Konfrans Liqasına iki vəsiqə var, üç namizəd: "Sabah"ı daha şanslı görürəm"

10:00 - 5 May 2022

Azərbaycan Premyer Liqasında 25-ci tur “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi, “Neftçi”nin isə böyük ölçüdə ikinci pilləni təmin etməsi ilə nəticələndi. Turun daha bir önəmli hadisəsi “Zirə”nin evdə “Qəbələ”yə gözlənilmədən 0:3 hesablı məğlubiyyəti oldu. Bölgə klubunun qışdan sonrakı enişi çoxlarında “Qəbələ”nin avrokuboklardan kənarda qalacağı fikrini yaratmışdı. Lakin bugünkü qələbə ilə Elmar Baxşıyevin komandası vəziyyətini yaxşıya doğru dəyişə bildi. Onların “Zirə” üzərində qələbəsindən sonra Konfrans Liqasına iki vəsiqə uğrunda üç klub arasındakı mübarizə daha gərgin xarakter aldı.

 

Hal-hazırda 3-cü pillədə olan “Zirə”nin 42, sonrakı yerlərdə olan “Qəbələ”nin 38, “Sabah”ın isə 36 xalı var. Mənzərəni daha aydın təsvir etmək üçün bu komandaların Premyer Liqanın son 3 turunda keçirəcəkləri görüşlərin təqvimini təqdim edirik:

 

        XXVI TUR

 

“Qarabağ” – “Zirə”

“Səbail” – “Sabah”

“Qəbələ” – “Neftçi”

 

       XXVII TUR

 

“Sabah” – “Sumqayıt”

“Şamaxı” – “Qəbələ”

“Neftçi” – “Zirə”

 

        XXVIII TUR

 

“Zirə” – “Şamaxı”

“Qəbələ” – “Sabah”

 

 

Sona 3 tur qalmış turnir cədvəlində yaranmış vəziyyəti Sportal.az üçün dəyərləndirən Aslan Kərimov bizi qarşıda gərgin mübarizənin gözlədiyini dedi:

 

“Xal fərqinə görə “Zirə” digər iki komandadan daha yaxşı durumdadır, amma təqvimə baxanda, Rəşad Sadıqovun komandasını digərləri ilə nisbətdə daha ağır oyunlar gözləyir qarşıda. Lakin “Qəbələ”nin bugünkü qələbəsinə baxmayaraq, “Zirə” və “Sabah”ı bu mübarizədə daha üstün sayıram. “Sabah”ın təqvimi də yaxşıdır, digər tərəfdən son gələn legionerlər komandanı xeyli gücləndiriblər. Onlar gələndən sonra məğlub olmayıblar, hətta “Qarabağ”a da uduzmadılar. Avrokuboklara vəsiqə uğrunda “Sabah”ı daha şanslı görürəm, nəinki “Qəbələ”ni”.    

Xəbər xətti