AFFA İcraiyyə Komitəsinin qərarı ilə yeni mövsümdən "Mingəçevir" və "İmişli" ilə yanaşı "Araz Naxçıvan" da 1-ci divizionda çıxış edəcək. Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov həm bu, həm də komandasının gələcək planları, Premyer Liqa iddiaları ilə bağlı Sportal.az saytına danışıb.
- "Araz Naxçıvan"ın Türkiyəyə toplanışı necə gedir?
- İşlər hələ ki, öz qaydasındadı. Aprelin 26-dan Erzurum şəhərində toplanışdayıq. Üç oyun planlaşdırmışdıq, artıq bir oyun oynadıq. "Yakutyaspor"la oynadıq, onlar da həvəskarlar liqasında çıxış edir, bölgənin ən yaxşı komandasıdı. Onlara 4:1 qalib gəldik. Qarşıda hələ iki oyunumuz var. Şükür Allaha zədəlilərimiz yoxdu. Hər iki matçı da buranın bələdiyyə yığma komandalarına qarşı oynayacağıq.
- Komandanın yeni mövsümdən 1-ci divizionda oynayacağı təsdiqləndi. Naxçıvana böyük futbol qayıdır. Bu haqda sizin fikriniz necədi?
- Həmin xəbəri məşqdən qayıtdıqdan sonra eşitdik. Çox xoş oldu. Planlarımız yavaş-yavaş həyata keçir. Hamımız çox sevincliyik. Naxçıvandan da zəng edib təbrik edənlər oldu. Biz də zəng vurub təbrik etdik. Naxçıvana böyük futbolun qayıdışını naxçıvanlılar böyük səbrlizliklə gözləyir. İnanıram ki, gələn sezondan 1-ci dəstədə "Araz Naxçıvan"ın öz dəst-xətti olacaq, formalaşmış, ideal formalaşmış, nümunə olacaq komanda kimi görəcəyik.
- Demək olar ki, indidən gələn sezonun komandasını qurursunuz?
- Yox. Əlbəttə, bugünkü gündə bu, mümkün deyil. Biz indi Regional Liqada final mərhələsindəyik. Burada transferlər, qaydalar, oyunlar keçirmək bir az az fərqlidi. Böyük ölçüdə heç kimi götürə bilmirik. Amma öz yerli futbolçuların seleksiyasını aparmaq üzrəyik.
- Birinci divizionda komandanın məqsədi çempion olaraq Premyer Liqaya yüksəlmək olacaq?
- Yeni qurulan hər bir komandanın fundamental istəyi Premyer Liqaya yüksəlməkdi. Biz də bacardıqca 1-ci divizionda öz yeni futbolçularımızı Azərbaycan futboluna verməklə, altyapını qurmaqla böyük işlər görmək istəyirik. Bu yaxınlarda akademiyamız da fəaliyyətə başlayacaq. Aşağı yaş qrupundan olan uşaqları əsas komandaya cəlb etməklə işimizi bu məcrada görmək istəyirik.
- Səfər matçlarınızın hamısı uzaq olacaq. Bu, sizi narahat etmirki?
- İlin əvvəlində Naxçıvan Futbol Federasiyasında dəyişillik oldu. Vüqar Abbasovun həm federasiya prezidenti təyin edildi, həm də klub prezidenti. Naxçıvanda böyük işlər görüldü. Bakıdan gələn oyunçularımız çox yüksək səviyyədə şəraitlə təmin olunub. Bugünkü gündə Naxçıvanda böyük futbolun qayıtmasına görə də meydançaların salınması, şəraitin daha da yaxşı edilməsi üçün mühüm işlər görülür. Hər hansı yorğunçuluqdan söhbət gedə bilməz. İşimizi elə quracağıq ki, futbolçularımız yol yorğunçuluğundan tam azad olsun. Rəhbərlik bunu hər tərəfini təmin edəcək.
- Birinci divizionda da komandanın baş məşqçisi siz olacaqsız?
- Bugünkü gündə Regional Liqada oyunlarımızı başa vurmaq mənə tapşırılıb. Amma birinci dəstədə komandanı formalaşdırmaq, yeni komandanın qurulması barədə rəhbərliklə söhbətlərimiz olub. İnanıram ki, gələn mövsümdən komandanı birinci dəstəyə hazırlyacağıq. Döyüşkən, gözəl futbol sərgiləyən yeni komanda quracağıq.
- Komandada legionerler olacaq?
- Birinci dəstədə iştirakımız AFFA tərəfdən təsdiqlənib. Amma birinci dəstənin reqlamenti,oyunçuların yaş həddi, limit məsələsi bilinmədiyinə görə bu barədə danışmağımız tezdi. İnanıram və dəqiq bilirəm ki, yaxşı komanda formalaşdırıb, birinci liqaya tam hazır formada çıxacağıq.