"Şamaxı"nın hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib:
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Bu matçda hansı nəticəyə ümid edirsən?
- Oyunun hazırlığı yaxşı gedir. Çalışacağıq ki, qələbə qazanaq. Çətin oyun olacaq. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik.
- "Şamaxı"nın bu mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Yaxşı deməzdim. Ən azından Avropa Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan komandalar arasında ola bilərdik. Amma bu, futboldur, belə şeylər olur. Önümüzə baxmalıyıq. Əsas odur ki, uğursuzluqdan nəticə çıxarmaq lazımdır.
- Baş məşqçi dəyişikliyi komandaya necə təsir edib?
- Baş məşqçimiz yenidir. Çalışır ki, nələrsə etsin. Amma vaxtı azdır. Mövsümün bitməyinə 3 tur qalıb. Bu müddət ərzində nəyisə dəyişmək çətin olar.
- Mövsümün sonunda "Şamaxı" ilə müqavilən bitir. Komandada qalacaqsan, yoxsa gedəcəksən?
- Hələ bu barədə qərar verməmişəm. Diqqətimi növbəti oyunlara yönəltmişəm. Yəqin ki, qarşıdakı günlərdə komandada qalıb-qalmayacağıma aydınlıq gələcək.
- "Turan Tovuzun" Premyer Liqaya yüksəlməsi haqda nə deyə bilərsən?
- Çox sevinirəm ki, "Turan Tovuz" Premyer Liqada çıxış edəcək. Çünki, neçə ildir rayonda hamı bunu gözləyirdi. Tovuz futbol şəhəridir. Orada çox adamın futboldan başı çıxır və futbolu sevirlər. "Turan Tovuz"a çempionatda uğurlar arzulayıram. İnanıram ki, layiq olduğu yeri tutarlar. Rayonlarımızda komandalar nə qədər çox olsa, o qədər yaxşıdır.
- "Turan Tovuz"dan təklif gəlsə, dəyərləndirəcəksən?
- Hələ ki, mənim "Şamaxı" ilə müqaviləm var, buranı fikirləşirəm. Tovuz mənim doğma şəhərimdir. Onu zaman göstərəcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi