"Keşlə"nin argentinalı müdafiəçisi Franko Flores Sportal.az saytına müsahibə verib.
- "Şamaxı" adı ilə ilk oyununuzu "Neftçi"yə qarşı keçirdiniz və məğlub oldunuz. Matç haqda nə düşünürsən?
- "Neftçi"yə qarşı oyun çox çətin oldu. İlk yarını yaxşı səviyyədə keçirdik. İkinci hissənin ilk dəqiqələrini müdafiədə çox oturduq. Bu, bizə çətinlik törətdi. Yerli əhali bizi Şamaxıda çox yaxşı qarşıladılar. Evdə bu qədər azarkeş dəstəyilə oynamaq xoşdu.
- Ev oyunlarınızı Şamaxıda keçirməyiniz sizə hansı üstünlüyü qazandıracaq?
- Şamaxıda oynamağın üstünlüyü hər oyunda stadionu dolduracaq azarkeşlərimizdi.
- Oyunlarınızı keçirib Bakıya qayıdırsınız. Bəs, yeni mövsüm üçün Şamaxıda yaşamaq, orada qalmaq təklif edilərsə razı olacaqsan?
- Hələ ki, "Şamaxı"dan yeni müqavilə ilə bağlı təklif almamışam. Təklif olarsa, bu haqda düşünəcəm. Gələcəyim üçün ən yaxşısını qərar verəcəm.
- "Şamaxı" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Səfərdə onlardan xal ala biləcəksiniz?
- Fikrimcə, “Qarabağ”la oyunda xal qazana bilərik. Son matçda onlarla 0:0 oynaya bilmişdik. Xal qazanmaq üçün yaxşı şanslarımız da var idi. Baş məşqçimiz bu oyunlarda necə oynamalı olduğumuzu yaxşı bilir.
- Komandanız hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlində böyük ehtimalla yüksələ bilməyəcəksiz. Ən azından sonuncu pilləni tutmamaq üçün oynayacaqsız?
- "Keşlə"yə qayıdanda məqsədim müdafiəni gücləndirmək idi. Düşünürəm ki, fevraldan bəri oyunlarda, ötən illə müqayisədə daha az qol buraxmışıq. Bu da müdafiə xətti üçün yaxşıdı. İndi isə məqsəd 6-cı pillədəki mövqeyimizi qorumaqdı.
- Hazırda Azərbaycanda oynayan yeganə argentinalısan. Bunun məsuliyyəti yüksəkdi? Maraqlıdı, Argentinadan səninlə maraqlanan olur, Azərbaycan futbolu barədə soruşurlar?
- Argentinada Azərbaycan populyar deyil. Oradakı insanlar Azərbaycan haqda çox da məlumatlı deyillər. Amma sosial şəbəkədə hekayə bölməsində Azərbaycanla bağlı paylaşımlar edirəm, onlar ölkənin bu qədər gözəl olduğuna inanmırlar. Burada qalaraq, gələn mövsümə də Azərbaycanda başlamaq istəyirəm.
Mirbağırağa