"De Byazi Zaur Ramazanov, Rəşad Sadıqov, Mahmud Qurbanovun vaxtında belə danışsaydı, cavabsız qalmayacaqdı"

16:56 - 15 Aprel 2022

"Canni De Byazinin milli haqda dediklərini oxumuşam. Bu, doğru və normal deyil. Çünki həmin futbolçuları motivasiya edən, onlarla çalışan, onlarla oyunlara çıxan özüdü. Bəlkə də sonda desəydi anlamaq olardı. Canni De Byaziyə yeni gələndə verdiyi müsahibəni göstərmək lazımdı. Yeni gələndə "yaxşı komandam yoxdu" desəydi....Əgər yaxşı komandası yox idisə, niyə götürürdü bu komandanı? Ancaq xatırladığım qədərilə o, Azərbaycanda yaxşı şərtlər olduğunu və Albaniyadakı kimi yaxşı nəticələr göstərməyə çalışacağını demişdi".

Bu sözləri Sportal.az saytına Qyoko Haciyevski deyib. Azərbaycan millisinin baş məşqçisi kimi çalışmış şimali makedoniyalı mütəxəssis Canni De Byazinin milli komanda haqda "xaraktersiz və qorxaq" deməsi barədə fikrini bildirib.

Haciyevski fikirlərinə bu cür davam edib: "Məsələ haqda De Byaziyə bir söz demək istəmirəm. Çünki həmkarıq, düz olmaz həmkarıma qarşı çıxım. Amma siz məndən soruşursuz deyə, danışıram. O, bunu deyirsə, futbolçular ona necə hörmətlə yanaşacaq, onun üçün necə aparacaqlar? Baş məşqçinin komandası haqda bu cür danışması normal deyil.  Baş məşqçi gəlir və durumu görür, öz fikrini deyir federasiyaya. Yəni, bunu edə bilərəm, ya edə bilmərəm. Əgər, federasiyadan desələr ki, "bilirik bizim futbolçularımız yoxdu, amma istəyirik ki, bizimlə çalışasınız" o başqa məsələ. Amma deyirdi ki, ambissiyaları var, daha yaxşısını edəcək. Ona ilk sözlərini xatırlatmaq lazımdı. İnanın, bilmirəm nə deyim. Ümidvaram ki, federasiya qərar qəbul edəcək. Azərbaycan futbolu daha yaxşı olacaq. Bilirəm ki, Azərbaycanda insanlar futbolu sevir. “Qarabağ” neçə illərdi ki, avrokuboklarda oynayır. “Qarabağ” avrokuboklarda necə oynayır, hamı görür. Demək ki, insanlar bacarır, keyfiyyətli iş görür. Bir daha deyirəm, Azərbaycanda şərtlər, imkanlar çox yaxşıdı. Avropanın bir çox federasiyasının durumundan da yaxşıdı.

"Neftçi" ötən il çempion oldu, təsnifat mərhələlərində oynadı. Əvvəl bir çox tanınmış klublarla oynayıb. Bu da onu göstərir ki, Azərbaycanda futbol mədəniyyəti var. Ümidvaram ki, federasiya Azərbaycan futbolu üçün yaxşı qərarlar verəcək. Azərbaycanın Anatoli Banişevski, Nazim Süleymanov, İqor Ponomaryov, İsgəndər Cavadov, Asif Əliyev kimi futbolçuları olub. Azərbaycanda futbol ənənəsi var, bura yeni-yeni futbola başlayan ölkə deyil axı. Sadəcə çalışmaq və reformlar etmək lazımdı".

Şimali makedoniyalı mütəxəssis millidə yer alan futbolçuların italiyalı mütəxəssisə məsələ haqda cavab verməməsinə də münasibət bildirib: "Heç kim cavab vermədi, heç kim istəmir ki, problemi yaransın. Bəlkə də bu, mədəniyyətdən irəli gəlir. Amma Canni De Byazi Zaur Ramazanov, Rəşad Sadıqov, Mahmud Qurbanovun millidə oynadığı vaxtda belə danışsaydı, cavabsız qalmayacaqdı. Bu cür əfsanəvi futbolçular var idi Azərbaycanda. Canni De Byazi deyib ya yox, bilmirəm. Komanda ilə birlikdə olan adam bu sözləri deməməlidi. Ailə olmaq lazımdı. İşləyib, sonda demək ki, "mən günahkar deyiləm"... Yəni, deməyim odur ki, De Byazi əvvəl də görürdü ki, hansı komandada çalışacaq. Bilirdi ki, millidə Bundesliqa, A seriyası, İngiltərə Premyer Liqasında oynayanlar yoxdu. Hansı futbolçularla işləyəcəyindən xəbərdar idi. Futbolçular ona cavab verməyiblərsə, demək ki, istəməyiblər problemləri yaransın. Bir də əvvəlki kimi özgüvənli futbolçular yoxdu millidə. Heç Joze Mourinyo, Yurgen Klopp, Xosep Quardiola belə bu cür danışmaz De Byazi dünyada ən güclü məşqçidi ki, belə danışır? Doğru deyil”.

Xəbər xətti