"Araz"ın braziliyalı futzalçısı: "Kadi Borgeslə Bakıda tanış olmuşam, onlar mənim Azərbaycandakı ailəmdi" - MÜSAHİBƏ

15:52 - 6 May 2022

"Araz"ın braziliyalı legionerləri arasında David Qustavo Santosun da adını görmək mümkündü. Naxçıvan təmsilçisinin aparıcı futzalçısını həm də "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgeslə yaxın münasibətinə görə tanıyanlar da az deyil. David Sportal.az saytına müsahibəsində həm ölkəmizdəki karyerasından, həm də Kadi ilə olan münasibətindən danışıb.

- Sabah "Araz" çempionluğunu rəsmiləşdirə bilər. Bu, baş verəcək?
- Biz finala çıxmaq üçün çox çalışmışdıq. Ümumiyyətlə, bu mövsüm çox çətin alındı. Sabah çempionluğu rəsmiləşdirmək üçün var qüvvəmizlə çalışacağıq. Ümidvaram ki, bizdə alınacaq.

- Azərbaycanda futzal çempionatının oyunlarını izləməyə çox az adam gəlir. Səncə, nəyə görə belədi?
- Azərbaycanda futzal mentaliteti kiçikdi. Amma Azərbaycanda hər zaman futzalın azarkeşləri olub. Ümidvaram ki, yenidən əvvəlki kimi olacaq, azarkeşlər tribunaları dolduracaq.

- Maraqlıdı ki, "Araz"da oynamağa gələn legionerlər bir müddət sonra Azərbaycan millisinə cəlb edilsə də, səni hələ ki, yığmaya dəvət etməyiblər. Millidə oynamaq haqda düşünürsən?
- Xeyr, Azərbaycan millisinə heç vaxt dəvət edilməmişəm. Amma Azərbaycan millisində oynamağı çox istəyirəm. İnanın, Azərbaycan millisini, xalqını təmsil etmək mənim üçün şərəf olardı.

- Azərbaycan millisində braziliyalı və ya digər ölkələrdən olan legionerlərin oynamasına müsbət yanaşmayan azarkeşlər də var. Onlar millidə braziliyalılardansa, yerlilərin oynamasına daha pozitiv yanaşır. Bu haqda fikrin necədi?
- Braziliyalıların və ya digər ölkələrdən olan legionerlərə burada Azərbaycan üçün mübarizə apardıqlarına görə minnətdar olmaq lazımdı. Yəni insanların sadəcə pul üçün burada olduğumuzu düşünməmələri lazımdı. 

- "Qarabağ"ın aparıcı futbolçusu Kadi Borgeslə dost münasibətinin olduğunu bilirəm. Onunla münasibətin necə yaranıb? Əvvəldən tanış idiniz, yoxsa Azərbaycanda tanış olmusuz?
- Bəli, Kadi də, Kevin Medina da yaxın dostumdu. Xüsusilə də Kadi Borgeslə yaxınam. O, mənə qardaş kimidi. Xeyr, onları əvvəlcədən tanımırdım. Bakıda tanış olmuşuq və indi onları özümə qardaş bilirəm. Kadi və xanımı ilə ailə kimiyik. Onlar mənim Azərbaycandakı ailəmdi.

- Kadi "Qarabağ"da oynayaraq bir çox klubların diqqətini çəkə bilib. Özünü burada xoşbəxt hiss etdiyini deyir, yoxsa Avropaya yollanmaq niyyətindədi?
- Onun gələcəklə bağlı düşüncələrinin nceə olduğunu bilmirəm. Amma Kadiyə yalnız uğurlar arzulaya bilərəm. Etdiyi möhtəşəm işlərin dünyada da tanınmasını arzulayıram. Kadi yaxşı insan, yaxşı dost, yaxşı qardaş, yaxşı atadı. Yəqin ki, onu gələcəkdə yaxşı işlər gözləyir.

- O da sənin kimi Azərbaycan millisində oynamağı xəyal etmirki?
- Mən özüm haqda deyə bilərəm ki, inanın Azərbaycan millisində oynamağı çox istəyirəm. Amma hər şey məndən asılıdı deyil. Necə olacaq, zaman göstərəcək.


Xəbər xətti