"Onların məqsədi avrokuboklara vəsiqə qazanmaqdı, bizim isə sadəcə qələbə qazanmaq" - MÜSAHİBƏ

13:27 - 17 Aprel 2022

“Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev Sportal.az saytına müsahibə verib.

- Bu turda “Sumqayıt” “Qəbələ” ilə səfərdə 1:1 oynadı. Matçla bağlı düşüncələrin necədi?
Əslində, yaxşı futbol oynadıq. Təbii ki, son dəqiqələrdə qələbəni əldən buraxmaq üzücüdü. Halbuki biz qələbəyə layiq idik.

- Səncə, qələbə üçün çatmayan nə oldu? 
- Mən deyərdim ki, bəxtimiz gətirmədi.  Son dəqiqədə belə qol buraxmaq bizi çox üzdü. Qələbəyə çox yaxın idik.

- Yəqin ki, komandanın məqsədi sonuncu pilləni tutmamaqdı?
- Məqsədlərimiz dəyişməz olaraq qalır. Qalan oyunlarda maksimum xal toplamaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Bəlkə futbolçular Aleksey Baqanın oynatmaq istədiyi oyun stilini anlamaqda çətinlik çəkir?
- Komandadaxili vəziyyətdən danışmaq doğru olmazdı. Amma onu deyə bilərəm ki, baş məşqçimizin tələblərini bütün uşaqlar anlayır. Bizə sadəcə olaraq bir qələbə lazımdı. Bu qələbə sayəsində özünəinam qayıdacaq.

- Qarşıdakı turda rəqibiniz “Zirə”di. Bu komanda avrokuboklar üçün mübarizə aparır. Onları evdə məğlub edə biləcəksiz?
- Onların məqsədi avrokuboklara vəsiqə qazanmaqdı. Bizim məqsədimiz isə sadəcə qələbə qazanmaqdı.

- Bir ara “Zarya”ya keçmək ehtimalın olduğu iddia edilirdi. Yeni mövsümdə də “Sumqayıt”da oynayacaqsan, yoxsa başqa kluba keçəcəksən? 
- Hələ ki, heç bir təklif almamışam. Mövsümü sona qədər davam etdirmək və başa vurmaq lazımdı. Daha sonra hər şey bilinəcək.

- Ailən Ukraynada yaşayır. Onların hazırki durumu necədi?
- Hər gün danışıram ailəmlə. Şükür Allaha onlarda hər şey qaydasındadı. 

Xəbər xətti