Medianın İnkişafı Agentliyinin layihəsi
YAZI XVIII
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda növbəti müsahibimiz Serbiyada çalışan Milan Antiçdi. Azərbaycan çempionatında iki fərqli klubda 3 ildən çox oynayan Antiç hazırda ölkəsində məşqçi kimi işləyir. “Qəbələ”nin yeni-yeni iddialı olmağa başladığı vaxtlarda bu komandanın aparıcı üzvü olmuş serb, sonradan bir il də “Kəpəz”in uğurları üçün çalışmışdı. Azərbaycan futboluna da yaxından bələd olduğu üçün, onun iki ölkə futbolunun müqayisəsi baxımından səmərəli fikirlərinin olacağını düşündük. Bir müddət Çində də işləmiş Milan Çin, Serbiya və Azərbaycan futbolu arasında müqayisələr aparıb.
- Hazırda tam olaraq işin nədən ibarətdi?
- Serbiyadan Azərbaycana salamlar. Hazırda Serbiyada, şərq bölgəsində UEFA B və A lisenziyalarının verilməsi üzrə məsul şəxsəm. Mən də ölkənin gənc instrukturlarından biriyəm.
- Bir müddət əvvəl Çində də çalışmışdın. Azərbaycanda oynadığın vaxtlarda bizim futbol haqda məlumatın oldu. Ardınca Çindəki məşqçilik karyerası, hazırda isə Serbiyada çalışırsan. Müqayisə aparası olsan, ortaya hansı mənzərə çıxar?
- Keçən ilin sonuna qədər Çində çalışmışam. Dörd il dövlətin peşəkar komandası olan “Beijing Sport University”də işlədim. Bu klub birinci liqada mübarizə aparır. Sonradan isə klubun U-17 və U-19 komandalarında işləyəsi oldum. Ötən il isə akademiyanın texniki direktoruydum. Akademiyada istifadə olunacaq sistemin və təşkilatın yaradılması yönündə işləmişəm. Akademiyada U-12-dən U-19-a kimi 15-dən çox komandamız var idi. 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi kimi isə Çin çempionatında 21 məğlubiyyətsiz oyun keçirərək, ikinci yeri tutdum. Belədə, ölkə kubokunun finalına daxil olduq. Sadəcə, ailə məsələlərinə görə Serbiyaya qayıtmalı oldum. Yoxsa, Çində şərait əla və yüksək səviyyədə idi. Dördü təbii, 5-i süni olmaqla doqquz futbol meydançası olan bazada işləmişəm. Bu, milli təlim bazasıdı. Ümumiyyətlə, Çinin hər yerində futbol üçün infrastruktur əladı. Bütün ölkədə nəzərə çarpan məsələ də budur ki, öncəlik infrastrukturun qurulmasındadı. İndiyə qədər yeddi ölkədə işləmişəm və yaşamışam. Təcrübəm onu göstərir ki, uşaqlar elə hər yerdə eynidi. Olduğum hər bir ölkədə eyni dərəcədə istedadlı oyunçular var. Fərq yalnız onların inkişaf etdiyi mühitdədi.
- İndinin özündə Azərbaycanda serbiyalı mütəxəssislər – Miloş Velebit, Milan Obradoviç çalışır. Onları izləyirsən? Görünən odu ki, onlar da yığmalarımıza kömək edə bilmir...
- Bəli, onların Azərbaycanda çalışmasından xəbərdaram. Miloş Velebitlə şəxsi tanışlığım var. Təəssüf ki, Çinlə Avropa arasındakı saat fərqinə görə Azərbaycan futbolunda nələr baş verdiyini çox da izləyə bilmədim. Miloş Velebitlə danışığımızdan, söhbətimizdən onu bilirəm ki, Serbiyadakı sistemi Azərbaycanda yaratmaq fikri var. Çünki ölkələrimiz aşağı-yuxarı oxşardır. Onu da bilirəm ki, Velebitin Azərbaycan mentalitetinə və mədəniyyətinə uyğunlaşdırılmış sistem yaratmaq baxımından təlimçilər hazırlamaq ideyası var. Bu, uzun prosesdi və eyni fəlsəfəni bölüşüb, onun üzərində çalışmaq istəyən daha çox insan tələb edir.
