"Qarabağ" Misli Premyer Liqasının 9-cu turunda "Azersun Arena"da "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq, hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də beş dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz da. Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq, temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbiləşirlər, oyundan çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək.
- Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini yara bilmədiz?
- Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.
- Növbəti turda "İmişli" ilə qarşılaşacaqsız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?
- Xeyr. Oynayacağıq.
- Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirərsiz?
- Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.
- Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil, Olimpiya stadionunda keçirilməsi gündəmdədir. Belə bir hal baş verərsə, "Qarabağ"ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?
- Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin, 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.
- "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?
- Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır.
- Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?
- Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəməyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyacımız yoxdur.
Elçin Əlixan
saytlarin hazirlanmasi
