"Komanda bir dövrəyə üç xal yığıb ki, bu da “Sumqayıt”ın tarixində ən pis nəticədi" - MÜSAHİBƏ

15:14 - 29 Aprel 2022

Azərbaycanlı futbol məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib. Son olaraq "Sumqayıt"ı çalışdırmış gənc mütəxəssis saytımıza müsahibəsində ölkə kuboku və çempionatındakı gedən mübarizədən də söhbət açıb.

- "Sumqayıt"dan ayrıldıqdan sonra nə işlə məşğul olursunuz? Günü necə keçirirsiniz?
- “Sumqayıt”dan ayrıldıqdan sonra ancaq evdəyəm, futbolları izləyirəm, çempionatımıza baxıram. Ailəmə, uşaqlarıma vaxt ayırıram. Başqa bir işim yoxdu.

- "Sumqayıt"ı indi də izləyirsiniz. Komanda hələ də qalib gələ bilmir, Aleksey Baqa da uğurlu ola bilmədi. Sizin rəhbərlik etdiyiniz "Sumqayıt"la indiki "Sumqayıt" arasında hansı fərq var?
Əlbəttə ki, “Sumqayıt”ı da izləyirəm, digər klublarımızı da. Qışa qədər hər kəs “Sumqayıt”dan daha yaxşı nəticə gözləyirdi. Keçən il uğurlu seriya əldə etmişdik. Eniş dövrümüz də oldu, amma əsas odur sonluğu yaxşı gətirdik. Bürünc medal qazandıq. Ölkə kubokunda finala çıxdıq, təəssüf ki, uduzduq. “Qarabağ”ı yarımfinalda keçdik. Bu gün Azərbaycan Premyer Liqasında medal qazanmaq, uğur qazanmaq çətindi. Hələ də ki, “Sumqayıt” kimi komandada. Digər komandaların bəzi üstünlükləri var. Heyət demək olar ki, qalıb. Üstəlik 4-5 transfer olunub qışdan sonra. Amma görünür ki, qışdan əvvəlki vaxtdan da uğursuz gedirlər. Çünki komanda qışa qədər 12 xal yığıbsa, hələ indiyə qədər 3 xal yığıb. Komanda bir dövrəyə üç xal yığıb ki, bu da “Sumqayıt” tarixində ən pis nəticədi. İndiki “Sumqayıt”la, əvvəlki “Sumqayıt”ı müqayisə edə bilmərik. Çünki ayrı-ayrı oyun stilləri, ayrı-ayrı yanaşmalardı. Ona görə müqayisə etmək düzgün olmur.

- Aleksey Baqa baş məşqçi postuna gətirilib deyə, yeni mövsümdən komandaya legioner futbolçular cəlb olunacağı iddia edilir....
Aleksey Baqanın xeyli vaxtı oldu, komanda ilə toplanış keçdi, yoxlama oyunları oynadı. Birdən-birə, çempionatın gedişində gəlmədi. Gələn mövsüm yəqin ki, daha da dəyişiklik olacaq, amma bu barədə bir söz deyə bilmərəm. Bu, klubun öz işidi. Legionerə icazə verəcəklər, ya verməyəcəklər, bilmirəm. “Sumqayıt”a 4-5 legioner gəlirsə, bu, o demək deyil ki, bütün problemlər həll olunacaq. Yaxud da, bundan daha yaxşı olacaq. Bu cür yanaşmaq da düzgün deyil. Görünür ki, digər klublarımız çox güclənir, daha təcrübəli olurlar. Bu amillər də var.

- Qəribə məqam odur ki, tez-tez deyirdiz ki, dəyişiklik lazımdı, sonda sizinlə yollar ayrıldı. Hazırki nəticələrə nəzərə alsaq, sizcə, rəhbərlik sizcə, atdığı addımdan peşmandı? 
- Rəhbərlik belə qərar verdi. Orada neçə il çalışmışam. Rəhbərlik belə qərar verdi, heç onu müzakirə etmədim. Məşqçi rəhbərlik bir yerə vurmalıdı. Bir yerə vurulmasa, orada nəticə qazanmaq da olmur. Fikirlər üst-üstə düşməlidi, inanmalıdılar. Əgər bir yerdə məşqçiyə inanmırlarsa, o hardasa dayanmalıdı. Ona görə də bunu heç müzakirə də etmədim.

