? Bu mənada "Neftçi"nin adını çəkə bilərik. "Zirə", "Turan Tovuz", "Araz-Naxçıvan" da yəqin ki, yaxşı formada olsalar, "Qarabağ"la açıq, başabaş oynamağa cəhd edə bilərlər. O da hər qarşılaşmada deyil.
Qurban Qurbanovun niyyəti aydındır. Tempin yuxarı olmasını istəyir ki, Avropada yüksək sürətdə oynamağa alışsınlar. Amma bizim əksər klublar "Qarabağ"a ayaq vermirlər. Çempiondan xal almaq üçün qapalı oynamağa, tempi aşağı salmağa məhkumdurlar.
Bu problemi aradan qaldırmaq asan deyil. Gərək, ümumi səviyyə artsın. 15 il əvvəlkitək imkanlı "Bakı", "Xəzər Lənkəran", "İnter", "Qəbələ" kimi klublar olsun Premyer Liqada. Əksər komandaların heyətində səviyyəli legionerlər çoxluq təşkil etsin. İndiki reallıqda Qurban Qurbanovun dedikləri çətin ki, həyata keçsin.
Həmid
saytlarin hazirlanmasi
