"Qarabağ" - "Şamaxı" (8:0) matçından sonra istefa verən qonaq komandadan baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"a 0:8 hesablı məğlubiyyət sizin üçün "Şamaxı"nın baş məşqçisi kimi sonuncu oyun oldu. Matçdan öncə belə hesabın ola biləcəyini, böyükhesablı məğlubiyyət və ya ayrılığın baş tuta biləcəyini hiss edirdiz?
- Yox, belə bir şey gözləmirdim. Futbolçular "Neftçi"yə qarşı əzmkar oynamışdı. Hələ həmin matçda Tərlan Quliyev, Felipe Santos da yox idi. "Qarabağ"la matçda isə 5 oyunçumuz olmaması, daha çətinə saldı komandanı. Yəni ki, bu, "Qarabağ"la oyun üçün çox böyük itkidi. Ona görə də hesab bu cür oldu. Komandanın yarısı oynamırdı. İstənilən halda, hesabın bu cür olacağını və bu qədər dişsizlik gözləmirdim.
- Maraqlıdı, matçdan sonra Qurban Qurbanovla söhbət etdiniz? Sizə nə dedi?
- Xeyr, Qurban Qurbanovla görüşümüz olmadı. Sadəcə paltardəyişmə otağına yollananda görüşdük.
- Bu cür məğlubiyyət olmasaydı belə, yəqin ki, istefa olmayacaqdı, yoxsa istənilən halda "Qarabağ" matçı sizin üçün sonuncu idi?
- Bilirsiz, acınacaqlı məğlubiyyət oldu. İstənilən halda 0:8 hesablı məğlubiyyətə dözmək çətindi. Klub da bunu qəbul etmir. Rəhbərliklə danışdıq və istefa məsələsi gündəmə gəldi. Sonda da belə alındı, matçdan sonra danışdıq, istefa verdim.
- Kollektivlə görüşünüz oldu? Sizcə, gedişinizə sevinənlər oldu?
- Matçdan sonra kollektivlə görüşdüm, futbolçularla sağollaşdım. Əlbəttə ki, bu, normal haldı. Məğlub olmaq istəməzdik. Hamıya uğurlar arzuladım. Vallah deyə bilmərəm ki, sevinənlər oldu ya, yox. Əksər oyunçularla bu 1 il ərzində yaxşı işlər gördük, kuboku qazandıq. Gənclər inkişaf etdi, digər futbolçuların inkişafı göz qabağındadı. Doğrudu, az şans qazananlar da oldu, bilmirəm onlar komandadan ayrılmağıma sevindi, ya yox. Futbolun bir hissəsidi. Bugünkü gündə də zənglər gəlir, futbolçular yığır, sağolsunlar.
- "Şamaxı"nın bundan sonra perspektivini necə görürsüz?
- Komandaya uğurlar arzulayıram. Perspektiv deyəndə, avrokuboklara yollanmaq şansı yoxdu. Komanda sonuncu yeri tutmamaq üçün mübarizə aparacaq. Xal fərqi də yaxşıdı, qarşıda oyunlar var. Məncə, komandanın bu heyətlə mövsümü 6-cı pillədə başa vurması uğurdu.
- Azərbaycan Premyer Liqasında klub sayı səkkizdi. Bir çox məşqçilər işsiz qalıb. Bundan sonra necə, işləmək üçün klub tapa biləcəksiz?
- Yeni mövsümdən liqada 10 komanda olacağı gözlənilir. Biz də başa düşürük ki, işləmək də var, işsizlik də. Mən də daxil olmaqla istəməzdik ki, məşqçilərin işsizlik müddəti uzun çəksin. Bütün məşqçilərin işləməsini istəyərdim. Cavan məşqçilərin işləməsi, işin içində olması vacibdi. Ümid edirəm ki, komanda sayı artdıqdan sonra məşqçilərimiz üçün iş tapmaq problem olmaz.
saytlarin hazirlanmasi