- Bu gün Azərbaycan kubokunda finalçıların adı bəlli olacaq. “Qarabağ” – “Qəbələ” cütündə hər hansı sürprizin olacağını ehtimal edirsiniz, yoxsa “Qarabağ”ın artıq finalda olduğunu düşünürsünüz? Komandanın bu mövsüm “qızıl dubl” etmək ehtimalını necə dəyərləndirirsiniz? 
“Qarabağ” bu mövsüm “qızıl dubl” etmək istəyir. Onlar digər rəqiblərdən daha çox üstündü. Bunu oyunları da onu göstərir. Geniş heyəti var, dəyişiklik olanda da komandada problem olmur. Ölkə kubokunun finalının ilk komandası bəllidi, onlar artıq finaldadı. “Qarabağ” oyun sarıdan da günü-gündən inkişaf edir, komanda dayanmır. Hansısa oyunçuların gedişindən sonra həmin mövqelərə daha keyfiyyətli oyunçular gəlir, gənc futbolçular da inkişaf edir. Toral Bayramov, Musa Qurbanlı, Elvin Cəfərquliyev, İsmayıl İbrahimlinin oyununa baxırıq, daha təcrübəli futbolçular kimi oynayırlar. Kevin Medina keçən ildən bu yana daha yaxşı, daha təcrübəli olub. Demək ki, inkişaf edib. Patrik Andrade bu il möhtəşəm çıxış edir. Marko Veşoviç keçən il bu qədər yaxşı çıxış etmirdi. Bu da ondan irəli gəlir ki, komanda inkişaf edir, öz üzərində çalışırlar, avrokuboklarda təcrübələri artır. Digər komandalarımız güclənmə əvəzinə, aşağıya doğru gedir. Ona görə də “Qarabağ” bu il daha rahat qələbələr qazanır. Bu, “Qarabağ”ın inkişafından irəli gəlir.

- Sabiq komandanız olan “Zirə”nin final şanslarını necə dəyərləndirirsiniz? Bu komanda “Neftçi” ilə ilk oyunda 0-0 oynayıb. "Neftçi" səddini keçə biləcəklər? Penaltilərlə, yoxsa 90 dəqiqə ərzində hər şey həll olunacaq?
- “Zirə” də bu il oyununu daha da yaxşılaşdırdı. Daha da keyfiyyətli oyunçular transfer edildi. Bu da demək olar ki, avtomatik məşqçiyə istədiyi futbolu meydanda göstərməsinə kömək olur. Nə qədər futbolçu keyfiyyətli olarsa, bir o qədər də oyun yaxşılaşır. Məncə, bu il "Zirə" daha yaxşı çıxış edir. Keçən il həm kubokda, həm də çempionatda avrokubok şansını itirdilər. Bu da təcrübə oldu. Yəqin ki, təhlillər getdi. Bu il daha təcrübəlidilər. Həm kubokda, həm də çempionatda şanslıdılar. İlk oyunda, “Neftçi” və “Zirə” bir-birindən çəkinirdi. Amma ikinci oyunda risklər olacaq. İki komanda da ehtiyatlı oynayıb, penaltilərə də qala bilər. Bunları bu oyunda görə bilərik. Mübarizəli oyun gedəcək.

- Azərbaycan Premyer Liqasında avrokuboklara yer verən mövqelərdə əsl mübarizə gedir. “Zirə”, “Sabah”, “Qəbələ” arasında sizcə, sonda avrokuboksuz qalan hansı komanda olacaq?
Məncə, “Sabah” “Qəbələ” gedəcək mübarizə, bu iki komandadan biri getməyəcək avrokuboklara. Amma hər kəs “Qəbələ”nin çətin qrafikdə olduğunu deyir. Məncə, “Sabah”ı da çətin qrafik gözləyir. Onlar çox geridəydi xal hesabında. Amma bura qədər gəlib çatmağın özü də güc tələb edir. Həm də yaxşı oyunla. Futbolçularına baxdıqda görürsən ki, inam gəlib komandaya, özlərinə inanırlar. “Qəbələ”də bir az düşüş oldu. Bəlkə də bu qədər xal fərqini heç kəs inanmırdı azaltsınlar. Amma görürük ki, bizim çempionatda çox şeylər olur. Mənə elə gəlir ki, hər şey son oyunda həll olunacaq. Son oyuna qədər böyük fərq olmamalıdı. Son tura bir-birindən 1-2 xal fərqi ilə girə bilərlər. Amma dediyiniz kimi mən də son matçda final ab-havasında oyun olacağını gözləyirəm.