- Azərbaycan futbolunu yaxından tanıdığına görə soruşuram ki, səncə, bizim uşaq futbolunda nəyi dəyişmək, necə işləmək lazımdı? Məsələn, Serbiyada uşaq futbolunda nə var ki, Azərbaycanda yoxdu?
- Üç mövsüm Azərbaycanda oynamışam. Bayaq dediyim kimi, istedadlı oyunçular hər yerdə var, amma onların inkişaf etdiyi mühit, inkişaf prosesi hər yerdə eyni deyil. Azərbaycanda daha səviyyəli futbolçuların olması üçün kifayət qədər şərait yoxdur. Şərait deyəndə mən futbol bazasını, stadionları nəzərdə tuturam. Baza o zaman mövcud ola bilər ki, uşaq futbolu inkişaf etsin. Baza isə uşaq futbolu inkişaf edəcəyi təqdirdə var ola bilər. Sizin çoxlu meydançanız olsa da, az klubunuz var. Hazırda Serbiyada 19 yaşadək kateqoriyada qeydiyyatdan keçmiş 12 min futbolçumuz var. Bildiyim qədərilə azərbaycanda bu say 400-dü. Bu məlumat artıq onu göstərir ki, uşaq futbolunda sistem qurulmayıb. Bizdə 16 klubdan ibarət Superliqa, 16 klubdan ibarət birinci liqa və hər biri 16-20 klubdan ibarət 4 Regional Liqa, 15-19 yaş arası gənclər kateqoriyasında çox sayda Regional liqalarımız var. Sual belədi ki, Azərbaycan bütün bunlardan nə qazanır? Baxın, hazırda elə əsl göstərici akademiya yaradan, ən yaxşı uşaqları yetişdirmək və nəticə əldə etmək üçün sərmayə qoyan, sonda elə akademiyanın bir çox futbolçusu əsas komandaya cəlb edərək, onları oynadan “Qəbələ”dir. Amma Azərbaycanda təkcə bir klubun belə olması azdı. Bu cür klublar çox olmalıdı. Ümid edirəm ki, “Qəbələ” bu filosofiyadan əl çəkməyəcək. Bir şey dəqiqdir ki, futbolun məktəb dövrü ən çətin dövrdü və oyunçunun əsas komandaya gəlib çıxmasına qədər 10-12 il davam edir. Ona görə də yaxşısı odur ki, futbol məktəblərinə sərmayə yatırmaq üçün bəzi klublar dövlət mülkiyyətində qalsın. Çünki özəl klublar tez-tez fəaliyyətini dayandırır və “sönür”, bu da oyunçulara sərmayə buraxılmaq prosesini dayandırır. Üstəlik, bunlar yeni uşaqları futbol oynamağa cəlb etmir. Çində də oxşar problem var. Onlar hələ də uşaq futbolu üçün bazalar inşa edir, sistemli həll yolu yaratmaqla məşğuldular.
- Azərbaycanda oynadığın dövrdən bizim futbolda yadında qalan pozitiv və neqativ nə idi? Azərbaycan çempionatında 6+5 limiti tətbiq olunur, 21 yaşlı limiti isə yeni mövsüm üçün ləğv edildi. Sizdə hansı limitlər var və gənclərin inkişafı üçün hansı addımlar atılır?
- İnfrastrukturun olması müsbət haldır. Meydançalar və stadionlar yaxşı vəziyyətdədir. İşin mənfi tərəfi klubların çox tez fəaliyyətini dayandırmasıdı. Uşaq futbolu üçün sistemi yaratmaq, onu rayonlar arasında yaymaq, federasiyanı və ya bələdiyyələri rayon mərkəzlərini maliyyələşdirməyə məcbur etmək lazımdır. Futbol sisteminə mümkün qədər çox uşaq daxil etmək lazımdı. Bununla yanaşı məşqçilik təhsili üzərində də çalışın. 6+5 limiti özlüyündə problem deyil. O, gənc futbolçulara kömək etməlidi, amma onların sayı kifayət qədər deyilsə, bu, əks nəticə verə bilər. Serbiya bir 21 yaş limiti oynaya bilər.
