Şimali Makedoniya millisinin forvardı, Macarıstanda "MTK Budapeşt" klubunda oynayan Boyan Miovski Sportal.az saytına müsahibə verib. Gənc forvard "Qarabağ"ın əsas komandasında olmasa da, U-19 komandasında çıxış edə bilib. Belə ki, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtda, U-19 komandası da Gənclər Liqasında oynamışdı. Həmin vaxtı Rəşad Sadıqovun komandaya cəlb etdiyi legionerlərdən biri də Miovski idi. Bir müddət əvvəl o, İtaliya - Şimali Makedoniya matçında assistlə yadda qalmışdı. Saytımıza müsahibə verən forvard Azərbaycandakı vaxtlarını da xatırlayıb.
- "MTK Budapeşt"də işlərin ürəyincə gedir?
- Komanda çox çətin durumdadı. Mövsüm sonuna qədər cəmi 5 oyunumuz qalıb və hazırda sonuncu pillədəyik. Amma liqadakı yerimizi qorumaq şansımız var. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Bir müddət əvvəl Şimali Makedoniya yığmasının İtaliyaya qalib gəlməsi ajiotaja səbəb olmuşdu. Nəyə görə Portuqaliyaya qalib gələrək dünya çempionatına vəsiqə qazana bilmədiniz?
- Portuqaliya ilə görüşdə əlimizdən gələni etdik. Dünya çempionatına vəsiqə qazanmağa çox yaxın idik. Amma 5 günə səfərdə İtaliyanı və Portuqaliyanı məğlub etmək çox çətindi. Bunun üçün bütün gücümüzü səfərbər etdik. Amma Portuqaliya millisində fərdi ustalığı yüksək oyunçular var. Onlar bir hərəkətlərilə oyunu öz xeyirlərinə başa vura bilərlər.
- Daha gənc yaşlarında "Qarabağ"ın U-19 komandasında oynamısan. Həmin vaxtı Ağdam klubuna keçidin necə alınmışdı?
- "Qarabağ"a menecer və Borçe Xristovun vasitəsilə gəlmişdim. Həmin vaxtı Borçe "Qarabağ"da gənclər komandasında koordinator kimi işləyirdi. Yadımdadı, “Qarabağ” Çempionlar Liqasında oynadığına görə, U-19 da avtomatik olaraq Gənclər liqasında mübarizə aparırdı. Belə təklif olmuşdu, mən də ona görə “Qarabağ”a gəlmişdim.
- Yəqin ki, daha çox "Atletiko" - "Qarabağ" matçını xatırlayırsan? Çünki həmin vaxtı ispanları səfərdə 1:0 hesabı ilə məğlub etmişdiniz...
- Bütün matçlar mənim üçün xüsusidir, hamısını da yaxşı saxlamışam xatirimdə. Əslində, nə qədər uzağa gedə biləcəyimi görmək mənim üçün böyük təcrübə idi. Digər futbolçular üçün də əla şans idi. Oyunları çox yaxşı səviyyədə keçirirdik. Dediyim kimi yaxşı təcrübə olmuşdu.
- "Qarabağ"ın futbolçusu olduğun dönəmdə, indiyə qədər daha çox xatırladığın nədi və ya kimdi?
- Azərbaycana gəlişimi də yaxşı xatırlayıram. Bakıya yollanmağım ilk beynəlxalq təcrübə idi. Gənc yaşda evimdən uzaqda olmaq çətin alınırdı. Paytaxta gəldim, əvvəl məni bir neçə gün oteldə yerləşdirdilər, sonra isə komandanın düşərgəsinə köçürdülər. Klubdan isə deyəsən, daha çox iqtisadçını xatırlayıram.
- Həmin vaxtı komandanın baş məşqçisi Rəşad Sadıqov hazırda "Zirə"ni çalışdırır. Bu barədə yəqin ki, məlumatlısan?
- Rəşad Sadıqovu həm U-19 komandamızın baş məşqçisi, həm də “Qarabağ”ın kapitanı kimi xatırlayıram. "Qarabağ"dan ayrıldıqdan sonra da klubda nələr baş verdiyini bir müddət izləmişdim. Rəşad Sadıqovun baş məşqçi olduğunu indi sizin vasitənizlə bildim. Onu təbrik edirəm və məşqçilik karyerasında uğurlar arzulayıram
- Yenidən onun rəhbərliyi altında və ümumiyyətlə, Azərbaycanda oynamağı heç düşünmüsən?
- Bu barədə indi düşünməmişəm. Amma bu o demək deyil ki,gələcəkdə bu baş verə bilməz. Həyatdı, hər şey mümkündü.
- Maraqlıdı, U-19-da oynadığınız vaxtı "Qarabağ"ın əsas komandasına yüksəlmək şansınız yox idi?
- "Qarabağ"a 6 aylıq icarə ilə gəlmişdim. Sonradan müqavilə müddəti bitdi. Əlavə müqavilə məsələlərində razılaşmadıq və mən Şimali Makedoniyaya qayıtdım.
- İndi necə, "Qarabağ"ı izləyirsən?
- Bayaq dediyim kimi, oradan ayrıldıqdan sonra bir il ərzində “Qarabağ”ı izləyirdim, nəticələrinə baxırdım, oyunlarını görürdüm. Amma vaxt keçdikcə izləmək imkanım olmadı. "Qarabağ"ın Konfrans Liqasındakı oyunlarını isə gördüm, baxırdım matçlarına. Həqiqətən də "Qarabağ"ı avrokuboklarda izləmək, oyunlarına baxmaq xoş idi.
Mirbağırağa