"Ayaks"ın sabiq futbolçusu: "Qarabağ"da oynamaq gözəl olardı" - MÜSAHİBƏ

21:06 - 27 Aprel 2022

Azərbaycan Premyer Liqasında oynamış Lorenzo Ebesiliyo Sportal.az saytına müsahibə verib. "Qəbələ"yə gələnə qədər "Ayaks"ın futbolçusu olmuş niderlandlı ölkəmizi tərk etdikdən sonra “Anji”, APOEL, “Srvena Zvezda” kimi klubların formasını geyinmişdi. 30 yaşlı futbolçu hazırda “Axironas Liopetriu” klubunda çıxış edir. O, saytımıza müsahibəsində Azərbaycan Premyer Liqasına qayıtmaq istəyini də etiraf edib.

- Hazırda Kiprdə aşağı liqada oynayırsınız. Karyeranızdan razısınızmı?
Karyeramla bağlı uzun tarixçə var. Niderlandda verdiyim müsahibə də demişdim. Xüsusilə, son 2 ilin mənim üçün çətin keçdiyini bildirmişdim. Çünki depressiyadaydım. Futbol oynamaq istəmirdim. Ancaq indi yenə həminki adamam. Hətta əvvəlkindən də yaxşı oynamaq istəyirəm.

- Maraqlıdır, son vaxtlar Azərbaycan klublarından təklif almısınız?
Azərbaycan klublarından heç bir təklif almamışam. Ancaq geri qayıtmağa həmişə hazıram. İndi daha təcrübəliyəm, yaşım da az deyil. Təklif olarsa, dəyərləndirərəm.

- “Qəbələ”də özünüzü yaxşı tərəfdən göstərə bilmişdiniz. Bu komandanı və Azərbaycan futbolunu necə xatırlayırsınız? 
- "Qəbələ"də oynamaqdan, orada olmaqdan çox həzz alırdım. Çünki ətrafımızda hər şey yaxşı idi. Komanda üçün yaxşı şərait qurulmuşdu, güclü komanda yoldaşlarım var idi. Hamımız da yaxşı şəkildə çıxış etmək üçün lazım olan şeylərə sahib idik. "Neftçi" və "Qarabağ"la oyunlar həmişə xatirimdədi. Onlara qalib gəlmək həmişə çox çətin olurdu. Final oyununu da unutmuram. Yadımdadı, nə qədər azarkeş gəlmişdi stadiona. Yaxşı atmosfer idi, unudulmaz matç alınmışdı. 

- Maraqlıdır ki, Azərbaycanda oynayan zaman “Neftçi” və “Qarabağ” kimi komandalardan təklif almışdınız? 
Bildiyimə görə, Azərbaycanda oynadığım vaxtda da konkret təklif olmamışdı. Amma təbii ki, "Qarabağ" kimi komandada oynamaq gözəl olardı. Bu komanda uzun illərdi ki, avrokuboklarda çıxış edir.

- Sizcə, “Qəbələ” uzun illər çempionluq mübarizəsi aparsa da, niyə çempion ola bilmədi?
Bunun nəyə görə baş vermədiyini deyə bilmərəm. Çünki biz yaxşı klublarla oynayırdıq. Yaxşı rəqiblərimiz var idi. Heç bir oyun asan keçmirdi. 

- “Neftçi” ötən mövsüm çempion olsa da, son illərdə Azərbaycanda əsas hegemon “Qarabağ”dı. Bu komanda haqqında nə düşünürsünüz?
-  
Məncə, "Qarabağ" Azərbaycanın əsas komandasıdı. Onlar bunu geridə qalan illərdə sübut edib. Bu komandada uzun illərdi ki, əsas heyətin özəyi qorunur, eyni futbolçular birlikdədi.  Bunun özü də uğurda öz təsirini göstərir.

- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında komandaların sayı 10-a çatdırılacaq. Sizcə Azərbaycan futbolunun əsas çatışmazlığı nədir?
Azərbaycan Premyer Liqasında ən azı 14 klubun olmasını görmək istəyərdim. Amma ola bilsin ki, bu, gələcək üçün nəzərdə tutulub. Hər liqada inkişaf üçün daim yer var.


- “Qəbələ”dən ayrıldıqdan sonra “Srvena Zvezda” və APOEL kimi güclü klublarda oynadınız. Demək olar ki, Azərbaycan sizin üçün yaxşı tramplin rolunu oynamışdı?
- “Qəbələ”də çox yaxşı mövsüm keçirdim. Təəssüf ki, biz ikinci pilləni tutduq. Həmin sezon ola biləcəyimiz ən yüksək yer bu idi. Çünki “Qarabağ” çox güclü komanda idi və onlar çox da xal itirmirdi.

Xəbər xətti