- Tez-tez mediada fikirlər səsləndirilir ki, Ayxan Abbasovun işsiz günləri çox da uzun çəkməyəcək, ona ehtiyac duyan komandalar olacaq fikrində olanlar az deyil. Təkliflər var artıq? Yeni mövsümdən sizi yeni komandada görəcəyik?
Mediaya təşəkkür edirəm, sağolsunlar. İşə qiymət verirlər, dəyərləndirirlər. Bir məşqçi kimi bu fikirlər mənə motivasiya verir. Görürsən, oxuyursan, dəyərləndirirlər. Yəqin ki, “Zirə”, “Sumqayıt”dakı nəticələrimə biganə qalmırlar. Amma məşqçilik işi belədi ki, ən məşhur, ən yaxşı məşqçilər belə işsiz qala bilirlər. Buna normal yanaşırıq. Harada işləmişəmsə, həmişə klubun mövqeyini, mənafeyini qorumağa çalışmışam, klubun uğuru üçün əlimdən gələni etmişəm. Bugünkü gündə deyim real nəsə var, yalan olar. Xeyirlisi. Görək çempionatda neçə komanda olacaq, təklif gələcək ya, yox deyə bilmərəm. Hansısa komanda nəyisə müzakirə etmək istəsə, bunu edə bilərik. İki komandada 6-7 illik təcrübəm var.

- Əvvəl birlikdə çalışdığınız, sabiq futbolçunuz Saed Rza Bağerpasand yerli mətbuata müsahibəsində sizin haqda bir neçə fikirlər səsləndirib və komandanın uğursuz çıxışında günahlandırmışdı. Onun dedikləri barədə mövqeyinizi bildirmək istəyərdiniz, yoxsa dediklərini önəm vermirsiniz?
Bugünə kimi hansısa futbolçum haqda fikir bildirməmişəm. Həmişə çalışmışam ki, futbolçuları başa düşüm. Futbolçularda da düşüş anı olur. Hansısa futbolçu hansısa fikri səsləndirə bilər. Onsuzda, bütün futbolçuları razı salmaq da olmur. Futbolçu psixologiyası elədir ki, hamı həmişə oynamaq istəyir. Heç vaxt özlərini günahkar saymaq istəmirlər, səhvi həmişə məşqçidə görürlər. Mən də futbolçu olmuşam. Bu, futbolçu psixologiyasıdı. Bəli, Səidi mən dəvət etmişdim “Sumqayıt”a. Oyununu izləmişdim, pis futbolçu deyil. Bu fikrimdə qalıram, özünəməxsus futbolçuydu. Komandamıza gec qoşuldu, toplanışda olmadı. Sanki adaptasiya problemi də oldu. Ən çox o problem oldu ki, pandemiya vaxtı idi, yeni ailə qurmuşdu. İki həftə sonra qayıtmaq istədi İrana. Klub çox çalışdı ki, ailəsini gətirsin buraya, alınmırdı. Hətta mənə qayıtmaq istədiyini demişdi. Onu başa saldım ki, futbolçu elə sənətdi ki, ailədən də uzaq düşə bilərsə, 4-5 ay futbolsuz qala bilərsən, səbr et. Gördüm ki, çətinlik çəkir, onu indi açıqlamaq istəmirəm. Bunlar təsir etdi, sadəcə ona inandım. Bir neçə oyun əsas heyətdə şans verdim. Amma istədiyimiz, gördüyümüz Səidi görə bilmədik. Biz elə bilirdik ki, tam azərbaycanca danışa bilir. Lakin gördük ki, nə ingiliscə, nə azərbaycancası yaxşıdı. Belə problemlər var idi. Səidi mən komandadan uzaqlaşdırmamışam. Bəlkə də qışdan sonra qalsaydım, Səid adaptasiyanı keçmişdi, bəlkə də qışdan sonra daha yaxşı çıxış edərdi. İran çempionatında 6-7 qol vurub. İran çempionatını izləyirəm, orada hər hücumçu belə rahat qollar vura bilmir. Nəsə deyibsə də, öz fikridi. Amma Səidlə və ya başqası ən zəif oynayanda belə, ən çətin vaxtlarında onlara arxa duran mən olmuşam. Bu gün də elə görürsə, elə başa düşürsə, bunu da özünə buraxaq. Ona uğurlar arzulayıram. Qol vuranda, sosial şəbəkələrdə bunu görəndə sevinirəm, inanın. Çünki onda bu potensialı görmüşdüm. Təəssüf ki, bizim liqada bir çox futbolçular böyük klublara gəlib adaptasiyanı keçə bilməyiblər.  Uğursuz olublar, vaxt verməyiblər. Komanda ardıcıl məğlubiyytləri oldu. Bu şeylər ona təsir etdi. Olur belə şeylər. Səidə də uğurlar arzulayıram.

Mirbağırağa

Xəbər xətti