"Bu dəfə tam başqa Elnur kimi Premyer Liqaya qayıdacam " - MÜSAHİBƏ

17:54 - 27 Aprel 2022

Azərbaycan millisinin sabiq üzvü, bu mövsüm birinci divizionda "Qaradağ Lökbatan"ın heyətinə çempionluq yaşayan Elnur Cəfərov Sportal.az saytına müsahibə verib:

- “Qaradağ Lökbatan” bu mövsüm çempionluğu rəsmiləşdirdi. Ümumiyyətlə, mövsüm sən və komandan üçün necə alındı? Daha çox əvəzedici heyət komandalarıdı deyə, hardasa maraqsız olduğunu düşünmürsənki?
-
Bəli, sona 4 tur qalmış çempionluğumuzu rəsmiləşdirdik. Sona yaxın daha da çox konsentrasiyalı idik. 
İstəmirdik ki, yanaşmamızda boşluq olsun. Mövsümün sonuna 4-5 tur qalmış çempion olmaq istəyirdik. Bu mövsüm demək olar ki, bütün oyunlar ağır keçirdi. Bir rahat oyunumuz olmadı. Hər oyuna qələbə üçün çıxırdıq. Şükür Allaha sonda da çempion olduq.

- Komandanın yüksək liqaya çıxması məlum məsələlərə görə mümkün olmayacaq. Bunun olduğunu bilə-bilə çempionluğa tam sevinə bilmədiyinizi demək olar?
- Əlbəttə, çox istərdik ki, komandamız yüksək liqada çıxış etsin. Amma siz söylədiyiniz kimi məlum məsələlərdən komanda Premyer Liqada çıxış etməyəcək. Amma çempionluq özü biz futbolçular üçün böyük uğurdu. Hər zaman əziyyətin sonunda uğur olduğu zaman ağır günlər çox xoş xatırlanır. 

- Sənin özün üçün necə, birinci divizion nə dərəcədə yeni nəfəs, daha doğrusu ikinci nəfəs oldu? Demək olar ki, bu liqa səni yenidən futbola bağladı?
- Açığı, keçən mövsüm nəticəmiz çox pis oldu. Adam düşünür ki, get-gedə geri gedirik. amma bu ilki nəticə mən və komanda yoldaşlarımda Premyer Liqada oynamaq həvəsi yaradıb. Düşünürəm ki, bu mövsüm "Qaradağ Lökbatan" mənim üçün tramplin oldu. Özümə inamım çox artdı və ən əsası futbola baxışım, yanaşmam dəyişdi. Futbolda taktiki cəhətdən çox bilgilər aldım. Təcrübəli və daha bilikliyəm. 

- Tez-tez deyirlər ki, birinci divizion “balota”dı. Sən özün də bu liqada oynadın və bu haqda fikrin necədi?
-
Bəli, dəfələrlə mənə bu sualı veriblər. Amma mən başqa prizmadan baxıram diviziona. Düşünürəm ki, hər şey yanaşmadan asılıdı. Düzgün yanaşma ilə divizion tramplin və Premyer Liqada oynamaq üçün hazırlıq liqasıdı. Səhv yanaşma olduğu zaman, doğru deyirsiz, balota ola bilər. 

- “Qaradağ Lökbatan” çempion olsa da, Premyer Liqaya “Turan” və “Kəpəz”in yüksələcəyi iddia edilir. “Qaradağ Lökbatan”la olmasa da, bəlkə bu klublardan biri ilə Premyer Liqaya qayıda biləcəyini ehtimal edirsən?
- Tam səmimi deyirəm, biz öncədən bilirdik ki, "Qaradağ Lökbatan" Premyer Liqaya çıxış o qədər də inandırıcı görünmür. Çempion olmağımıza inanırdıq. Amma məhz Premyer Liqada çıxış o qədər də asan görünmürdü. Amma bir məqsədim də var idi ki, formamı bərpa edim, oyun praktikamı qaytarım, yaxşı oyunlar göstərim. Çox inanıram ki, Premyer Liqada oynamaq şansım olacaq. Çünki bu dəqiqə məni yalnız futbol, meydan, məşqlər və gələcək karyeram düşündürür. 

- Ümumiyyətlə, necə düşünürsən səni yenidən Permyer Liqada görə biləcəyik? Hansısa klub və ya hansısa məşqçi bu şansı sənə tanıyacaq? Və özün necə, bu gücü və istəyi özündə hiss edirsən?
​-
İnanın, çox israrlıyam və inanıram ki, yenidən Premyer Liqaya qayıdacam. Bu dəfə tam başqa Elnur kimi.
 

Xəbər xətti