Azərbaycanlı futbol veteranlarından İlham Yadullayev Sportal.az saytına müsahibə verib. Milli komandamızın sabiq futbolçusu "Neftçi" və millidən sabiq komanda yoldaşı olan Qurban Qurbanov haqda danışıb.
- Dünən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam oldu. Birlikdə "Neftçi" və millidə oynadığınız Qurbanov haqda fikriniz necədi?
- Öncə, Qurban Qurbanovu 50 yaş münasibətilə təbrik etmək istəyirəm. Allah ona can-sağlığı versin. Ailəsində salamatçılıq olsun. Əsas məsələ budur. Uğurları indiyə qədər olandan da çox olsun. Onunla həm millidə, həm “Neftçi”də uzun illər oynamışıq. Bugünkü gündə Qurban Qurbanov öz markasını saxlayan məşqçilərdən biridi. Futbolçu vaxtında da dost, qardaş kimi idi. Bugünkü gündə də ən titullu məşqçimizdi.
- Futbolçu olanda Qurban Qurbanovun gələcəkdə bu qədər uğurlar əldə edəcək məşqçi olacağını ehtimal edirdiniz?
- Düzü, o vaxtı biz heç fikirləşmirdik ki, məşqçi olacağıq ya, yox. Qurban Qurbanovla bu barədə heç danışmamışdıq o vaxtı. Qurban Qurbanov futbol oynayan vaxtı da öz xüsusiyyətlərilə seçilib. Sakit, ağır təbiətli insan idi. Çox yaxın münasibətimiz olmasa da, üz-üzə gələndə görüşürük, danışırıq. Televizorda baxanda da, onun ağır təbiətli olduğunu görünür.
- Futbolçu karyerası daha uğurlu olmuş oyunçular var idi ki, sizcə nəyə görə onlar Qurban Qurbanov qədər uğurlu məşqçi ola bilmədi?
- Nə deyim vallah. Bu, Allahın qismətidir ki, Qurban Qurbanov bu nailiyyətləri qazanıb. Bundan savayı bu, Qurbanovun zəhməti, əziyyətidi. İlk növbədə “Qarabağ”da yaxşı kollektiv yığdı, yaxşı köməkçilər gətirdi. Rəşad Sadıqov başda olmaqla komandaya yaxşı futbolçular gətirilmişdi. Ona da dəstək oldular. Mənə elə gəlir ki, düzgün iş quruldu və buna görə nəticələri də yüksək olur.
- Azərbaycan futbolunun reallığını nəzərə alsaq, sizcə, bundan sonra Qurban Qurbanov üçün qazana biləcəyi ən böyük uğur hansı olar?
- Azərbaycan futbolu və azərbaycanlı məşçqilər üçün Qurban Qurbanov böyük «planka»dı. Ora çatası məşqçi də görünmür. Ki, hansısa məşqçimiz onun kimi nəticə verə bilər. Arzulayardım ki, Qurban Qurbanov Avropa turnirlərində kubok qazansın.
- Ölkə xaricinə gedərsə, bunu edə bilər? Bir ara Türkiyənin Qurban Qurbanovun "Hatayspor" klubunu çalışdıra biləcəyi gündəmdəydi, amma sonda bu, baş tutmamışdı...
- Qurban Qurbanovu ancaq top komandalarda görmək istəyərdim. Bugünkü gündə pis çıxmasın, "Qarabağ"dan Türkiyənin hansısa klubuna getmək..Mənə elə gəlir ki, bu, düz çıxmaz. Yəqin ki, Qurbanov da onu fikirləşir. Qurban müəllim onu fikirləşib, belə qərar verib. “Qarabağ”ı xarici klub olsa belə, reytinqi aşağı olan komandaya dəyişmək az çətin olar. “Qarabağ”da nailiyyətləri, reytinqi var, məşqçi kimi də özünü Avropaya sübut edib. Qurban Qurbanova harada olmasından asılı olmayaraq böyük uğurlar arzulayıram.