"Sabah" oyununa görə "Qarabağ" və "Neftçi"dən geri qalmır" MÜSAHİBƏ

00:40 - 6 May 2022

Premyer Liqa sona yaxınlaşdıqca çoxları “Qəbələ”nin tükəndiyinə dair fikirlər yürütməyə başlamışdı. Qeyri-sabit nəticələr, xal itkiləri, qələbəsizlik seriyası bölgə komandasının avrokubok şanslarını xeyli azaltmışdı. Lakin son turda səfərdə “Zirə” üzərində qazanılan qələbə “Qəbələ”nin vəziyyətini yaxşılaşdırmış oldu. Buna görə də, axırıncı 3 tur ərəfəsində komandanın kapitanı Asif Məmmədovla söhbətləşmək qərarına gəldik.

 

Xeyli müddət idi ki, qələbə qazana bilmirdiz, nəticələr yaxşı deyildi. Komandada nə baş verirdi?

Məncə, əsas problem ehtiyat qüvvəmizin güclü olmaması idi. Zədəlilər, cəzalılar olunca, onların yerini doldurmaq mümkün olmurdu. Digər tərəfdən “Şamaxı” ilə qələbə qazanmalı olduğumuz oyunda heç-heçə etməklə sanki bir az da psixoloji olaraq enişə getdik. Bizə dönüş yaratmaq üçün bir qələbə lazım idi ki, “Zirə” ilə oyundan sonra komandaya özünəinam hissi qayıtdı. Qarşıda çətin oyunlarımız var. Nəzərə almalıyıq ki, avrokuboklara vəsiqə qazanmaq uğrunda əsas rəqibimiz olan “Sabah” oyununa görə “Qarabağ” və “Neftçi”dən geri qalmır. Ona görə də, bizim üzərimizə düşən əsas məsələ hər oyuna final matçı kimi çıxmaqdır.

 

Sizin də təqviminiz kifayət qədər çətindir. Belə durumda “Zirə” üzərində qələbəni nəyin hesabına qazandız?   

Bilirdik ki, daha bir məğlubiyyət bizi daha da çətin durumlara gətirib çıxara bilər. Ona görə də, “Zirə” ilə oyunda ehtiyatlı oynamaq tapşırığı almışdıq. Bilirsiz ki, “Qəbələ” daim hücumda oynayan komandadır. Belədə isə müdafiədə boşluqlar verməli olursan ki, bu da növbəti xal itkilərinə səbəb ola bilərdi. Ona görə də, baş məşqçimiz Elmar Baxşıyevin futbolçulara daha təmkinli, daha soyuqqanlı olmaq tapşırığı var idi. Biz də tapşırıqları düzgün yerinə yetirməklə vacib qələbə qazandıq.

 

Ehtimallar belədir ki, Konfrans Liqasına axırıncı vəsiqə son turda “Qəbələ” ilə “Sabah”ın oyununda öz sahibini tapacaq. “Sabah” isə sizin üçün tərs rəqib sayılır. Hər dəfə onlarla oyunlarda çətinlik çəkirsiz. Bu barədə nə düşünürsüz?

Onu düz vurğuladız ki, “Sabah” bizim üçün çətin rəqibdir. Özü də hal-hazırda ən yaxşı komandalardandır. Vəsiqənin taleyini son tura saxlamamağımız daha yaxşı olardı. Lakin istənilən halda sona qədər mübarizəmizi davam etdirəcəyik.

 

Yəqin futbolçular da anlayırlar ki, avrokuboklara düşməklə klub həm də müəyyən qədər vəsait qazanmış olacaq. İndiki durumda “Qəbələ” üçün bu çox vacibdir...

Bizim buna çox ehtiyacımız var. “Qəbələ” kimi klubu yaşatmaq lazımdır. Demək olar ki, Premyer Liqamızın hər klubunda “Qəbələ”nin yetirmələri var. Klubun infrastrukturu, akademiyası da ölkədə ən yaxşıdır. Büdcənin artması yaxşı olardı. Çünki “Qəbələ”nin Azərbaycan futbolunda öz yeri var.

 

Elçin Əlixan

 

 

 

Xəbər xətti