- Maraqlıdı ki, azərbaycanlı futbolçular arasında heç Serbiyada oynayanı da yoxdu. Səncə, “Voyvodina”, “Çukariçki” kimi klublarda oynaya biləcək gücdə də azərbaycanlı futbolçu yoxdu?
- Təbii ki, Serbiyada oynaya biləcək gücdə futbolçularınız var. Amma bizdə çoxlu gənc futbolçu var və başqa ölkələrdən gənclərin gətirilməsinə maraq göstərilmir. Bunlar sadəcə məntiqli və maliyyə cəhətdən düşünülmüş addımlardı. Başqa səbəbləri yoxdur.
- Azərbaycana növbəti gəlişin məşqçi fəaliyyətilə bağlı olan bilər?
- Azərbaycanda çoxlu dostlarım var və on il keçsə də, indi də onların çoxu ilə hələ də ünsiyyətdəyəm. Təəssüf ki, bu illər ərzində işlərimin çoxluğuna görə Azərbaycana gəlməyə vaxtım olmayıb. Təbii ki, mən gələcəkdə yenidən Azərbaycanda işləmək istəyərdim. İstənilən yaxşı layihəyə açığam.
- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında “Turan Tovuz” və “Kəpəz”in mübarizə aparacağı rəsmiləşdi. Bu, bizim futbol üçün önəmli addımdı?
- “Kəpəz”də oynamışam və onlara görə sevinirəm. “Kəpəz”in də “Qəbələ” kimi sadiq azarkeşləri var. Azərbaycanda futbola marağın artması üçün AFFA-nın bir neçə klubu Superliqaya qaytarmasının tərəfdarıyam. Amma bu klublar, daxildə sistem qurmalıdırlar. Birinci komandaya rəhbərlik etməklə yanaşı, akademiyanı da inkişaf etdirmək lazımdı. Əgər kimsə Premyer Liqaya qayıdıb, gələn il aşağı liqaya düşürsə, deməli bu, yaxşı qərar deyil.
- “Qəbələ”də oynadığın dönəmlərdə komandada yaxşı legionerlər çıxış edirdi, iddialı durumda idiniz. Bəs, həmin illərdə çempion ola bilməməyinizi nə ilə əlaqələndirirsən?
- Bu, “Mançester Siti”nin nəyə görə 6-cı dəfə Çempionlar Liqasını qazana bilməməsi ilə eyni sualdır. “Qəbələ” hələ çempion ola bilməyib. Bunun bir çox səbəbləri var. Amma vacib məsələ odur ki, “Qəbələ” uzun illərdi düzgün yoldadır və gec-tez titul gələcək. Ümid edirəm ki, Taleh müəllim və hörmət etdiyim Fariz müəllim bundan sonra da akademiyaya sərmayə qoyaraq, istedadlı uşaqların cəlb edilməsinə davam edəcəklər.
- Artıq uzun illərdi ki, Azərbaycanda dominantlıq edən komanda “Qarabağ”dı. Ötən mövsüm “Neftçi”nin çempionluğuna baxmayaraq, Ağdam təmsilçisi bu il də çempionluğu bayram etdi. Bu uğurları komandaya qazandıran Qurban Qurbanovdu. Demək ki, azərbaycanlı mütəxəssislər də işləməyi bacarır və nəticə qazana bilir...
- Bu, əla nümunədi. “Qarabağ” mini sistem yaratdı. Azərbaycanın ən yaxşı oyunçularını toplayaraq, onlarla işləməyə qərar verdi. Qurban Qurbanov bunu çox yaxşı bilir və çox yaxşı edir. Bu, hər kəs üçün ideal yoldur. Sadəcə, uzun müddət federasiyaya yaxşı direktor təyin etmək lazımdır və ona həmfikirlərdən ibarət komanda yaradaraq sistem qurmaq, bütün prosesə nəzarət etmək lazımdı. Nəticə ilə inkişaf arasında balans tapmaq ən çətin məsələdir. Nəhayət, “Qəbələ” və “Kəpəz”də oynadığım azarkeşlərə və klublarıma böyük salamlarımı çatdırıram. Fürsətdən istifadə edərək dostum Nail Kərimovu ad günü münasibətilə təbrik etmək istəyirəm.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.