Azərbaycan milli komandasının veteran futbolçusu, “Qəbələ”nin sabiq kapitanı, hazırda isə “Cəbrayıl”ın prezidenti olan Cavid Hüseynov Sportal.az saytına müsahibə verib:
- "Cəbrayıl"ın Regional Liqasındakı işləri necə gedir? "Energetik"lə matçda dava düşdü, rəqib komanda hakimə hücum çəkdi. Matçın bu dərəcədə gərgin keçməsinin səbəbi nə idi səncə?
- Həqiqətən də matç çox gərgin alındı. Biz rəqibi səfərdə məğlub etemişdik. Gərginliyin olması təbii məsələdi. Dörd ildir ki, “Energetik” öz meydanında uduzmurdu. Ona görə onları səfərdə məğlub etdikdən sonra Bakıdakı oyunun çox gərgin alınacağını ehtimal edirdik. Təbii ki, bu cür hadisələrin baş verməsini istəməzdik.
- Yeni mövsümdən komandanın 1-ci divizionda oynaması mümkün olmadı...
- Təbii ki, istəyərdik oynayaq. Həvəskarlarla peşəkar futbol çox fərqlidi. Sözün düzü, həvəskar liqada işləmək mənim üçün çətin olacaq. Çünki mən məsələyə və işə peşəkar yanaşıram. Amma bəzən görürsən ki, futbolçularımızın orada-burada işləməsi, məsələn, çimərlik futbolunda olmaları mənə maneçilik törədir. Həm də həftədə 3 dəfə məşq olanda planlı şəkildə iş görə bilmirsən. Peşəkar komandalardakı kimi hər gün məşq olarsa, bu, başqa məsələ.
- Premyer Liqamızı hər halda izləyirsən. Bu gün kubokda finalçılar bəlli olacaq. "Qarabağ" - "Qəbələ", "Neftçi" - "Zirə" yarımfinalları haqda fikrin necədi?
- Maraqlı oyunlar gedir. Çempionatda da, kubokda da maraqlıd matçlar. Düzdü, son zamanlar “Qəbələ” istənilən səviyyədə çıxış etmir. Nəticələrə görə deyirəm. Bu da normaldı. Çünki komandanın ehtiyat qüvvəsi yoxdu. Ehtiyat qüvvə olmayandan sonra Elmar Baxşıyev nə etsin? Marafon idi, bunu sona çatdırmaq çətin olur. Bir oyunçu cəzalı olanda, onun yerini doldura biləcək gərək ikinci futbolçu olsun. Yaxşı legionerlərdən söhbət gedir. "Qarabağ"- "Qəbələ" cütündə məsələ aydındı. Reallıq bunu göstərir. "Neftç" – "Zirə" matçı isə çox maraqlı olacaq. Zirədəki oyunda da bərabərlik qeydə alınmışdı. Hər iki komandanın şansları eynidi.
- Azərbaycan Premyer Liqasında avrokuboklara yer verən mövqelərdə əsl mübarizə gedir. “Zirə”, “Sabah”, “Qəbələ” klublarından sizcə, hansı sonda avrokuboksuz qalacaq?
- İndidən bir söz demək. “Sabah” yaxşı güc yığıb, hiss olunur ki, arxadan gəlirlər. Xal itirmirlər, oyunlara çıxıb qələbələr qazanırlar. “Qəbələ” ilə eyni xalda olsa da, öz aralarındakı oyuna görə onları qabaqlayır. "Qəbələ"nin də qarşıda çətin oyunları var. Bilmək olmaz, bəlkə "Qəbələ" özündə yenə güc tapıb, nəsə etdi. İndidən proqnoz vermək mənim üçün çətindi.
Mirbağırağa