Hazırda Lissabon Universitetində maqistr pilləsində futbol sahəsində təhsil alan Xaliq Babayev Sportal.az saytına müsahibə verib. Azərbaycanda İsgəndər Cavadov adına Bakı futbol akademiyasında çalışan gənc mütəxəssis Portuqaliyadakı təhsili zamanı tanınmış mütəxəssislərlə söhbətlərindən, təcrübəsindən söz açıb.
- Təhsilin necə gedir?
- İxtisasın adı ingilis dilində "High performance football coaching" adlanır. Lakin bu bildiyimiz ənənəvi maqistr deyil. Burada dərsləri universitet professorları yox, top klubların mütəxəssisləri deyir. Misal üçün futbolçunun fiziki hazırlığı ilə bağlı dərslərimizi "Barselona", "Liverpul", "Braqa"nın fiziki hazırlıq üzrə məşqçiləri keçir. Oyunların analizi ilə bağlı dərsləri isə "Benfika"nın baş analitiki keçir.
- Futbolla peşəkar səviyyədə məşğul olmusan?
- Xeyr, heç vaxt futbolla peşəkar səviyyədə məşğul olmamışam. Mən bakalavr təhsilimi İngiltərədə kompüter elmləri sahəsində almışam. Məhz orada da, "FA Level 1" futbol məşqçiliyi lisenziyasını alıb, qısa müddət həvəskarlar liqasında məşqçi kimi işləmişəm. 2019-cu ildə isə adını çəkdiyim universitetə qəbul olmuşam.
- Bayaq adını çəkdiyin klubların məşqçilərindən özün üçün hansı təcrübəni götürmüsən?
- Əlbbətə. Onlar həm teoriyadan, həm də öz təcrübələrindən, eksperimentlərindən danışır. Xüsusən də, "Sportinq"in baş məşqçisi Ruben Amorim ilə çox produktiv dərslərimiz oldu. Öz məşqlərində fiziki, taktiki və texniki aspektlərin üzərində necə işlədiyini bir məşqdə izah etdi. Ümumiyyətlə, Avropanın top klublarında bu komponentlər ayrılıqda deyil, birlikdə inkişaf etdirilir. Bunu Ruben Amorim həm teoriyasını izah etdi, həm də daha sonra bizə meydançada məşq zamanı görsətdi. Bildirmək istəyərdim ki, Ruben Amorim də 5 il əvvəl mən oxuduğum maqistr məzunu olub. Həmçinin, futbolun digər bölmələri üzrə də produktiv dərslərimiz olub: mikrotsiklların qurulması, oyun modeli (taktika), oyun analitikası, psixologiya, menecment, "scouting", fiziki hazırlıq və s.
- Bugünkü gündə niyə Avropada yox, İsgəndər Cavadov adına Bakı futbol akademiyasında çalışırsan?
- Avropada işləməməyimin səbəbi bir qədər qəribədir (gülür). Yuxarıda qeyd etdiyim kimi, mən İngiltərədə təhsil almışam. Bu təhsilimi SOCAR-ın xarici təqaüdü vasitəsilə almışam. Və öhdəliyə görə 5 il SOCAR-da işləməliyəm (1 il qalıb). Məhz ona görə də, Avropada işləyə bilmirəm. Azərbaycanda isə qeyri-iş vaxtlarında məşqlərdə iştirak edirəm
- Ümumiyyətlə, Avropada gördüklərini, təhsildə gördüklərini çalışdığın akademiyada həyata keçirə bilirsən?
- Çox təəssüf ki, yox. Səbəb olaraq, məşqlərə az-az getməyimdir (mütəmadi olaraq, təhsilimlə bağlı xaricdə və ya UEFA-nın lisenziya kurslarında oluram). Lakin, artıq may ayında təhsilimi başa vuracam və buradakı futbol karyerama tam köklənə biləcəyimə və Avropa metodikasını burada tətbiq edəcəyimə inanıram.
- Tanınmış mütəxəssislərdən kiminləsə birbaşa münasibətin var?
- Demək olar ki, bütün müəllimlərin əlaqə vasitələri var. Bəzilərinin e-maili, bəzilərinin isə mobil nömrəsi var. Portuqaliyalı mütəxəssislər biliklərin paylaşılması barəsində çox açıqdırlar. Təbii ki, Ruben Amorimin əlaqə nömrəsi yoxdur (gülür). Lakin onun texniki heyətindən bir çoxlarının əlaqə vasitələri var. Sual verdikdə isə tez cavablandırmasalar da, ətraflı suala cavab verirlər və məsələni izah edirlər .
- Məqsədlərin arasında Azərbaycanda çalışmaq var, yoxsa xarici klublarda?
- Məqsədim maraqlı futbol proyektində çalışmaqdır. Bu həm yerli klublar da ola bilər, həm də xarici. Xarici klublarda çalışmaq realdı. Orada çoxlu əlaqələr yaratmağı bacarmışam. Çox istərdim ki, Portuqaliya klublarının birində işləyim. Çunki, orada hər bir şey, hər bir qərar elmə bağlıdı. Bunun üçün də məqsədlərimdən biri də yaxın zamanda portuqal dilini öyrənməkdir. Tək dil ilə də həll olunası məsələ deyil. Bunun üçün oxumaq, çalışmaq, öyrəndiklərini praktikada tətbiq etmək və səhvlər üzərində işləmək lazımdır.
Bir sözlə, xarici klublardakı mütəxəssislər qeyri-adi bir şey etmirlər. Sadəcə hər şey strukturlaşmış şəkildə idarə olunur və elmə çox müraciət edirlər.
- Tanınmış mütəxəsssislərlə Azərbaycan futbolunu müzakirə etmisən?
- Məşhur mütəxəssislər ilə Azərbaycan futbolu haqqda müzakirə aparmamışam. Sözün düzü, bizim çempionata və ya millinin oyunlarına baxmırlar. Yalnız "Qarabağ"ı tanıyırlar. Kurs yoldaşlarımla bu mövzuları müzakirə etmişəm.